“Həkim qıza sataşdığı üçün o ermənini döyüb şikəst elədilər...” - XATİRƏ
13 sentyabr 2012 16:28 (UTC +04:00)

“Həkim qıza sataşdığı üçün o ermənini döyüb şikəst elədilər...” - XATİRƏ

Növbəti müsahibimə zəng edəndə, açığı, öyrəşdiyim “əsgərlikdə olmamışam” cavabını eşitməyə hazırlaşırdım. Amma telefonda sözü konkret oldu: “Nə vaxt istəyirsən, danışaq...”

Lent.az-ın “Əsgər gündəliyi” rubrikasının növbəti qonağı “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadədir. 1985-1987-ci illəri əhatə edən hərbi xidmət həyatının özünəməxsusluğu o olub ki, o, əkiz qardaşı İlqarla birgə eyni hərbi hissədə, eyni bölükdə xidmət edib.

Vüqar Gəncəli oğlu Rəhimzadə 1967-ci il mayın 24-də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Saltaq kəndində anadan olub. 1984-cü ildə Saltaq kənd orta məktəbini bitirərək həmin ildə əkiz qardaşı İlqar ilə birgə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) axşam şöbəsinə qəbul olub. 1985-ci ilin yaz hərbi çağırışında əsgərlik yaşları çatan əkiz qardaşlar sovet ordusunda hərbi xidmətə yollanıblar.

Eyni vaxtda onlar da daxil olmaqla 100-dən artıq azərbaycanlı əvvəlcə Xarkov şəhərinə, oradan isə xidməti hissəyə - İrkutsk vilayətinin Zima şəhərinin kənarında, sıx meşəlikdə yerləşən inşaat təyinatlı hərbi hissəyə gediblər.

“.... o qədər kövrəldim ki...”

Həmsöhbətim deyir, hərbi hissə qalın meşəliklə əhatə olunmuşdu və inşaat hissəsi olaraq xidmətləri də kimya zavoduna işləmək idi: “O zavodda işləmək çox da asan deyildi, o qədər çətin idi ki, bunu təsəvvür etmək belə mümkün deyil. O ərazidə xeyli sayda cəzaçəkmə müəssisələri vardı, hara baxırdıqsa dustaqları görürdük. Bura adətən “zek”lərin məskəni deyirdilər.

Həmin zavodlarda gündüz dustaqlar, gecələr isə adətən biz işləyirdik. Hərbi hissədə sərt qayda-qanun vardı. Xidmətimiz o qədər gərgin idi ki, bəzən sabaha ümidimiz belə olmurdu. Qış o qədər sərt olurdu ki, bəzən ikiqat “buşlat, vatnik” geyinirdik... Elə olurdu ki, qalın geyim ucbatından hətta hərəkət edə bilmirdik.

İlk günlər bütün bunlar bizə dözülməz gəlirdi. Mən fikirləşirdim ki, bir daha geri qayıtmayacam. Fikirləşirdim ki, elə sonumuz buradır. Kəndimiz, evimiz, ailə, qohum-əqrəba mənə yuxu kimi gəlirdi... Amma yavaş-yavaş alışdıq.

Təxminən 2 ay keçəndən sonra evimizdən ilk məktubu aldıq. Məktubu açmazdan əvvəl onun iyini burnuma çəkdim. Evimizin iyini duyanda o qədər kövrəldim ki, gözlərim doldu”.

Müsahibim deyir ki, bu çətinliklərə baxmayaraq, hərbi hissənin yemək-içməyi çox yaxşı idi, heç ev yeməklərindən fərqlənmirdi: “Yumurta, qızardılmış balıq, donuz salası, kompot, kisel və s. daimi menyumuz idi”.

Sovet ordusunun keçmiş əsgəri bildirir ki, hərbi hissədə köhnə əsgərlər arasında azərbaycanlılar da var idi: “Biz onları görəndə sevindik ki, həmyerlilərimizi tapdıq. Amma onlardan Sadiq adlı əsgərin mənə qarşı hərəkəti bu sevinci alt-üst etdi. Hərbi hissəyə çatan kimi biz gənc əsgərlərin saçını qırxdıqdan sonra hamama daxil olduq. Əynimizdəki mülki paltarları təhvil verib, hərbi forma geyinməli idik. Bu zaman cibimdə olan 40 manatı (rubl) qoymağa yer tapmadım. Bunu görən həmin köhnə azərbaycanlı əsgər Sadiq pulu saxlamaq üçün məndən aldı. Ancaq hamamdan çıxandan sonra o pulu geri qaytarmadı...”

“O hərbi hissənin “ağa”sı idi…”

Həmsöhbətim deyir üzünü ilk dəfə əsgərlikdə olarkən təraş edib: “Hərbi xidmətə qədər üzümə ülgüc vurmamışdım. Lakin əsgərliyin ilk günlərində bir-iki serjant üstümə düşdü ki, üzünü qırxmalısan. Dedilər bunu etməsən “naryad”a gedəcəksən. Ona görə də üzümü qırxmağa məcbur oldum. Amma sonralar hərbi hissədə hörmətim o qədər artmışdı ki, artıq bığ saxlayırdım və kimsə buna qarışmırdı...

Ümumiyyətlə, olduğumuz hərbi hissə o qədər qəribə və təhlükəli idi ki, burada hər an istənilən əsgər heç nəyin üstündə həbs oluna bilərdi...”

Vüqar müəllim deyir, hərbi hissədə əkiz qardaş olduqlarına görə onlara xüsusi hörmət etməyə başlayıblar. İlk gündən göstərdikləri nizam-intizam zabit və serjantlar arasında bu hörməti daha da artırıb. Buna baxmayaraq, elə ilk gündən çoxmillətli sovet ordusunun etnik “razborka”sı burada da özünü göstərib: “Burada SSRİ-yə daxil olan bütün millətlərin nümayəndəsi var idi. Hərbi hissədə ruslardan sonra çoxluğu gürcülər təşkil edirdi. Gürcülərdən sonra isə say çoxluğu bizə aid idi. Ən az isə yaltaq, qorxaq ermənilər idi. Ermənilər hər zaman kimə istəsən baş əyməyə hazır idilər. Qazaxlar, özbəklər, qırğızlar, moldavanlar, ukraynalılar, Baltikyanı ölkələrdən olanlar və sair demək olar ki eyni sayda idilər. Ümumi alayın komandiri moldavan idi - polkovnik Qriqori Çeban.

Hərbi hissədə ən çox hegemonluq edən çeçenlər idi. Sayları az olmasına baxmayaraq, onlarla qarşı-qarşıya heç kim gəlmək istəmirdi. Xüsusilə Ruslan adlı biri vardı, demək olar ki hərbi hissənin “ağa”sı idi. Bütün ayrı-ayrı bölüklərdə qeyri-rəsmi qaydaları o tənzimləyirdi…

Biz azərbaycanlılarla qardaş kimi idi.

“Gürcülərə ağ elədiklərini bildirmişdik ki…”

Bizim digər millətlərdən olan əsgərlərlə problemimiz olmurdu. Amma gürcülər qətiyyən biz azərbaycanlılarla yola getmirdilər. Bilmirəm nədən idi, demək olar ki, hər addımda gürcülər ilə azərbaycanlılar arasında kütləvi dava düşürdü. Adlarını çəkmək istəmirəm, bizimlə eyni vaxtda gedən azərbaycanlılar arasında özünü yaxşı aparmayan, zəif əsgərlər də vardı. Əslində bu xarakterli əsgərlər bütün millətlərin nümayəndələrindən var idi. Əvvəldən özlərini hərbi hissədə dikbaş aparan gürcülər ilk gündən bizim bu əsgərlərə “ilişməyə” başladılar. Bir səhər yatağımızı qaydaya salan zaman gürcülər öz işlərini bizim əsgərlərə gördürmək istədilər. Həmyerlilərimizə qarşı bu hərəkəti görən kimi biz-bir qrup azərbaycanlı dözə bilmədik. Dərhal yaxınlaşıb gürcülərə ağ elədiklərini bildirmişdik ki, onlar kütləvi şəkildə üstümüzə düşdülər, “taburetka” davası başladı….
O yadımda qalıb ki, güclü kütləvi dava oldu, bizi güclə ayırdılar… Hətta yaralananlar var idi...

