İsa Qəmbər: “Bu, siyasi fəaliyyətin dayandırılması demək deyil”-  MÜSAHİBƏ
02 avqust 2008 23:16 (UTC +04:00)

İsa Qəmbər: “Bu, siyasi fəaliyyətin dayandırılması demək deyil”- MÜSAHİBƏ

Bu gün ölkənin bir neçə siyasi partiyası oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə rəsmi münasibətini bildirdi. Müsavat, Azərbaycan Demokrat, Böyük Quruluş və Klassik Xalq Cəbhəsi partiyaları seçkidə iştirak etməmək barədə qərar qəbul etdilər.
Müsavat Partiyasının Məclisinin gedişini izləmək imkanımız oldu və müşahidə etdik ki, seçkidə iştirakın tərəfdarı olanların çıxışları sürəkli alqışlanırdı. Belə əhval yaranırdı ki, seçkidə iştirak etmək istəyənlər qalib gələcəklər. Ancaq səsvermənin nəticələri çoxlarını təəccübləndirdi: 6 nəfər əleyhinə, 65 nəfər lehinə olmaqla, partiya seçkidə iştirak etməmək qərarına gəldi.


Məclisdən dərhal sonra Müsavat Partiyasının başqanı İsa Qəmbərlə görüşüb, bir çox sualların cavabını Lent.az-ın oxucularına çatdırırıq.

- Bu gün eyni zamanda bir neçə partiya seçkidə iştirak etməməklə bağlı qərar qəbul etdi. Bu əvvəlcədən planlaşdırılmış məsələ idi, yoxsa təsadüfdür?

- Fikir mübadiləsi, məsləhətləşmə apardığımız bir neçə partiya var. Amma bu gün qərar qəbul edən partiyaların heç biri ilə məsləhətləşmələr aparmamışıq. Bunlar müxtəlif partiyaların ayrılıqda verdiyi qərarlardır.

- Mətbuatda gedən məlumatlar və Məclisdə müşahidə etdiklərimiz göstərir ki, Müsavat Partiyasında seçkiyə getmək istəyən qüvvələr də var. Məclisin bu qərarı partiyadaxili qalmaqalların genişlənməsinə təsir edəcəkmi?

- Heç bir qalmaqal ola bilməz. Gördüyünüz kimi, Məclis üzvlərinin 65-i seçkidən imtina qərarına səs verdi. Bunun əleyhinə cəmi 6 nəfər çıxdı. Bu da partiyadakı kifayət qədər yekdil mövqedən xəbər verir.

- “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu hesab edir ki, Məclisin qərarı Azərbaycan demokratiyasına böyük zərər verəcək. Bu açıqlamaya münasibətinizi bilmək istərdik...

- Hər bir şəxsin müstəqil fikir bildirmək ixtiyarı var. Buna görə də şərh vermək fikrində deyiləm. Amma mənim fikrimi soruşsanız, Məclisdəki çıxışımda qeyd elədiyim kimi, bildirərəm ki, bizim qərarımız sadəcə seçkidə iştirak edib-etməmək dilemması qarşısında verilməyib. Bu, Azərbaycanın köklü maraqlarının, demokratik inkişaf maraqlarının, demokratik qüvvələrin potensialının bir araya gətirilməsi imkanlarının nəzərə alınması şərti ilə verilən bir qərardır. Hesab edirəm ki, bizim qərarımız ölkədə demokratik proseslərə təkan verəcək.

- Hesab etmək olarmı ki, Məclis pislərin içindən ən yaxşı variantı seçib?

- Bunu çətin qərarların içərisində ən düzgünü adlandıraq.

- Seçki ən nəhəng siyasi proseslərdən sayılır. Siyasi partiya bu prosesdə ya iştirak, ya da onu boykot edə bilər. Amma partiya bunların heç birini etmədi. Seçkidə iştirak etməmək siyasətdə iştirak etməmək deyilmi?

- Bizim qərarda boykot sözü olmasa da, əslində bu sualların cavabını orada tapmaq olar. İki səhifəlik geniş bir qərarda vəziyyət tam izah edilib. Düz deyirsiniz ki, orada məhz “seçkidə iştirakdan imtina” terminindən istifadə olunub. Söhbət ondan gedir ki, Azərbaycan qanunvericiliyinə görə, seçkidə kvorum anlayışı yoxdur. Hətta seçkiyə seçicilərin 5 faizi gəlsə belə, proses baş tutmuş hesab edilir. Və seçkiyə gəlməyən 80, 90 faiz seçicinin hansı səbəbdən bunu etməsini müəyyənləşdirmək ayrı bir diskussiyanın mövzusudur. Ona görə də biz bu mövzuya girmədən, partiya olaraq öz qərarımızı açıqladıq ki, biz indiki şəraitdə bu prosesdə iştirakdan imtina edirik. Bu, siyasi fəaliyyətin dayandırılması deyil. Əksinə, biz hesab edirik ki, bu qərar Azərbaycanda demokratik proseslərə yeni bir təkan verəcək, özümüz də seçki müddətində seçki qanunvericiliyinin verdiyi imkanlar çərçivəsində aktiv fəaliyyət göstərəcəyik, kütləvi tədbirlər keçirmək, öz mövqeyimizi cəmiyyətə çatdırmaq, seçkilər üzərində demokratik qüvvələrin birgə monitorinqini təşkil etmək və başqa variantlar üzərində düşünməyi də planlaşdırmışıq. Eyni zamanda, seçkidən sonrakı müddətdə də 2009-cu ilin bələdiyyə, 2010-cu ilin parlament seçkisində müxalifətin uğurla iştirak etməsi və qələbə qazanması naminə konkret fəaliyyət göstərmək niyyətimiz var.

- Bəs beynəlxalq qurumlardan hansı reaksiyanı gözləyirsiniz? Sizcə, onlar daha çox seçkidə iştirakın tərəfdarı deyildilər?

- Beynəlxalq qüvvələr prinsip olaraq həmişə seçkidə iştirakın tərəfdarı kimi çıxış edirlər. Ancaq mən beynəlxalq birliyin önəmli, ciddi nümayəndələri ilə söhbətlərimdən sonra gəldiyim qənaət bundan ibarətdir ki, onlar bizim qərarın məntiqli olduğunu başa düşürlər və buna hörmətlə yanaşırlar.

- Belə bir variant da var idi ki, siyasi partiyalar seçki prosesinə qatılırlar, verilən imkanlardan istifadə edirlər və yalnız səsverməyə bir neçə gün qalmış boykot qərarını elan edirlər... Amma Siz bunu da etmədiniz...

- Bu da bizim müzakirə etdiyimiz çoxsaylı variantlardan biri idi. Və mümkün hesab edilən variantlardan biri ola bilərdi. Bütün arqumentləri tərəziyə qoyduqdan sonra seçkidə iştirak etməməyin Azərbaycanın maraqlarına daha uyğun olduğu qənaətinə gəldik.

- Böyük ehtimalla, seçkidə bir neçə namizəd iştirak edəcək. Onların real imkanlarını qiymətləndirəcəksinizmi, seçki prosesi Müsavat tərəfindən müşahidə ediləcəkmi, yoxsa tam kənarda olacaqsız?

-Hələlik yekun söz söyləmək fikrində deyilik. Amma seçkilərdə monitorinqin təşkilini mümkün hesab edirik. Ona görə də digər siyasi qüvvələrlə, qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələr aparmağı düşünürük.


Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2161
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar