Təhsil Nazirliyi subasma zonasında nümayəndə göndərəcək
26 may 2010 16:15 (UTC +04:00)

Təhsil Nazirliyi subasma zonasında nümayəndə göndərəcək

Onlar təbii fəlakət bölgəsində buraxılış imtahanlarının keçirilib-keçirilməyəcəyini müəyyənləşdirmək üçün yerlərdə vəziyyəti öyrənəcəklər

“Daşqın bölgəsindəki orta məktəblərdə buraxılış imtahanlarının keçirilməsi ilə bağlı yekun qərar hələ verilməyib. Bu günlərdə Təhsil Nazirliyinin bir qrup nümayəndəsi həmin bölgəyə səfər edəcək və bir daha yerlərdə şəraitlə tanış olacaqlar. Bundan sonra imtahanlar barədə yekun qərar veriləcək”.

Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, bölgəyə ezam olunacaq nümayəndələr valideynlərlə, məktəb rəhbərləri ilə görüşüb onların rəyini öyrənəcəklər. Həmin rayonlarda buraxılış imtahanlarının keçirilib-keçirilməyəcəyi də valideynlərin və təhsil işçilərinin rəyindən asılı olacaq: “İmtahan keçirilsə, bu, necə təşkil olunacaq? Yaxud keçirilməsə, şagirdlərin attestat balına hansı qiymətlər və necə yazılmalıdır? – bunların hamısı müəyyənləşməlidir. Fikrimcə, bu məsələləri valideynlərin, məktəb rəhbərlərinin arzusuna və istəyinə uyğun həll etsək daha yaxşı olar”.

Misir Mərdanov deyib ki, təbii fəlakət bölgəsində buraxılış imtahanları ilə bağlı yekun qərar iyunun ilk günlərində bəlli olacaq. Amma onun sözlərinə görə, Təhsil Nazirliyini əsas problem kimi şagirdlərdən imtahan götürmək maraqlandırmır: “Bizi maraqlandıran ilk növbədə uşaqların sağlamlığı, onların müvafiq bilik və bacarıqlara yiyələnməsidir. İmtahan da buna xidmət eləyən vasitələrdən biridir. Yerlərdən mənə rayon icra hakimiyyətinin başçıları, təhsil şöbəsinin rəhbərləri xüsusi müraciət edirlər ki, orada imtahan keçirmək üçün şərait var. Onlar xahiş edirlər ki, imtahanlar keçirilsin. Bu məni çox sevindirir ki, bir neçə il əvvəl müxtəlif tərəflərdən təzyiqlər olmasına baxmayaraq, hazırda Azərbaycan cəmiyyətində orta məktəblərin buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsinə böyük maraq və istək var”.

Elxan SALAHOV
# 451

Oxşar yazılar