Palçıq vulkanları ilə  Bakıda baş vermiş güclü zəlzələ arasında əlaqə müəyyənləşib
12 dekabr 2012 16:58 (UTC +04:00)

Palçıq vulkanları ilə Bakıda baş vermiş güclü zəlzələ arasında əlaqə müəyyənləşib

Azərbaycanda palçıq vulkanları ilə 2000-ci il 25 noyabr zəlzələsinin əlaqəsinə dair aparılan tədqiqatın ilkin nəticələri açıqlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin aparıcı elmi işçisi Qulam Babayev APA-ya bildirib ki, tədqiqatlar 25 noyabr zəlzələsinin episentrindən 100-200 km radiusda Şamaxı-Qobustan ətrafı və Abşeron yarımadasında mövcud olan 15-dək palçıq vulkanında aparılıb: “Araşdırmalar sübut edib ki, vulkanların püskürməsinin zəlzələlərə aidiyyatı var. Amma bu əlaqənin statik və ya dinamik gərginliyinin dəyişməsindən baş verməsi ilə əlaqədar tədqiqatlar davam etməkdədir”.

Q. Babayev deyib ki, tədqiqatlar zamanı 2000-ci il 25 noyabr zəlzələsindən əvvəlki və sonrakı 5 il ərzində palçıq vulkanlarının aktivliyi öyrənilib: “Şamaxı- Qobustan və Abşeron yarımadasında olan vulkanlar zəlzələdən 5 il əvvəldən başlayaraq püskürüb. Lakin bu püskürmələr zəlzələdən sonrakı 5 il ərzində daha da intensivləşib. Zəlzələdən sonra vulkanların sayı və intensivliyi 2-3 dəfə artıb. 10-15 vulkanın tədqiqatı bizə bu nəticəyə gəlmək qənaətini verib”.

Q. Babayevin sözlərinə görə, Lökbatanda 25 noyabr zəlzələsi 6 bal gücündə hiss edilib. 2001-ci il oktyabrın 21-də isə Lökbatan palçıq vulkanı püskürüb: “Bunu öyrənmək lazımdı ki, bu püskürmə zəlzələdənmi əmələ gəlib, yoxsa elə vulkanın püskürmə sikli yetişib? Bu növ tədqiqatlar aparılır və aparılacaq. Son illərdə vulkanlarla zəlzələlərin əlaqəsinə dair tədqiqatlar genişlənib. Lakin hələ “Vulkanmı zəlzələyə təkan verir, yoxsa zəlzələlərmi vulkanları oyadır” sualına cavab tapılmayıb. Bunun üçün geniş sahəli tədqiqatlar aparılmalıdır”.

Qeyd edək ki, Geologiya İnstitutu və İtaliyanın Bikokka Milan Universiteti Azərbaycanda palçıq vulkanları ilə zəlzələlərin əlaqələrini öyrənir. Bu niyyətlə Qulam Babayev oktyabrın 12-də İtaliyaya səfər edib və iki ay müddətində bu ölkədə müştərək tədqiqatlar aparılıb. Tədqiqatlar “Abşeron yarımadasında palçıq vulkanizmi və seysmikliyin əlaqəsinin qiymətləndirilməsi məqsədilə yeni üsulların işlənilməsi” mövzusu altında Kariplo Fondunun dəstəyi ilə həyata keçirilir. Məqsəd Abşerondakı palçıq vulkanlarının dinamik və statik gərginliyinə səbəb olan şəraitin 2000-ci il noyabrın 25-də Xəzər dənizində baş vermiş güclü zəlzələdən qabaq və sonrakı inkişafını müasir üsul və yanaşmalarla öyrənmək, sonra isə qiymətləndirməkdir. Tədqiqatların yekun nəticələri yanvarın sonlarında açıqlanacaq.
# 2003

Oxşar yazılar