Məcburi köçkün 6 aydır evsiz qalıb
15 aprel 2009 14:00 (UTC +04:00)

Məcburi köçkün 6 aydır evsiz qalıb

Füzulidən olan məcburi köçkün Vaqif Əliyevlə Əli Həsənovu məhkəməyə verib

“Mən 9 nəfərlik ailəmlə birlikdə ötən ilin oktyabrından məcburi köçkün kimi məskunlaşdığım yaşayış sahəsindən zorla çıxarılmışam. Son 6 ayda yerlə təmin olunmağım barədə müxtəlif dövlət orqanlarına etdiyim müraciət müsbət cavablandırılmayıb. Ona görə də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevi və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovu məhkəməyə vermişəm”.

Füzuli rayonundan olan məcburi köçkün Əjdər Süleymanov Lent.az-a ünvanladığı məktubda belə deyilir. Şikayətçi Yasamal rayon Məhkəməsinə göndərdiyi iddia ərizəsində qeyd edib ki, 1993-cü ildən ailə üzvləri ilə birlikdə Sumqayıtdakı Novxanı bağlar massivində 1762 saylı bağ sahəsində məskunlaşıb. 12 il orada yaşadıqdan sonra bağ sahəsinin istifadəçisi Murad Mahmudov mülkiyyət hüququ əldə etdikdən sonra - 2005-ci ildə Sumqayıt şəhər Məhkəməsində onlara qarşı iddia qaldırıb. Hakim Qafil Baxşıyevin sədrliyi ilə keçirilən məhkəmədə cavabdeh tərəf kimi Süleymanovlar ailəsinin iştirakı olmadan iddia təmin edilib. Belə ki, məhkəmə özünün 21 dekabr 2005-ci il tarixli, 2-2467-2005 saylı qiyabi qətnaməsi ilə Süleymanovlar ailəsinin bağ sahəsindən çıxarılması və qarşı tərəfə 633 milyon manat (AZM) ödəməyi qət edib.

Əjdər Süleymanov bildirir ki, onların apelyasiya şikayətini Sumqayıt Apelyasiya Məhkəməsi 2(105)-541/2008 saylı, 25 iyun 2008-ci il tarixli qətnaməsi ilə
Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi pul tələbinə dair hissədə ləğv edib, bağ sahəsindən çıxarılma tələbinə dair hissədə isə qüvvədə qalıb. Ali Məhkəmənin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyası da zərərçəkənin kasasiya şikayətini təmin etməyib.

Bundan sonra Sumqayıt şəhər Məhkəmə İcraçıları şöbəsinin əməkdaşları icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Akif Zeynalovun göstərişi ilə Süleymanovlar ailəsini müvəqqəti məskunlaşdıqları bağ sahəsindən çıxarıb. Zərərçəkən iddia edir ki, Akif Zeynalovun bu məsələyə müdaxiləsi onun iddiaçı Murad Mahmudovla yaxın münasibətlərinin olmasından irəli gəlir. Əjdər Süleymanov deyir ki, məhkəmə qərarının icra olunması nəticəsində 2008-ci ilin oktyabrından məcburi köçkün olan qohumlarının evində yaşamağa məcbur olublar. Orada isə həyat şəraiti acınacaqlı vəziyyətdədir. Hətta Süleymanovların uzun müddət qohumlarıgildə yaşaması iki ailə arasında kiçik münaqişələrə də səbəb olur.

“Yaşayış yeri ilə təmin olunmağımıza dair Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Vaqif Əliyevə və “Qaçqınkom”un sədri cənab Əli Həsənova müraciət etmişik. Ancaq bu müraciətlər təmin edilməyib” - deyir Əjdər Süleymanov.

Onun sözlərinə görə, bu qurumların məcburi köçkün ailəsinin yaşayış yeri ilə təmin etməkdən imtinası qanunsuzdur. Çünki onların yaşadığı yerdən çıxarılması “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı”na ziddir: “Bu proqramın 16-cı bəndində göstərilir ki, məcburi köçkünlər 1998-ci ilədək məskunlaşdıqları məskunlaşdığı mənzillərdən çıxarıla bilməz. Həmin bənddə göstərilənlərin icrası isə Ədliyyə Nazirliyinə, Ali Məhkəməyə, Baş Prokurorluğa, şəhər və rayon icra hakimiyyətlərinə tapşırılıb. Lakin Sumqayıt şəhər Məhkəməsi öz qərarında prezidentin 17 sentyabr 1998-ci il tarixli 895 saylı sərəncamı ilə təsdiqlənmiş Dövlət Proqramının tələblərini nəzərə almayıb”.


Əjdər Süleymanov bildirir ki, onlar Füzuli rayonunun Zobucuq ərazisində məcburi köçkünlər üçün tikilmiş qəsəbədə evlə təmin olunmaq üçün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə də müraciət ediblər. Ancaq komitə 16 dekabr 2008-ci il tarixli 891 nömrəli məktubu Süleymanovlar ailəsini yeni tikilmiş qəsəbədə yaşayış yeri ilə təmin etməyib. Cavab məktubunda deyilir ki, artıq köçürülmə prosesi başa çatdığından həmin qəsəbədə boş ev qalmayıb. Bundan başqa, Əjdər Süleymanovun həyat yoldaşı da müvəqqəti məskunlaşdıqları yerdən çıxarılmaları ilə bağlı Füzuli rayonundan Milli Məclisə üzv seçilmiş Bahar Muradovaya ərizə ilə müraciət edib. Millət vəkili isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevə analoji məktub göndərib. Ancaq icra başçısının cavab məktubu ümumiyyətlə, problemin mahiyyətinə uyğun olmayıb.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov Lent.az-a açıqlamasında 1998-ci ilədək məskunlaşmış məcburi köçkünlərin yaşadıqları evlərdən çıxarılmasının qanunsuz olduğunu təsdiqləyib. Onun sözlərinə görə, Əjdər Süleymanovun ailəsinin yaşadığı yerdən çıxarılması məhkəmə qaydasından həll olunduğundan komitə bu məsələyə müdaxilə edə bilmir: “Ola bilsin ki, həmin ailə başqa yerdə qeydiyyatda olub. Hər halda, məhkəmə bu qərarı çıxararkən nəyəsə əsaslanıb. Əks halda, belə bir qərar çıxarıla bilməzdi. Bunu mən dəqiq söyləyə bilmərəm”.

O ki qaldı Süleymanovlar ailəsinin Zobucuqda tikilmiş qəsəbədə evlə təmin olunmamasına, komitənin nümayəndəsi bildirib ki, bu mənzillər yalnız çadır şəhərciklərində məskunlaşmış məcburi köçkünlər üçün nəzərdə tutulub.

“Bakıda, bağ evlərində məskunlaşanları belə evlərdə məskunlaşdırsaydıq, onda çadır şəhərciklərindəki məcburi köçkünləri yeni qəsəbələrə köçürmək mümkün olmazdı. Bu qəsəbələr hələlik yalnız çadır şəhərciklərini ləğvi ilə əlaqədar tikilib. Ona görə də biz bağ evindən çıxarılmış ailəyə yeni qəsəbədə yerləşdirə bilmədik” - deyə, Sənan Hüseynov bildirib.

Bununla belə, mətbuat xidmətinin rəhbəri gələcəkdə ictimai binalarda, bağ evlərində və istirahət zonalarında məskunlaşmış məcburi köçkünlər üçün də qəsəbələrin tikiləcəyini deyib. Onun sözlərinə görə, bu qəsəbələr tikildikdən sonra yaşadıqları evlərdən zorla çıxarılmış məcburi köçkünləri yeni evlərlə təmin etmək mümkün olacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1387

Oxşar yazılar