Seçkidə iştirak etməmək – boykotu bacarmamaq deməkdir...
18 avqust 2008 19:12 (UTC +04:00)

Seçkidə iştirak etməmək – boykotu bacarmamaq deməkdir...

Azərbaycanda bu ilki prezident seçkiləri əvvəlkilərdən xeyli cəhətləri ilə fərqlənəcək. Ötən preizdent seçkilərində müxalifət ya seçkilərə qatılaraq aktiv şəkildə prosesdə iştirak edir, ya da eyni fəallıqla boykot yolunu tuturdular. Seçki ən nəhəng siyasi proseslərdən sayılır. Siyasi partiyaların da təsis edilməsi, fəaliyyəti əsasən bu prosesdə iştirak etmək üçün hesablanır. Eyni qaydada, siyasi təşkilat əsaslandırılmış şəkildə seçkini boykot edə bilər. Amma bu il ölkənin bir çox siyasi təşkilatları nə seçkidə iştirak, nə də onu boykot edir. Qərar seçkidə iştirak etməməkdən ibarətdir. Bu, Azərbaycan üçün yenilikdir. Seçkidə iştirak etməməyi aktiv siyasi fəaliyyət hesab etmək olarmı?

Tükənməyən tərəddüd...

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin keçmiş sədri, prezidentliyə namizədliyini irəli sürən Qulamhüseyn Əlibəyli bunu “loyal mövqe” adlandırdı.

Seçkidə iştirak etməyən təşkilatlar isə prosesi müşahidə edib-etməyəcəkləri ilə bağlı son qərarı hələ verməyiblər. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, o, seçkilərin müşahidə edilməsinin tərəfdarı olsa da hələ ki, partiyada bu barədə son qərar verilməyib.
Belə məlum olur ki, həm partiya daxilində, həm də partiyalar arası formatda bu məsələ ilə bağlı tərəddüdlər var. Seçkidə iştirak etməyən partiyaların əməkdaşlıq mərkəzinin yaradılacağı barədə məlumatlar dolaşır. Böyük ehtimalla, bu mərkəz yaradıldıqdan sonra hər hansı qərar veriləcək. Bəs seçki prosesində iştirak etməyən tərəfə prosesi müşahidə etməyə qanun imkan verirmi?

Hamının müşahidə hüququ var...

İxtisasca hüquqşünas olan Q.Əlibəyli deyir ki, qanun müşahidə üçün məhdudiyyət qoymur: “Hər bir siyasi təşkilatın və qeyri-hökumət təşkilatının seçkiləri müşahidə etmək hüququ var. Hansısa təşkilat bütün Azərbaycan üzrə müşahidə aparmaq istəyirsə, Mərkəzi Seçki Komissiyasına müraciət etməlidir. Yox, yalnız bir dairəni seçirlərsə, o zaman elə həmin Dairə Seçki Komissiyasına müraciət etmək kifayətdir”.

Seçki Texnologiyaları İnstitutunun rəhbəri Şirzad Məmmədlinin fikrincə, seçki prosesinin müxalifət tərəfindən müşahidə edilməsi xeyli insan resursu tələb edir. Bundan başqa, bütün seçki prosesi boyunca passiv olan tərəfdaşlara prosesin sonunda “aktivləşin, müşahidə aparaq” deməyin özünü də effektli hesab etmirlər. Texnoloqun sözlərinə görə, seçki elə bir prosesdir ki, burada tərəfdaşlar tədricən hərəkətə gəlirlər. Yəni tərəfdaşlar liderin prosesdə iştirak etmədiyini bildikdə aktivliyə meyilli olmurlar, hətta müşahidə etsələr belə bunun sonda hansısa bir siyasi uğurla nəticələnməyəcəyini bildiklərindən bu işə də qoşulmaq istəmirlər. Həmsöhbətimin fikirlərinə görə, tərəfdaşlar lider olmasalar belə sadə insanlar da deyillər, onlar əhəmiyyətsiz işə girişməzlər.

Boykotu da bacarmaq bir işdir...

Partiyaların qərarlarında boykot yox, iştirak etməmək formasından istifadə eilməsinin səbəblərinə gəlincə, Q.Əlibəyli aşağıdakıları söylədi: “Bizimkilər söz oyunu oynayırlar. Onların bu hərəkəti o deməkdir ki, seçkiyə namizəd vermirlər, lakin seçkiyə də qarşı deyillər. Yəni seçkiyə mane olmurlar, bunu normal qəbul edirlər. Boykot isə o deməkdir ki, bütövlükdə seçki prosesini qəbul etmirsən. Müsavat Partiyası boykot fikrini söyləməsə də, təxminən seçkini tanımadığını bildirdi. Boykot isə daha aktiv fəaliyyət formasıdır”.

