TQDK sədri: “Dərslik siyasətində dönüş olacaq ” – MÜSAHİBƏ
21 noyabr 2012 11:33 (UTC +04:00)

TQDK sədri: “Dərslik siyasətində dönüş olacaq ” – MÜSAHİBƏ

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin APA-ya müsahibəsi

TQDK 20 il ərzində istifadə edilən test nümunələrini ictimaiyyətə açıqlayacaq

- TQDK-nın yaranmasının 20 ili tamam olur. Komissiyanı və Sizi bu münasibətlə təbrik edirik. 20 illik yubileyi hansı yeniliklərlə qarşılayırsınız?

- TQDK 1992-ci ilin iyun ayında yaradılıb. Noyabr ayında isə Azərbaycanda ilk test imtahanı keçirilib. Biz bu ay faktiki olaraq ilk imtahanın 20 illiyini qeyd edirik.

Komissiya 20 illik yubileyini əliboş qeyd etmir. Noyabrın 22-24-də Bakıda bu münasibətlə böyük beynəlxalq konfrans keçiriləcək. TQDK-nın 20 illik tarixinə həsr olunmuş kitab çap olunub. Eyni zamanda 5 il ərzində aparılan elmi araşdırmaların yekunu olaraq qəbul imtahanlarının məzmununun inkişaf dinamikasına həs olunmuş 11 adda vəsait bu günlərdə çapdan çıxıb. Bu kitablarda hər bir fənn üzrə 20 il ərzində inkişaf dinamikası öz əksini tapıb. Test imtahanlarında edilmiş struktur dəyişikləri və istifadə edilən test tapşırıqlarının ümumi təhlili, 1992-ci ildən indiyədək imtahanlarda istifadə edilən test tapşırıqlarının nümunələri verilib. Kitabda həmçinin bu ilin qəbul imtahanlarında istifadə edilən test tapşırıqlarının elmi-metodiki təhlili və təqdim edilən variantlar da verilib. Beləliklə, biz ictimaiyyətə Azərbaycanda 20 il ərzində imtahanda istifadə edilən bütün testləri açıqlayırıq. Bu kitab müəllimlərə, metodistlərə, pedaqoji ictimaiyyətə ünvanlanıb.

- Növbəti 20 il üçün TQDK-nın əsas prioritetləri hansılardır?

- Çox zaman ictimaiyyətdə belə çağırışlar səslənir ki, test sistemi təkmilləşməli, testlər dəyişməlidir və s. Faktiki olaraq bu məsələlər yalnız elmi-metodiki müstəvidə müzakirə olunmalıdır. Ona görə də biz konfransın ikinci günü, yəni ayın 24-də dəyirmi masa keçirəcəyik. Biz istəyirik bu müzakirələri elmi müstəvidə keçirək. Çünki bütün dəyişikliklərin elmi əsasları olmalıdır, elmi əsasları olan dəyişiklikləri sonra hüquqi müstəviyə keçirmək, onun əsasında qayda formalaşdırmaq və tətbiq etmək mümkündür. Bütün pedaqoji ictimaiyyətə müraciət etmişik. Onların hamısını elmi müstəvidə müzakirələrə dəvət edirik.

İndiki zamanda qiymətləndirmə ilə əlaqədar çoxsaylı yeniliklər tətbiq olunur. XXI əsrin öz tələbləri var. Bu əsrdə gənclərin öz həyatlarını qura bilməsi üçün məsuliyyət və uyğunlaşma, kommunikativ imkanlardan istifadə etməyi bacarmaq, yaradıcılıq, elmi sevmək, yeni və müxtəlif fikirlərə açıq olmaq, tənqidi təfəkkür, informasiya və media ilə işləməyi bacarmaq, yeni informasiyanı yaratmaq, komandada işləmək, problemi qoymaq və həll etmək kimi bacarıqları, biliklərini monitorinq etmək, sosial məsuliyyət kimi keyfiyyətlər tələb olunur. İnsanların bu bacarıqlarını imtahanda yoxlamaq çox çətindir, amma bu məsələ üzərində işləmək lazımdır. TQDK gələcəkdə öz işini necə quracaq, biz hansı növ imtahanlar keçirəcəyik? Nə etmək lazımdır ki, bizim imtahanlarda seçdiyimiz insanlar XXI əsrdə özlərinə iş tapa bilsinlər? Bu sualların üzərində biz indi fikirləşirik. Müəyyən model və təkliflər hazırlayırıq. Bu model və təkliflərin elmi müzakirəsinə biz hazırıq.

