Şəhərsalma və Tikinti Məcəlləsi  təsdiqləndi
07 sentyabr 2012 12:29 (UTC +04:00)

Şəhərsalma və Tikinti Məcəlləsi təsdiqləndi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında qanunun qüvvəyə minməsi barədə fərman verib.

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, fərmana əsasən şəhərsalma və tikinti sahəsində bələdiyyələrin səlahiyyətlərinə, şəhərsalma və tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair müddəalar - həmin məsələlərlə bağlı müvafiq qanunlar qəbul edildikdə, tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair müddəa Məcəllənin qüvvəyə mindiyi gündən 3 il sonra qüvvəyə minəcək.

Şəhərsalma və Tikinti Məcəlləsi 2013-cü il yanvarın 1-dən qüvvəyə minir. Məcəllənin qüvvəyə mindiyi gündən “Şəhərsalmanın əsasları haqqında” qanun ləğv edilir. Şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır.
Məcəllə qüvvəyə minənədək qüvvədə olan ərazi planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə hüquqi qüvvəsini saxlayır.
Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə Məcəllənin müddəaları şamil olunmur. Bu cür ərazi planlaşdırılması sənədləri barədə onların sifarişçiləri Məcəllədə nəzərdə tutulmuş qaydada ictimaiyyətə ətraflı məlumat verməli və həmin sənədləri öz saytlarında dərc etməlidirlər.

Məcəllə qüvvəyə minənədək torpaq islahatı ilə bağlı torpaq sahələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada kənd ərazilərində naturada işlənilmiş və təsdiq edilmiş yerquruluşu planları müfəssəl planlara bərabər sayılır. Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətində qüvvədədir. Məcəllə qüvvəyə minənədək tikintiyə icazə verilməsi üzrə başlanılmış icraat Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə də Məcəllədə nəzərdə tutulmuş müddəalar şamil olunur. Məcəllə qüvvəyə minənədək tikintisinə icazə verilmiş, lakin Məcəlləyə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu yaşayış evlərinin tikintisinə nəzarət Məcəlləyə uyğun olaraq həyata keçirilir. Məcəllə qüvvəyə minənədək ekspertizadan keçirilmiş, lakin icrasına başlanılmamış tikinti layihələrinə dair ekspert rəyləri tikintiyə icazənin qüvvədə olduğu müddətdə etibarlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5075

Oxşar yazılar