İndoneziya Xocalı soyqırımını tanıdı?
01 mart 2013 14:25 (UTC +04:00)

İndoneziya Xocalı soyqırımını tanıdı?

İndoneziyada Xocalı soyqırımının tanınması barədə  hazırlanmış müraciətə imza toplanması kampaniyası keçirilir

 

 İndoneziya Universitetində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş geniş tədbir keçirilib. Azərbaycanın İndoneziyadakı səfirliyindən APA-ya verilən məlumatına görə, tədbir dünyanın ən böyük qeyri-hökumət təşkilatı olan “Nahdlatul Ulama”  (NU) və İndoneziya Universitetinin birgə təşkilatçılığı, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) iştirakı ilə keçirilib.

 

Tədbirin əsas məqsədi Xocalı soyqırımının anım mərasimi olmaqla yanaşı, ötən il Palembang şəhərində İƏT Parlamentlər İttifaqının toplantısında qəbul olunmuş  üzv ölkələrin parlamentlərini Xocalı soyqırımını tanımağa çağıran qətnamənin tətbiqinə təkan vermək olub.

 

Konfransda çıxış edən İndoneziya parlamentinin sədri Marzuki Əli açıq və birmənalı şəkildə Dağlıq Qarabağın məhz Azərbaycan ərazisi olduğunu və Ermənistan tərəfindən işğala  məruz qaldığını, habelə  Xocalıda azərbaycanlılara qarşı Ermənistan tərəfindən soyqırımı törədildiyini qeyd edib.

 

İndoneziya parlamenti tərəfindən Xocalı soyqırımının tanınmasına dair müraciətə ilk olaraq parlamentin sədri Marzuki Əli imza atıb. Müraciət  İndoneziya prezidenti Yudhoyonoya da göndəriləcək. Müraciəti imzalayanların siyahısında “Nahdlatul Ulama”nın sədri professor Səid Aqil Sirac və digərləri də var.

 

Müraciəti çoxsaylı nüfuzlu şəxslərlə yanaşı müxtəlif partiyaları  təmsil edən 30-dan artıq parlament üzvü imzalayıb. Müraciətə imza atmış parlament üzvlərinin sayının mart ayının sonuna qədər yüz nəfərə çatdırılması və müraciətin müvafiq yüksək ünvanlara təqdim olunması nəzərdə tutulur.

 

Tədbirdə İndoneziya parlamentinin nümayəndələri, ictimai xadimlər, müxtəlif din və elm xadimləri, universitetin professorları, Azərbaycan diasporunun nümayəndələri, müəllim və tələbə heyətləri, həmçinin İndoneziyada fəaliyyət göstərən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrinin səfir və digər nümayəndələri iştirak edib.

# 1037
avatar

Oxşar yazılar