Azərbaycanda Poçt Günü qeyd edilir
09 oktyabr 2012 12:24 (UTC +04:00)

Azərbaycanda Poçt Günü qeyd edilir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, 1874-cü ilin məhz bu günündə dünyanın əsas beynəlxalq poçt təşkilatı – Ümumdünya Poçt İttifaqı (ÜPİ) yaradılıb.

Hər il poçt 380 milyarda yaxın məktub və təxminən 6 milyard poçt bağlaması və göndərişini ünvanına çatdırır. ÜPİ-in baş direktoru Eduard Dayan müraciətində dünya ictimaiyyətini Ümumdünya Poçt Günü münasibətilə təbrik edərək qeyd edib ki, poçt cəmiyyəti – daima dəyişən elektron dünyanın ayrılmaz hissəsidir, poçt xidmətləri sadəcə olaraq bu dəyişikliklərə şahidlik etmir, onlar həm də burada fəal iştirak edirlər. Təşkilat rəhbəri vurğulayıb ki, poçt xidmətləri hazırkı qloballaşan dünyanın açdığı yeni imkanlardan, o cümlədən elektron ticarətdən yararlanmalıdırlar.

Azərbaycanda da Poçt Günü geniş qeyd edilir. Azərbaycanın milli poçt operatoru – “Azərpoçt” MMC bu əlamətdar gün münasibətilə bir sıra bayram tədbirləri keçirir. Bayram münasibətilə Gəncə şəhərində və Samux rayonunda lazımi müasir avadanlıqlarla təchiz edilən poçt şöbələrinin yeni binaları istifadəyə veriləcək. Bundan başqa, respublikanın bütün poçt şöbələrində bayram tədbirlərin keçirilməsi nəzərdə tutulur.
# 740

Oxşar yazılar