“Davasız-şavasız belə təklif verilə bilərdi”-MÜSAHİBƏ
09 noyabr 2012 21:33 (UTC +04:00)

“Davasız-şavasız belə təklif verilə bilərdi”-MÜSAHİBƏ

Noyabrın 7-də Milli Məclisin altı komitəsi hökumət nümayəndələri ilə birgə 2013-cü ilin dövlət büdcəsini müzakirə ediblər. Deputatlar elmə, təhsilə ayrılan vəsaitin azlığını, maaşların artırılmasının lazım olduğunu deyiblər.

Həmin müzakirələrin iştirakçısı olan, parlamentin Mədəniyyət komitəsinin üzvü, BDU-da kafedra müdiri, professor Nizami Cəfərov Azadlıq Radiosuna bu barədə danışıb.

«BÜDCƏ MÜKƏMMƏL TƏRTİB EDİLİB»

- Siz necə bilirsiz, elmə, təhsilə ayrılan vəsaiti artırmaq lazımdırmı?

- Bu söhbət həmişə olur. Büdcə mükəmməl tərtib edilib. Yəni, burda hər hansı təbəqənin maaşını qaldırmaq, digərlərini ikinci ya üçüncü plana keçirmək mümkün deyil. Büdcə texnologiyası baxımından mümkün deyil. Amma bu gün Azərbaycanda elmə ayrılan vəsait kifayət qədər çoxdur. Əvvəla. bilavasitə elmə ayrılan vəsait var, bir də müxtəlif qurumlar, fondlar vasitəsilə xeyli vəsait ayrılır. Milli Elmlər Akademiyası güclü elmi təşkilatdır. Burda ciddi tədqiqatlar aparılır. Humanitar elmlər sahəsində xeyli yüksəliş var. Bizim alimlərimiz dünya miqyasından geri qalmırlar. Təbii, hamı istəyər ki, maaşlar artırılsın. Amma burda balans lazımdır. Bir də daha çox elmi tədqiqatla məşğul olan, gələcəyin böyük alimi kimi gördüyümüz alimlər maliyyələşdirilməlidir. Hamıya eyni maaş verilməsi düzgün deyil.

- Nizami müəllim, dediz ki, elmə yetərincə vəsait ayrılır. Amma Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov büdcə müzakirələrində deyib ki, dissertasiya oxutmaq üçün ekspertə 13 manat verilir və bu yerdə plagiat da olacaq. Necə bilirsiz, 13 manata dissertasiya oxumaq olarmı?

- Dissertasiya oxuyan ekspertlər Ali Attestasiya Komissiyasının işçisi deyil. Ali Attestasiya Komissiyasının işçilərinin maaşları yetərincə yüksəkdir. O ekspertlər kənardan dəvət olunur, onlar Akademiyanın, universitetlərin işçiləri, müəllimləridir. Onların öz işləri, maaşları var. Bu isə ikinci dərəcəli işdir. Əlbəttə, yaxşı olardı elə imkanlar olsun ki, hər bir dissertasiya oxumağa görə 13 manat yox, lap 100 manat versinlər. Amma iş burasındadır ki, onlar elm adamlarıdır. Onlar bircə dəfə dissertasiyaya baxanda, onun plagiat olub-olmadığını bilirlər.

- Plagiatı müəyyənləşdirmək belə asandırsa, necə olur ki, plagiat əsərlərin artması haqda son zamanlar daha çox danışılır - həm Ali Attestasiya Komissiyasının sədri səviyyəsində, həm başqa alimlər səviyyəsində...

- Çünki bizim məsuliyyətimiz artıb. Sovet dövründən bəri o çox yüksək işlər kimi təqdim olunan dissertasiyalarda plagiatlıq indikindən dəfələrlə çoxdur. Fikrin özü plagiat idi. Elə hamı eyni şeyi yazırdı, Lenin belə dedi, Engels elə dedi. Amma bu gün məsuliyyət var, dünyanın təcrübəsini öyrənirik. Bir də plagiatın olub-olmadığı asan bilinir, internetdə informasiya resursları açıqdır. Ona görə də, mərəkə açmağa ehtiyac yoxdur. Bu məsələləri maliyyə ilə qarışdırmağa da ehtiyac yoxdur. Amma Ali Attestasiya Komissiyasının sədr müavini dedi ki, maaş qaldırılsın. Davasız-şavasız belə təklif verilə bilərdi Nazirlər Kabinetinə və buna orda baxıla bilərdi.

- Siz Azərbaycan elminin inkişafından danışırsız. Amma son illər təkliflər var ki, Azərbaycanda texniki elmlərin inkişafı mümkün deyil - kimsə fizika, kimya sahəsində Nobel alası deyil və bəlkə də bu institutlara maliyyə ayırmaq lazım deyil. Onları bağlamaq gərəkdir. Bu təklifin əsası varmı? Son illər hansı elmi uğur var ki, Azərbaycan elmi bununla fəxr edə bilər?

- Bu gün Yusif Məmmədəliyevdən də güclü alimlərimiz var. Onlar da işləyir. Ancaq onunla da razıyam ki, bu gün Azərbaycanda dünya miqyaslı tədqiqatlar aparmaq üçün laboratoriyalar, cihazlar yoxdur. Riyaziyyatla məşğul olan alimlərimiz, atom fizikası, cihazqayırma sahəsində müxtəlif yerlərdə çalışan mütəxəssislərimiz var. Ölkəyə də nüfuz gətirirlər. Ancaq yerlərdə kəskin qərar qəbul edək ki, ya bizim milyon dollarlara başa gələn laboratoriyalarımız olsun, ya da bağlayaq, bu mümkün deyil. Hansı səviyyəyə qədər mümkündür tədqiqatlar aparılmalıdır, əlbəttə, tədricən inkişaf etdirməklə. Vəsait də gücümüz çatan qədər ayrılmalıdır. Bizim büdcə sosial yönümlüdür. Bu, bizim kefimizdən irəli gəlmir. Bu, yeni müstəqillik qazanan ölkənin reallığından irəli gəlir.

- Həmin müzakirələrdə xaricdə təhsil alan tələbələrlə bağlı məsələlər də müzakirə edilib. Mübariz Qurbanlı deyib ki, tələbə təhsilinə ayda 1700 dollar xərcləyir, amma Bakıya gələndə, 400-500 manat maaş alır. Onun dediyinə görə, on min tələbə xaricdə oxusa da, gəlib burda işləməyəcəklər.

- Doğrudur, o da reallıqdır. Sadəcə, imkanlar məsələsi var. Siyasət də budur ki, bunlara birinci növbədə imkan yaradılsın. Ancaq nəzərə almaq lazımdır ki, dünya bazar iqtisadiyyatı dünyasıdır. Bu da ona gətirir ki, özəl qurumlar onlara daha çox pul təklif edir. Ancaq dövlət də onların arxasınca getməyə məcbur olur.

- Növbəti büdcədə bunlar nəzərə alınacaqmı?

- Büdcədə hər il artım olur, bu dəfə də nəzərə alınır. Ancaq kəskin artımlar mümkün deyil.
# 1098

Oxşar yazılar