“Test üsulunu kiminsə istəyinə görə ləğv etmək mümkün deyil”


- Yeni hazırlanan “Ali təhsil haqqında” qanunda Azərbaycanda test üsulu ilə qəbulun məzmununun dəyişdiriləcəyi bildirilir. Bu, nə dərəcədə həqiqətə uyğundur?

- Mən də bu barədə mətbuatda oxumuşam. Ona görə də mən heç bir fikir səsləndirə bilmərəm. Amma belə təkliflər varsa, onların arxasında elmi fikirlər durursa, onları səsləndirmək üçün TQDK-nın noyabrın 23-24-də keçirəcəyi konfrans çox yaxşı bir tribunadır.

- Testin Azərbaycanda 20 ildir tətbiq olunur, amma hələ də test üsulunun ləğv olunacağı ilə bağlı fikirlər səslənir. Bu, sadəcə kimlərində arzusudurmu, yoxsa Azərbaycanda test üsulu ləğv edilə bilər?

- Biz istərdik ki, hər bir insan öz arzusuna çatsın. Amma bu insanlar kimə nə arzulayırlar? Test üsulunun ləğvi deyəndə nəyi nəzərdə tuturlar? Konkret olaraq təşkilatın ləğvini, yoxsa mərkəzləşmiş imtahanların keçirilməsinimi? Təhsil sahəsində olan problemləri həll etmək üçünmü bunu arzulayırlar, yoxsa ayrı məqsədlərlə? Bu suallar açıq qalır. Təbii ki, biz test üsulu deyəndə çoxsaylı imtahanları nəzərdə tuturuq. Bu imtahanların formaları tədricən dəyişəcək. Mərkəzləşmiş buraxılış imtahanlarında yazı işlərindən daha çox istifadə edəcəyik. Kompyuter vasitəsilə imtahan keçirilməsini nəzərdə tuturuq. Bu, bizim gələcək planlarımızdır. Açıq testlər, müxtəlif növ yazı işlərini biz imtahanlarda təqdim etməyə hazırıq və mərhələ-mərhələ təqdim edəcəyik. Burada yalnız imtahanın forması dəyişə bilər. Amma mərkəzləşmiş qaydada eyni standartlara cavab verən, bir standartla biliyin qiymətləndirilməsi təhsil sistemi üçün çox vacib mərhələdir. Onu kiminsə istəyinə görə ləğv etmək mümkün deyil. Gəlin bu məsələləri siyasiləşdirməyək. Test pisdirsə, onda niyə ali məktəblərdə semestr imtahanlarını test üsulu ilə keçirməyə başlayıblar? Nə üçün orta məktəblərdə Təhsil Nazirliyi özü vaxtilə mərkəzləşmiş buraxılış imtahanlarını, indi isə müəllimlərin işə qəbul imtahanını testlə keçirməyə üstünlük verir? Bu suallara hər bir insan özü-özlüyündə cavab versin. Biz “Bu sahədə dünyada olan yenilikləri Azərbaycanın təhsilinə töhfə vermək üçün necə tətbiq etmək lazımdır?” kimi sualların üzərində işləyirik və bu suallara cavab axtarırıq.


Azərbaycanda mərkəzləşmiş buraxılış imtahanlarının keçirilmə qaydasında dəyişiklik ediləcək



- Gələn il mərkəzləşmiş buraxılış imtahanları ilə bağlı qaydalar oktyabr ayında təsdiq olunmalı idi. Bu qaydalar təsdiq olunubmu?

- Qaydalar hələ təsdiq olunmayıb. Biz öz təkliflərimizi iyun ayından hökumətə təqdim etmişik. Bu qaydalar hazırda Təhsil Nazirliyi ilə bizim aramızda razılaşdırma mərhələsindədir. Müəyyən məsələlər var ki, onlarla əlaqədar biz öz təkliflərimizi təqdim etmişik. Bu təkliflər hələlik hüquqi müstəvidə öz təsdiqini tapmayıb. Prezidentin fərmanı ilə TQDK-ya verilən səlahiyyətləri TQDK hansı formada həyata keçirəcəyini özü müəyyən etməlidir. Bu, fərmanda açıq-aşkar yazılıb. Bu təkliflər TQDK tərəfindən Nazirlər Kabinetinə təqdim olunub.

- Mərkəzləşmiş buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi ilə bağlı Sizin fikirləriniz necədir?

- Hazırda şagirdlərin attestatlarına yazılan yekun qiymət təkcə buraxılış imtahanının qiyməti deyil. Buraxılış ili və ondan əvvəlki il üçün olan illik qiymətlər attestat qiymətlərinin 2/3-ni təşkil edir. Attestat qiymətlərinin qalan 1/3-ni isə bizim buraxılış imtahanının nəticəsi təşkil edir. Buraxılış imtahanlarının nəticələrinin qəbul imtahanları ilə müqayisəli təhlilində gördük ki, Ana dili və Riyaziyyat fənlərindən həm buraxılış, həm qəbul imtahanları verən uşaqların bilik səviyyəsi müqayisə olunanda korelyasiya əmsalı 0,8-dən yuxarı oldu. Bu o deməkdir ki, həmin imtahanların nəticələri tam uyğundur və elmi əsaslarla aparılıb. Amma attestat qiymətlərinin qəbul imtahanlarının nəticələri ilə uyğunluğunu görmürük. Bizim qiymətləndirmə üsullarımız məktəbdə aparılan qiymətləndirmədən daha dəqiqdir. Bu qiymətləndirmə üsullarından istifadə edib buraxılış imtahanlarını keçirə bilirik. Bu üsullardan istifadə edib addım-addım qəbul imtahanlarında da təkmilləşdirmə apara biləcəyik. Amma ilk növbədə buraxılış imtahanında təkmilləşdirmə işi aparılacaq. Buraxılış imtahanında yazı işinə geniş yer verilməsi nəzərdə tutulub. Yazı işləri buraxılış imtahanında test sualları ilə eyni vaxtda aparıldıqda, onun nəticələrini yoxlamaq xeyli vaxt aparır. Ona görə belə bir model təklif olunub ki, yarım il əvvəl - III rübün başlanğıcında Ana dilindən yazı iş aparılsın. Şagirdlər buraxılış imtahanına gələndə artıq yazı işlərinin nəticələri əldə olacaq və buraxılış imtahanının nəticəsi yazılı işin nəticəsi və test imtahanının nəticəsi ilə birgə müəyyənləşdirilib elan olunacaq.

- Gələn il mərkəzləşmiş buraxılış imtahanlarında imtahan fənlərinin sayının artırılacağı ilə bağlı xəbərlər nə dərəcədə həqiqətə uyğundur?

- Əvvəlcə gərək bu qaydalar təsdiq edilsin ki, biz imtahanın modelini ictimaiyyətə təqdim edək. Bu gecikmə bizdən asılı deyil. Ona görə də biz gələn ilin imtahan modelini açıqlaya bilmirik. Ən azı iki il hazırkı modelin qalmasının tərəfdarıyıq. Amma yazı işlərinin yoxlanılmasında formaca müəyyən dəyişikliklər ediləcək.

- Ötən buraxılış imtahanlarında hər fəndən 5 suala cavab verən şagirdlərə “3” qiyməti yazıldı. Bu il bu qaydanın necə olacağı gözlənilir?

- Elmi nöqteyi-nəzərdən 30 sualdan 8 suala cavab verənə “3” qiyməti yazılmalıdır. Ümumi səviyyəyə baxıb biz bu qərarın üzərində dayandıq. İmtahanlardan sonra sualların çətinlik dərəcəsi ilə bağlı nə ictimaiyyət, nə də müvafiq nazirlik tərəfindən heç bir irad yox idi. Məcburiyyət qarşısında 5 suala cavab verən uşaqlara “3” yazdıq. Əks halda, bu qiymətləndirmə zamanı xeyli uşaq müsbət qiymət və nəticədə attestat ala bilməyəcək, ictimai həyatdan uzaqlaşacaqdı. Ümidvarıq ki, növbəti il nəticələr daha yaxşı olacaq.

IX illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında imtahan fənlərinin sayı azala bilər

- Gələn ilin qəbul imtahanlarında attestat qiymətləri nəzərə alınacaq?