Gürcülər ondan sonra bizimlə “qanlı-bıçaq” oldular və eyni zamanda ehtiyatlı davranmağa başladılar. Amma əllərinə fürsət düşən kimi bizimlə dalaşırdılar. Biz də onları cavabsız qoymurduq, onların ən dikbaşını seçib gecələr ayaq barmaqları arasında kağız yandırır, üzünə diş pastası sürtürdük...

Ümumiyyətlə, xidmətin sonuna qədər onlarla bizimki “tutmadı”…

“Sən necə ermənisən ki, erməni dilini bilmirsən?!”

Vüqar müəllim deyir, gürcülər istisna olmaqla, nəinki digər millətlər ilə problemləri olmurdu, hətta çoxları ilə möhkəm dostluq edirdilər. Bu dostluqda ruslar daha çox seçilirdi.

Onun sözlərinə görə elə olub ki, dəfələrlə özbəklər, qırğızlar arasında oğurluq edənlər olub, amma bu da sonda münasibətin pozulmasına gətirib çıxarmayıb. V.Rəhimzadə maraqlı bir nüansa toxundu. Hərbi hissənin bərbəri köhnə erməni əsgər Ohanesyan familiyalı birisi idi. Burada daha çox onu yaltaq, qorxaq kimi tanıyırdılar: “Bizimlə birgə Azərbaycandan gedən gənc əsgərlər arasında Gəncədən (o vaxtkı Kirovabad) olan Qriqoryan familiyalı bir erməni də var idi, Gəncədə doğulub-böyümüşdü.
Biz hərbi hissəyə çatan gün növbə ilə həmin Ohanesyana saçımızı qırxdırırdıq. Növbə bu Qriqryana çatdı. Ohanesyan bildi ki, bu da ermənidir. Ondan nəsə ermənicə soruşdu və gördü ki, Qriqoryan cavab verməkdə çətinlik çəkir. Anladı ki erməni olsa da, ermənicə bilmir. Bundan əsəbiləşən Ohanesyan özünü saxlaya bilməyib ona:

- Sən necə ermənisən ki, erməni dilini bilmirsən?! – deyib məzəmmət etdi…

Qriqoryan ona izah etməyə çalışdı ki, o Azərbaycanda doğulub-böyüyüb, ermənicə heç vaxt danışmayıb. Təbii ki, onun bu cavabı Ohanesyanı qane etmədi. Ümumiyyətlə, Ohanesyanın erməni vəhşiliyi bununla bitmirdi, çox əməllərin sahibi idi… O, hərbi hissədə özünü sakit aparmayıb, yaltaqlığı, qorxaqlığı ilə yanaşı nizam-intizamsızlığı ilə də seçilirdi. Sonda elə oldu ki, Ohanesyan hərbi hissənin tibb bacısına sataşdığına görə bir rus əsgər onu vəhşicəsinə döyərək şikəst etdi. Buna görə də vaxtından əvvəl “komissovat” olundu...”

Vüqar müəllim onlarla Bakıdan gedən digər bir erməni əsgər haqqında daha maraqlı əhvalat danışır: “Bizimlə bərabər Bakıdan hərbi xidmətə çağırılan Artur Baqdasaryan adlı bir erməni də vardı. Ona tez-tez Bakıdan valideynləri tərəfindən bağlamalar göndərilirdi. Baqdasaryan guya bizə bağlı olduğu üçün ona göndərilən bağlamaları bizsiz açmırdı. Mən əvvəl fikirləşirdim ki, onu buna vadar edən hansısa dostluq sevgisidir, amma vaxt keçdikcə hiss etdim ki, bunu qorxusundan edir - bizdən özünə dayaq kimi istifadə etmək istəyir…

Baqdasaryan bir erməni qız da sevirdi. O, kişilikdən uzaq tərzdə sevgisini bizim yanımızda çox düşük ifadələrlə büruzə verirdi. Ohanesyan, ardınca da Arturun bu hərəkətləri o vaxtdan bir millət kimi ermənilər haqda iyrənc rəy yaratdı… Sonralar anladım ki, zənnimdə yanılmamışam...

“Onun heyfini məndən aldılar...”

