Cəlilabadlı gənci parçalayan bəbir haqlı çıxdı!
15 aprel 2009 11:00 (UTC +04:00)

Cəlilabadlı gənci parçalayan bəbir haqlı çıxdı!

Nazirlik bəyan edib ki, bəbir adama yox, adam bəbirə hücum edibmiş...

“Son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində yırtıcı heyvanların ev heyvanlarına, bəzən isə adamlara hücumlarından bəhs edilən məlumatlar yayılır. 09 aprel 2009-cu il tarixində bir sıra televiziya kanallarında Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş bəbirin Cəlilabad rayonu ərazisində insanlara hücumundan bəhs edilmişdi. Təəssüf ki, bu məlumat da şişirdilib və əhalidə Azərbaycanın nadir fauna növləri barədə qeyri-adekvat fikir formalaşdırıb”.

Lent.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatda belə deyilir. Nazirlik elmi tədqiqatların nəticələrinə əsaslanaraq bəyan edir ki, bəbir insanlara çox nadir hallarda hücum edir: “Yırtıcı heyvanların duyğu orqanları insandan daha güclü olduğundan, onlar insanı uzaqdan hiss edir və onunla qarşılaşmaqdan yayınırlar. Əksər hallarda isə bu hücumların səbəbkarı bilavasitə insanın davranışı və ya “təxribatı” olur. Adətən, belə hallar insanın yırtıcıya uğursuz atəş açması nəticəsində baş verir. Yaralı heyvanlar uzun müddət keçdikdən sonra da təhlükəli olurlar. Belə ki, ov etmək qabiliyyətini itirmiş bu heyvanlar aqressivləşərək, bəzi hallarda insana da hücum edirlər. Nəticədə həmin heyvanlar insanlara aqressiv olaraq təqdim edilir və onların “ovuna” başlanılır. Məhz bu cür səbəblərdəndir ki, respublikamızın faunasına daxil olan bir çox vəhşi heyvan növlərinin nəsli artıq tükənmək təhlükəsindədir”.

Konkret Cəlilabaddakı hadisəyə gəlincə, nazirlik bəyan edir ki, həmin insidentlə əlaqədar araşdırmalar aparılıb və məlum olub ki, yırtıcı heyvanın hücumunun səbəbkarı insanlardır. Hətta şahidlərin dediklərinə və hücumun xüsusiyyətinə görə, həmin yırtıcının bəbir olması da şübhə doğurur.

“Bununla belə, məlumat dəqiqləşdirilmədən və təxirəsalınmadan kütləvi informasiya vasitələri tərəfindən əhaliyə çatdırılıb və bununla da ölkəmizin nadir bioloji sərvətlərindən olan bəbir növü haqqında daha bir yanlış təsəvvür yaradılıb” - nazirliyin məlumatında belə deyilir.

Xatırladaq ki, gecə heyvanı olan bəbirlər əsasən, əhali məskunlaşan ərazilərə yaxın yerlərdə tək-tək yaşayır və gecələr ova çıxır. Lakin gündüz, əsasən də tutqun havalarda da ova çıxması halları qeydə alınıb. Bəbirlər təbiətdə zəif və xəstə heyvanları ovlamaqla xəstəliklərin qarşısının alınması və ekoloji tarazlığın qorunmasında xüsusi rol oynayır. Azərbaycanda bəbirin keçmiş arealı Böyük və Kiçik Qafqazı, Alazan çayı vadisini, Talış və Araz çayının orta hissəsini, bu yaxınlara qədər isə Talışın Azərbaycan hissəsi daxil olmaqla, bütün Kiçik Qafqazı əhatə edirdi. Hazırda bu növ yalnız Talış dağlarında, Zəngəzur, Qarabağ və Naxçıvan dağlarında, son məlumata görə isə Acınohur ərazisində qeydə alınıb.

Nazirlər Kabinetinin “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə Qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr”ə dair qərarın 3.1 maddəsinə əsasən, 1 baş bəbirin ovlanmasına görə dəyən ziyanın miqdarı şərti maliyyə vahidinin 3000 mislidir. Bu isə 3300 manat deməkdir. Nazirlikdə deyirlər ki, bəbirlər Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində ovlanarsa, bu ziyan 2-3 qat artıq hesablanır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1634

Oxşar yazılar