- Biz bu istiqamətdə bir neçə model üzərində işləyirik. Bu modeli buraxılış imtahanlarına daxil edəndən sonra müəyyən qruplarda müəyyən fənlərə attestat qiymətlərini nəzərə ala bilərik. Ana dili bütün qruplarda var. IX siniflərdə buraxılış imtahanları Ana dili və riyaziyyatdan keçirilir. IX illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları Ana dili, Riyaziyyat və Azərbaycan tarixindəndir. Seçim əsasında Azərbaycan tarixindən imtahan vermək istəyən məzun o imtahanı versə, biz onu o qiymətlərlə texnikuma qəbul edə bilərik. Yəni məzun buraxılış imtahanında Azərbaycan dili və riyaziyyatdan müsbət qiymət alır, Azərbaycan tarixini də seçməklə kollecə imtahan verməmiş qəbul oluna bilər. Biz buraxılış imtahanında olan suallarla texnikuma qəbul imtahanlarında nəzərdə tutulan suallar arasında bu riyazi əlaqəni müəyyən edib balları uyğunlaşdıra bilirik. Əvvəlki illərin məzunları qəbul imtahanları da verib və onların da nəticələrini müqayisə etmək mümkündür. Bu riyazi model də bizdə var. Ola bilsin ki, bu il ilk addım kimi IX illik bazadan orta ixtisas müəssisələrinə qəbul imtahanlarında bunu tətbiq edəcəyik. Mərhələ-mərhələ imtahanlar arasında olan fərq aradan qaldırılacaq. Müəyyən ixtisaslar var ki, gələcəkdə o ixtisaslara müsabiqə imtahanları lazım olmayacaq. Onlar buraxılış imtahanlarının nəticələri ilə ali məktəblərə daxil ola biləcəklər. Amma müəyyən ixtisaslar var ki, orda yenə də müsabiqə vəziyyəti olduğundan qəbul imtahanları lazım olacaq. Bu məsələlər bir il ərzində həll olunmur. Hər ilin nəticələrinə dair elmi müzakirələr aparılması bizə hansı istiqamətdə addım atmağın daha səmərəli olduğunu göstərir.

- Qəbul imtahanlarında imtahan fənlərinin sayının azalacağı gözlənilmir?

- Attestat imtahanlarının nəticələri və uşaqların bilik səviyyələri hələ ki, bu istiqamətdə hər hansı qərar qəbul etmək üçün bizə əsas vermir.

- Mərkəzləşmiş və qəbul imtahanlarının elmi-statistik təhlilinə başlanılıbmı?

- Mərkəzləşmiş buraxılış imtahanlarının statistik təhlili aparılıb. Onun nəticələri ölkə rəhbərinə və prezident yanında Təhsil Komissiyasına təqdim olunub. “Abituriyent” jurnalının 12-ci sayında isə qəbul imtahanlarının ümumi statistik təhlili təqdim olunacaq. Onun bir hissəsi buraxılış imtahanlarının statistik təhlilinə həsr olunub.

TQDK-da hər bir fənn üzrə Elmi Şuralar yaradılacaq

- TQDK-da dərsliklərin monitorinqi ilə bağlı şöbə formalaşıb və artıq I-V sinif dərsliklərinin monitorinqi başlayıb. İlkin nəticələr necədir?

- Bu ilin aprel ayında cənab prezidentin fərmanı ilə TQDK-ya tamamilə yeni səlahiyyətlər verilib. Bu səlahiyyətlər bizim qarşımıza çox böyük vəzifələr qoyur. Bildiyiniz kimi, 2005-ci ildən ölkə prezidentinin fərmanı ilə TQDK-ya ali məktəblərin magistraturalarına qəbul aparmaq tapşırıldı. Biz 7 il bu istiqamətdə işləyib artıq müəyyən bir imtahan modelinə gəlib çatmışıq. Artıq 2 ildir ki, tamamilə yeni bir imtahan - rezidenturaya qəbul aparırıq. Artıq bu sahə də ciddi irəliləyişə nail olmuşuq. TQDK-ya həvalə olunan yeni istiqamət orta məktəblərdə yekun qiymətləndirməni və orta məktəb dərsliklərinin monitorinqini aparmaqdır. İndiyədək TQDK tərəfindən imtahanın məzmununda səhvlərin qarşısını almaq məqsədilə dərsliklərin monitorinqi aparılırdı. İndi isə dərsliklərlə bağlı monitorinqlər tamam yeni istiqamətdə aparılacaq. Artıq bu şöbə tam formalaşıb və fəaliyyətə başlayıb. Bu sahədə müzakirələr artıq aparılır. Monitorinqin ilkin mərhələsi olan ictimai müzakirələri biz artıq təşkil etmişik. Bu müzakirələrdə müxtəlif bölgələrdən adi və orta məktəb müəllimləri çox canfəşanlıqla qoşulublar. Biz buna çox şadıq. O müəllimlərin hər birində vətəndaş məsuliyyəti çox yüksəkdir. TQDK-ya dərsliklərlə əlaqədar minlərlə müraciət daxil olub. Onların hər birinin üzərində çox ciddi iş aparılır. İctimai müzakirələr aparılandan sonra hər bir fənn üzrə geniş Elmi Şuralar yaradılacaq. Elmi Şuralarda ictimai müzakirələrdə səslənən fikirlər təhlil ediləcək. Elmi Şuralara hər bir fənn üzrə müxtəlif mütəxəssislər, AMEA alimləri, yaş psixologiyası, dil üzrə mütəxəssislər cəlb olunacaq. Şuraların dərsliklərlə əlaqədar nəticələri ictimaiyyətə çatdırılacaq və Təhsil Nazirliyinə göndəriləcək. Təbii ki, o Şuralara dərsliklərin müəllifləri də dəvət olunacaq. Ümid edirik ki, monitorinqin nəticələrini dərslik müəllifləri və nəşriyyatlar nəzərə alacaqlar. Bununla da Azərbaycanda dərslik siyasətində müəyyən dönüş baş verəcək. Çünki dərslik ictimai müzakirəyə çıxarılanda müəlliflərin məsuliyyəti artacaq. Müəlliflər fikirləşəndə ki, onlara qarşı heç kim heç zaman səs çıxarmayacaq, məsuliyyət də hiss etmirlər. Ona görə də dərsliklərdə səhvlər gedir. Çox dərsliklərdə dil üslubu uşaqların yaş səviyyəsinə uyğun deyil, uşaqların yaş psixologiyası nəzərə alınmır. Amma dərsliklərdə səhv anlayışı olmamalıdır. Dərslik hər bir ailəyə gəlib çatır. Ona görə də dərsliklər ideal olmalıdır. Ümidvaram ki, dərsliklərlə bağlı uğur əldə edə biləcəyik, çünki ölkə rəhbərliyi və ictimaiyyət bizim işimizi çox dəstəkləyir. Biz bunu ilkin müzakirələr zamanı gördük.

Gələn il yeni regional bölmələrdə qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur

- TQDK-nın yeri yaranan regional bölmələri tam formalaşıbmı? Daha hansı rayonlarda regional bölmələr yaratmaq fikriniz var? Gələn il qəbul imtahanları həmin regionlarda da keçiriləcəkmi?

- TQDK-nın yeni yaranmış Ağcabədi, Şirvan və Göyçay regional bölmələrinə rəhbərlər təyin olunub, onlar üçün binalar ayrılıb. Həmin bölmələrə işə qəbul olmaq istəyən namizədlər üçün müsabiqə keçiriləcək. Yeni təşkil olunan bölmələrə həmin rayonlardakı müəllimlərlə müəyyən işlərə başlamaq tapşırığı verilib. Mən özüm artıq Göyçay rayon şöbəsində olmuşam. Növbəti ezamiyyəm Ağcabədi və Şirvana olacaq. Yerli əhali üçün bizim şöbələrin bu rayonlarda olması vacibdir. Bilirsiniz ki, bizim imtahanlar təkcə Bakıda yox, regional bölmələr olan bütün rayonlarda da aparılır. Bizim şöbələrimiz nə qədər tez tam fəaliyyətə başlasa, bir o qədər də tez həmin bölgədə qəbul imtahanları aparmağa hazır olacağıq. Göyçayda artıq imtahan bazası üçün müvafiq binaların vəziyyəti qiymətləndirilib. Qəbul imtahanları aparmaq üçün bu rayonda müvafiq şərait var. Ağcabədi və Şirvanda da olandan sonra biz bu qərarları qəbul edəcəyik. Buraxılış imtahanlarından başqa qəbul imtahanlarının coğrafiyası da genişlənəcək və 3 rayon da ora əlavə olunacaq. Gələn il yeni regional bölmələrdə qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur.

- Bu il buraxılış sinif şagirdlərinə elektron attestatların verilməsi prosesi necə həyata keçdi? Gələn il bu prosesdə hansısa yeniliklər etmək fikriniz varmı?

- Bu prosesin birinci mərhələsi elektron bazanın yaradılmasıdır. Elektron formada əmrlərin verilməsi və o əmrlərə attestatlara aid olan məlumatların daxil edilməsi bu il həyata keçirilmişdi. Bunu bir xidmət kimi vətəndaşlara vermək üçün vətəndaşların özünün də elektron imzası olmalıdır. Bu istiqamətdə biz iş aparırıq. Belə bir xidməti biz “Elektron dövlət” portalına yerləşdirməyə hazırlaşırıq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3968

Oxşar yazılar