Həmsöhbətim deyir ki, ağır iş rejimi, çətin xidməti olan hərbi hissə olmasına baxmayaraq əkiz qardaş olmaları ilə yanaşı, nizam-intizama tam riayət eləmələri onların nəinki əsgərlər arasında, zabitlər arasında da hörmətlərini ikiqat artırırdı. Məhz bunun nəticəsi olaraq az keçməmiş qardaşı İlqara serjant rütbəsi verilir.

- Bəs sizə nə əcəb verilməyib?

- (Gülür) O vaxt bir balaca intizamsızlığım oldu, ona görə mənə rütbə verilmədi.

- Nə olmuşdu?

- Bir gün səhər bölük idmandan qayıdırdı. Elə olmuşdu ki, soyuq dəyməsin deyə mülki gödəkcə geyinmişdim. Hiss etdim ki, bu tağım komandirimizi qıcıqlandırır. Sadəcə, uşaqlar arasında hörmətli əsgər olduğum üçün dillənə bilmirdi. Kazarmanın pilləkənlərini qalxanda elə oldu ki, ani olaraq onunla dalqabaq düşdüm. Bu zaman gözləmədiyim halda o məni arxadan çəkərək özünə yol açmaq istədi. Az qala yıxılırdım. Əsəblərimə necə toxundusa dözə bilmədim, tez qalxıb zabit olmasına baxmayaraq onun pilləkəndən aşağı itələdim. O bunu dərhal bölük komandirinə məruzə etdi və komandir də yerindəcə məni cəzalandırdı. Onsuz da hərbi hissədə kimisə cəzalandırmağa bəhanə axtarırdılar...

“Buna görə peşman deyiləm…”

Vüqar müəllim deyir ki, hərbi xidmət dövrü o qədər sarsıntılı, ağır keçib ki, danışdığı yaşantılarının kiçik bir hissəsidir: “Artıq bizdə elə düşüncə yaranmışdı ki, inana bilmirdik nə vaxtsa evə qayıda bilərik. Fikirləşirdik ki, sonda bir şeyi bəhanə edib bizi həbs edərək burada saxlayacaqlar. Hətta xidmət vaxtımız bitəndə bizi Kazana gətirib hərbi biletlərimizi təqdim edəndə belə inana bilmirdik, deyirdik bu saat yığıb geri qaytaracaqlar.

Ona görə də əsgərlikdən qayıtdıqdan sonra həm qardaşım, həm də mən artıq əsgərliyə qədər olan insanlar deyildik, kifayət qədər “bişmişdik”. Bir sözlə, hərbi xidmət bizə həyatı dərk etməyi, müstəqil yaşamağı öyrətdi. Qeyd edim ki, həmin çağırışda ən gec gedən biz olsaq da, evə ən tez buraxılan da biz olduq”.

- Sovet ordusunda xidmət etdiyinizə görə peşman deyilsiniz ki?

- Yox! Qətiyyən peşman deyiləm, niyə də peşman olum ki?! O vaxt hamımız SSRİ vətəndaşı idik və bizim də borcumuz orduda xidmət etmək idi. Əlbəttə, müstəqil Azərbaycan ordusunda xidmət etmək çox şərəfdir, öz doğulduğun torpağı, böyüdüyün vətəni qorumaq, onun keşiyində durmaqdan şərəfli nə ola bilər?

- Sonralar Qarabağ döyüşlərində iştirak etmisiniz?

- Döyüşçü kimi yox, amma jurnalist kimi cəbhədə çox oldum... Biz əsgərlikdən qayıdandan sonra daxil olduğumuz ali məktəbdə təhsilimizi davam etdirdik. Ali məktəbi bitirdikdən sonra mənim yolum qardaşımdan ayrıldı - mətbuatda çalışmağa başladım. Elə o dövrdə də jurnalist kimi həm Qazax, Tovuz, Tərtər, Füzuli, Ağdam, Beyləqan, Naxçıvan və digər cəbhə bölgəsində tez-tez oluram.

Fikrimcə, hər bir kişi mütləq hərbi xidmət keçməlidir. Çünki hərbi xidmət hər bir şəxs üçün əsil həyat məktəbidir. Burada qazanılan təcrübə, keçilən yol insanı daha da möhkəmləndirir, müstəqil həyata hazırlayır.

Mübariz Aslanov

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5381

Oxşar yazılar