“Aşirətimizin sonuncu davasında 3 nəfər öldü, 30-u yaralandı” - MÜSAHİBƏ
13 aprel 2009 13:30 (UTC +04:00)

“Aşirətimizin sonuncu davasında 3 nəfər öldü, 30-u yaralandı” - MÜSAHİBƏ

Bakıdakı “Büyükfırat” Restoranlar Şəbəkəsinin sahibi Hüseyin Büyükfıratın Lent.az-a müsahibəsi

Dosye: Hüseyin Məhəmməd oğlu Büyükfırat. 1972-ci ildə Türkiyənin Urfa şəhərinin Fərat çayının sahilindəki bir kəndində anadan olub. Türkiyədə 1 il müəllim işləyib. 1992-ci ildə Azərbaycan Tibb Universitetinə qəbul olub, bu ali məktəbin Əczaçılıq fakültəsini bitirib. Həmçinin Azərbaycan paytaxtında soyadını daşıyan “Büyükfırat” Restoranlar Şəbəkəsinin sahibidir. Ailəlidir, iki övladı var. Hüseyin Büyükfırat Bakıda yaşadığı 17 il müddətində Lent.az-a verdiyi ilk eksklüzıv müsahibədə qan davalarından, aşirətlərdən, ağalardan, Azərbaycan paytaxtına gəlişindən və daha nələrdən danışdığını bilmək istəyirsinizsə oxuyun...

- Necə oldu ki, Bakıya gəldiniz?

- Həmin vaxtlar - 90-cı illərin əvvəllərində Azərbaycanda təhsil almağın mümkünlüyündən xəbərim yox idi. Bir dəfə tələbə yoldaşlarımla rastlaşanda bu barədə məlumat verdilər. Dedilər ki, biz Azərbaycanda təhsil almağa gedirik, orada pullu təhsil almaq mümkündür. Həm də həmin vaxtlar Azərbaycandakı insanları görmək maraqlı gəlirdi. Beləliklə, mən həm də o maraq səbəbilə bura gəldim.

- Belə çıxır ki, Azərbaycana təsadüfən gəlmisiniz.

- Bəli, demək olar. Ancaq bizlərdə təsadüfən yox, təvafüq deyərlər. Yəni, Allah yazıb gəlmişəm.

- Gəlməyinizə peşman olmamısınız?

- Yox.

- Bəs “Büyükfırat”ı necə açdınız?

- Mən tələbə idim. Hansı tələbədən soruşsanız, ən çox çətinlik çəkilən məsələlərdən biri yemək-içməklə bağlı olduğunu deyər. O vaxt biz də yemək məsələsində sıxıntı yaşayırdıq. Həm də nəzərə alın ki, 1992-94-cü illərdə vəziyyət tamam başqa cür idi. O zaman fikirləşdim ki, bir ticarət işi görüm. O baxımdan ki, həm də xərclərimi çıxararam. Ümumiyyətlə, ticarətə həvəsim var idi. Məsələn, Türkiyəyə gedəndə bura tanınmış firmaların mallarını gətirib tələbə yoldaşlarıma satırdım. “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında dönər üçün bir yer götürdük. Sonra orada bir dükan boşalan kimi onu da götürdük, fırın düzəltdik. Bununla da Bakıda lahmacun işinə başladıq. Bu işə başlanan gündən camaatın bizim təklif etdiyimiz yeməklərə tələbatı çox oldu. Bakıda təhsil alan türk tələbələr özlərinə doğma sayılan yeməklərdən dadmağa gəlirdi. Azərbaycan əhalisi həmin vaxta qədər lahmacunun nə olduğunu bilmirdi, gəlib soruşurdular ki, bu nədi. Sonra yerli Bakı əhalisi də lahmacun almağa öyrəndi. Bakı sakinləri istiotlu lahmacunu sevmirlər. Ancaq elə müştəri var ki, istiot normadan da çox olsun. Nəhayətdə, Anadolu mətbəxindəki yeməklərdən biri olan lahmacunu Azərbaycana mən gətirmişəm. Sonralar dükanların sayını 2-yə, 3-ə, 4-ə çatdırdıq. Bugünkü gündə də Azərbaycandakı lahmacun yerlərini işlədənlərin bəlkə də 90%-i bizim yanımızdan gedənlərdir.

- Siz özünüz qollarınızı çırmayıb lahmacun hazırlayırdınız, yoxsa yalnız pul yatırmışdınız?

- Yox, mən ancaq pul yatırmışdım, bir də ideya, fikir, göstəriş verirdim.

- Belə çıxır ki, Sizin ailəniz, atanız zəngin olub...

- Bəli, ailəmiz zəngindir. Bizim Beziki adlı aşirətimiz o bölgədə ən imkanlı aşirətlərdən biridir. Bu, Urfada tanınmış bir aşirətdir.

- Ailəniz nə işlə məşğul olub?

- Müxtəlif işlərlə. Atam isə kəndiimizin ağası, həm də imkanlı adamı idi. Onun geniş əraziləri olan torpaqları var.

- Siz “aşirət”, “ağa” deyərkən göz önünə türk filmlərindəki populyar səhnələr gəlir. Filmlər reallığı nə dərəcədə əks etdirir?

- Filmlərdə hadisələr daha çox şişirdilir.

- Filmlərdə adətən kənd ağaları zalım kimi təqdim olunur. Onlar başqasının torpaqlarını mənimsəyir, çalışdırdıqları insanların pulunu vermir. Məsələn, öz atanızı necə xarakterizə edərdiniz?

- Əslində ağaların hər cürü var, ancaq bizim kənddə beləsi yoxdur. Məsələn, kəndin çobanının oğlu istəsəydi bizimlə – yəni ağa oğlu ilə dava edə bilərdi. Ancaq ətrafımızda filmlərdə göstərilən kimi ağalar da vardı.

- Ağalardan qısa da olsa, danışdıq. Bəs “aşirət”lər, filmlərdən tanış olan qan davaları?

- Filmlərdə aşirətlərarası qan davasının 90%-i düzgün olaraq əks etdirilib.

- Sizin aşirətin də belə davaları olubmu?

- Olub.

- Belə davalardan axırıncısı nə vaxt baş verib?

- 3 il əvvəl olub. Bu barədə bütün telekanallarda da xəbər verdilər. Həmin davada 3 nəfər öldü, 30 nəfər yaralandı. Mən bilən, biz tərəfdən nəinki ölən, heç yaralanan da olmamışdı.

- Dava nəyin üstündə olmuşdu?

- Birinin başqasına borcu olub. Qarşı tərəf nə qədər istəsə də borclu borcunu vermək istəməyib. Borcu verən tərəf öz dükanında oturan vaxt – hansı ki, onlar bizim aşirətdən olanlardır – borclular gəlib onların üzərinə hücuma keçiblər. Gəlib deyiblər ki, “lotuyuq, pulunuzu vermirik, siz kimsiniz ki, bizdən pul istəyəsiniz”. Beləcə dava düşüb. Həmin davada biz tərəfdən zərər çəkən olmamışdı. Oraların davası daşla, yumruqla olmur, davada silaha əl atırlar.

- Silah da gərək olsun ki, ondan istifadə edilə...

- (gülür) Silah olur.

- Siz gənc vaxtınızdan Bakıya gəldiyinizdən yəqin aşirətlərarası davalarda da iştirak etməmisiniz.

- Yox.

- Belə demək mümkünsə, qismət olmayıb...

- (gülür) Hə, elədir. Ancaq uşaqlıqda və burada olarkən bu barədə eşitmişəm. Sözün düzü, biz tərəflər (yaşadığı kəndi nəzərdə tutur – P.A.) kifayət qədər sakitlikdir.

- Dava düşən vaxtlarda Urfada olsaydınız qoşulardınızmı?

- Bunu ehtimalla demək olmur, çünki nə cür dava düşəcəyini bilmirsən. Bir şey də var ki, elə davalarda iştirak edib-etməmək insanın öz iradəsilə olmur. Görürsən ki, qardaşın, dayın oğlu, əmin oğlu dava edir. İstədin-istəmədin, gedib davanın içində olursan.

- Deməli orada olsaydınız aşirət davalarına qoşulardınız.

- Əlbəttə, qoşulardım. Bilirsiz, məsələn, Bakının küçələrində hər gün nə qədər dava olur? Çox. Biz tərəflərdə də olur. Ancaq buradakından fərqli olaraq orada dava 2-3 iştirakçı ilə bitmir, 30-40, yaxud daha çox adamın iştirakı ilə olur.

- Heç Bakıda yaşadığınız müddətdə davaya düşmüsünüz?

- Yox.

- Ümumiyyətlə, polislik bir işiniz olubmu?

- Yox, olmayıb. Bizim restoranlarda içki verilmədiyindən böyük dava da düşmür.

- Başqa dövlət qurumları ilə münasibətləriniz necədir?

- Bizim indiyədək heç bir rəsmi qurumla problemimiz olmayıb. Onlar bizi heç vaxt narahat etməyib.

- 4 restoranda ümumilikdə neçə işçiniz var?

- Təxminən 150-200 nəfər.

- İşçiləriniz orta hesabla nə qədər maaş alır?

- Hər halda başqalarından daha çoxdur. Bir də, hər sahənin işçisi gördüyü işə görə müxtəlif məbləğdə alır. Məsələn, bir şeyi deyim, bu həm də “Büyükfırat”ın özəlliklərindən biridir. Paxlava bişirmək üzrə Türkiyənin ən iddialı şəhər Qaziantepdir. Orada çoxlu paxlava ustaları var. Biz Qazientepin ən məşhur yerindəki paxlava ustasını buraya gətirmişik.

- İşçilərinizi cəzalandırırsınız?

- Bəli, hərdən olur.

- Bu, daha çox hansı səbəbdən baş verir?

- Məsələn, elə olur ki, yeməyə duzu çox qatırlar, bu da müştərini narahat edir.

- Sizi zəngin saymaq olar?

- Könül zəngini ola bilərik. Pul cəhətdən, şükür Allaha, kimsəyə möhtac olmadan keçinə bilirik. Ancaq sərvət olaraq zənginliyi soruşsanız, vallah elə bir sərvətimiz yoxdur. Ümumiyyətlə məndə pul yığmaq yoxdur. Qazandığımız pulları burada yatırmışıq, ikinci, üçüncü və dördüncü restoranı açmışıq.

- Son Türkiyə-Ermənistan münasibətləri barədə nə deyə bilərsiniz? Sərhədlərin açılacağı deyilir. Hətta Ermənistanla Türkiyə arasındakı hələ imzalanmamış sazişə əsasən ilk olaraq sərhədin simvolik olaraq həftədə bir dəfə açılacağı da bildirilir.

- Eləmi? Bunu bizimkilər qəbul edibmi?

- Yox, hələ saziş imzalanmayıb, yalnız bu barədə mətbuatda xəbərlər yer alıb.

- Qardaş, bilmirəm bunları yazacaqsan yoxsa yox, ancaq mənə çox tərs gəlir. Sərhədlərin açılmasını qəbul edə bilmirəm. Bu gün Ermənistan Türkiyə torpaqlarının bir qisminə iddia edir. Dünyanın bir sıra parlamentlərində “erməni soyqırımı”nı tanıtdırıblar, bu təbliğatı indi də aparırlar. Yəni, onlar Türkiyə ilə “soyuq müharibə” vəziyyətindədir. Bəlkə də bizim başa düşmədiyimiz incə məqamlar var, ancaq bu, belədir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla işğal etdiyi bütün ərazilərindən çıxmayınca, sərhədlərimizi açmamaqla bağlı indiyədək aparılan siyasətimiz davam etdirilməlidir.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1719

Oxşar yazılar