Hansı mövqe tutulmasının doğruluğuna gəldikdə isə Q.Əlibəyli bildirdi ki, o, artıq seçki prosesinə qatılmaqla, əslində öz sözünü deyib. O, bu gün artıq imza vərəqələrini götürüb. İndiyə kimi namizədliyi ilə bağlı hələ ki, heç bir maneəyə rast gəlməyən həmsöhbətim sabahdan imza toplama prosesinə start verəcək.

Seçkidə iştirak etməkdən imtina edənlərdən biri də Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğludur. Onun sözlərinə görə, vətəndaş seçkini boykot edə bilər, amma siyasi partiya bu yolu tutmamalıdır: “Siyasi təşkilat bilavasitə siyasət meydanında yer alır. Meydançaya çıxıb “mən oynamıram” demək olmaz. Siyasətdə partiya olaraq boykot etmək doğru yanaşma deyil. Bu taktikanı bütün cəmiyyətdə qəbul etdirmək imkanında deyilsənsə, bunu elan etmək heç doğru deyil. Bu baxımdan, boykot qərarı onsuz da effektli olmayacaqdı”.

Müxalifət istəyərdi kampaniyanı pozsun...

Şirzad Məmmədli seçkidə iştirak etməməyi passiv siyasi hərəkət hesab edir. Onun sözlərinə görə, bu, təxminən “mənim başqa işim var, bu proses məni maraqlandırmır” anlamına gəlir: “Prezidentin kimliyinə, onun nə siyasət yürütdüyünə laqeyd qalırlar. Boykot isə aktiv hərəkətdir. Bu mövqeyi nümayiş etdirməklə ölkənin siyasi həyatı ilə bağlı narahatlığını göstərirsən. Boykot zamanı seçkidə iştirak edənlərlə bərabər aktiv kampaniya aparılır”.

Ş.Məmmədli deyir ki, əslində indiki durumda Azərbaycan müxalifəti də seçkini boykot etmək arzusundadır, lakin bu arzu imkanlarla üst-üstə düşmür. Onun sözlərinə görə, müxalifət çox istəyərdi ki, qarşı tərəfin kampaniyasını pozsun, ona kölgə salsın. Amma hazırda buna yetərincə güc olmadığını özləri də bilirlər. Həmsöhbətimizin fikrincə, boykot üçün geniş siyasi, maddi, insan resursları gərəkdir.

Qərbi çaşdırmaq olmaz...

Bəzi informasiyalara görə isə müxalifətə məhz boykot terminindən istifadə etməməyi qərb siyasi dairələri məsləhət görüblər. Ş.Məmmədli deyir ki, qərb dairələrində bu prosesi çox yaxşı bilirlər və buna bir elmi iş kimi yanaşırlar: “Onlar bu istiqamətdə olduqca geniş bilgilərə malikdirlər. Buna görə də onlar bizim müxalifətlə söhbətdən sonra bildirirlər ki, sizin elədiyinizin adı artıq boykot deyil, nəyi edəcəksinizsə, onu da bəyan edin. Prosesin adı düz qoyulmalıdır. Qərbin siyasi dairələrini çaşdırmaq olmaz. Onlar boykotun nə olduğunu yaxşı bilirlər. Bütün demokratik institutlara onsuz da aydındır ki, Azərbaycan müxalifətinin hazırkı anda boykotu bir kampaniya olaraq təşkil etmək imkanları yoxdur”.

İndi cəmiyyəti maraqlandıran suallardan biri də budur ki, müxalifətin hazırkı davranışı seçkilərdə qalib gələn namizədin müvəffəqiyyətinə nə qədər kölgə salacaq? Onlar boykot taktikasını seçsəydilər, vəziyyət dəyişə bilərdimi? Ş.Məmmədli deyir ki, müxalifətin indiki davranışı küsüb kənarda durmaqdır ki, bu da əsasən gücü olmamaqla əlaqədardır. Onun sözlərinə görə, bunu müxalifətin özü, hakimiyyət və kənarda qalan qüvvələr də yaxşı bilir. Belə olduğu halda isə qalib gələnin qələbəsinə kölgə salmaq mümkün olmur. Ekspert deyir ki, kənardan heç kim gəlib müxalifəti alternativ gücə sahib edə bilməz: “Güclü tərəfi heç kim ittiham edə bilməz ki, nədən sənin qarşında olanlar bu qədər gücsüzdür. Bu, artıq gücsüz tərəfin problemidir”.

Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3038
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar