Fərari və talançılar necə “əsgərsevər” və “qanunpərəst” oldular? - CAVAB HAQQI
16 aprel 2013 11:26 (UTC +04:00)

Fərari və talançılar necə “əsgərsevər” və “qanunpərəst” oldular? - CAVAB HAQQI

“Məsləhət olan vaxtlarda” Naxçıvandan “qəhrəmanlar” taparaq ortaya çıxaran Azadlıq radiosunun müxbiri Yafəz Əkrəmoğlu yenə də öz ampulasındadır. Gah deyir ki, məni təhdid edirlər, gah deyir ki, Naxçıvanda 4 qlobal jurnalist var (özü də daxil olmaqla 3-ü orta təhsilli), gah da nümayişkəranə şəkildə Azadlıq radiosunda əməkdaşı olduğum “Şərq qapısı” qəzetinin yazılarını qoyur və yazır ki, tənqidi və araşdırma jurnalistikasından bezmisinizsə oxuyun. Bu barədə özü ilə sosial şəbəkədə söhbətlərimizin birində “Şərq qapısı”nda kifayət qədər tənqidi materialların yazıldığını demişəm və bu barədə linkləri də özünə göndərmişəm. Obyektivlikdən dəm vuran “Azadlıq” radiosunun bəlkə həqiqətən də bundan xəbərsiz olduğunu düşünərək... Amma necə deyərlər insan peşəsindən asılı olmayaraq, kiminlə sivil rəqabət və mübarizə aparmasından asılı olmayaraq bunu KİŞİ kimi etməlidir.
 

 

Söhbət cins olaraq erkəklikdən yox, xarakter olaraq KİŞİLİKdən gedir.
Onun Naxçıvan və “Şərq qapısı” qəzeti ilə bağlı böhtan və iftiralar yaydığını etiraf etməyə gücü çatmasa da, mən onun haqqında müsbət bildiklərimi deyə biləcək gücdəyəm. Məsələn, jurnalistliyi hər nə qədər qeyri-obyektiv olsa da, hər hansı bir musiqi alətində yaxşı çalmağı haqqında eşitmişəm və oxumuşam. Hər halda hərbi xidmətdə olduğu dövrdə törətdiyi cinayətlə bağlı cinayət işində bu qeyd olunub.
 

Bunları oxuyub, hörmətli “həmkarımız” (Allah yazıbsa, pozsun) sevincindən yerində qurcalanır ki, ənənəvi təbliğat silahından istifadə edə biləcək. Yəni, deyə biləcək ki, bu məqalənin müəllifi mənim cinayət işimi necə əldə edib?
Bu fikirlər onu çox düşündürməsin deyə həmkarımızın diqqətinə bir şeyi çatdırım. Çox sevdiyi “media allahları” kimi bizə xarici xüsusi xidmət orqanları offşor zonalarla bağlı məlumat ötürmür. Biz də məlumatı hardansa alıb, sonra onu jurnalist araşdırması kimi təqdim edəcək qədər “ZURNALIST” deyilik. İstəsə haqqında açılan cinayət işinin sənədlərini Arxiv İdarəsinə müraciət edib özü də əldə edə bilər. Yazının davamında isə bu cinayət işinin hardan çıxdığını anladacağam.
 


“FERRARİ”nin izi ilə...
 

 

Yafəz Əkrəmoğlunun sevə-sevə oxuduğu “Şərq qapısı”nda yeni bir rubrika var - “Bizim diplomatlar”. Yaxınlarda görkəmli ədib Məhəmməd ağa Şahtaxtlının diplomatik fəaliyyəti ilə bağlı məlumat toplamaq üçün Şahtaxtı kəndindəki “Şahtaxtinskilər Muzeyi”nə getmişdim. Gəlmişkən, bəzi kənd sakinləri ilə də həmsöhbət olum düşündüm. Qəflətən, bir kəndlinin sualı məni yaman tutdu. Kişi az qala üstümə hücum çəkərcəsinə yeridi və dedi ki, “o bizim adımızı batıran “alçaq” da sizin kimi jurnalistdir!!!” Əvvəlcə söhbətin nədən getdiyini anlamadım. Amma bir azdan anlaşıldı ki, “boy ölçüsünü ifadə edən söz” məhz Yafəz Əkrəmoğlu haqqında işlədilib. Birtəhər kənd sakininə anlatmağa çalışdım ki, indi Sovet dövrü deyil. Ölkədə də mətbuat vahid əldən idarə olunmur. Düzdür Yafəz də mətbuat işçisidir. Amma mənimlə o bir yerdə işləmirik. Bir az kənarda durmuş təqribən ortayaşlı birisi isə soruşdu ki, söhbət “Ferrari” Yafəzdən gedir?”. “Ferrari” niyə?” deyəndə, “hərbi xidmət vaxtı üstündə fərarilik işi var idi.” – cavabını verdi.
 

 

Doğrusu, Yafəz Həsənov kimi “əsgər ölümlərinə etiraz” aksiyalarında cani-dildən iştirak edən, “əsgərlər sərhəddə Vətəni qoruyarkən ölməlidir” fikirləri ilə alışıb yanan qanunsevər bir insanın hərbi xidmətdən fərarilik etməsi mənə də inandırıcı gəlmədi.
 


17135116 saylı CİNAYƏT İŞİ
 

 

Araşdırmamı Arxiv İdarəsində davam etdirməli idim. Yafəz Həsənovla bağlı araşdırmamı deyil, məhz Məhəmməd ağa Şahtaxtlının diplomatik fəaliyyətdə olub olmaması ilə bağlı araşdırmanı. Arxivdə sənədlərlə tanış olarkən günlərdən bəri beynimdə ilişib qalan “ferrari” ifadəsini bir də xatırladım və xahiş etdim ki, mənə cinayət işlərinin saxlanıldığı arxivdən material əldə etmək lazımdır. Arxiv işçisi nə qədər təəccüblə qarşılasa da, nəhayətində onu razı sala bildim və məhz Yafəz bəyin adına olan bir iş tapdım. Amma işdə o fərarilikdə deyil, talançılıqda ittiham olunmuşdu. İş isə belə adlanırdı: “Sıravi Həsənov Y.Ə və Ağayev V.B. o Azərbaycan Respublikası CM-in 144-cü maddəsinin II his. ittiham olunmasına dair cinayət işi.” Bəlkə hörmətli jurnalist həmkarımızın özünə də maraqlı olar deyə qeyd edim, sənəd Naxçıvan qarnizonunun hərbi tribunalından gəlib.
 


Xarici ölkə vətəndaşının 100 000 rublunu soyan dələduzlar...
 


“22 avqust 1993-cü il tarixində axşam saat 21:30 radələrində Naxçıvan şəhər sakini Ağayev Vəli Bəxtiyar oğlu dostu Yafəzlə birlikdə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Naxçıvan şəhəri, Azadlıq prospektində dayanmış Türkiyə vətəndaşı Kazım Coşqunun maşınının kabinəsinə daxil olaraq orda onu oyuncaq tapança ilə hədələyərək zor işlətməklə ona məxsus 100 min rubl pulu götürüb qaçmışlar.”
 

 

Az sonra istintaq müəyyən edir ki, hadisəni törədəndə cinayətkarlar içkili vəziyyətdə olublar və onlardan biri Həsənov Yafəz Əkrəm oğlu hərbi hissəni özbaşına olaraq tərk edib. Oxucularımıza və hörmətli Yafəz bəyə maraqlı olar deyə, qeyd edim ki, “əsgər ölümlərinə son” aksiyasında iştirak etmək o adamların mənəvi haqqıdır ki, 90-cı illərin əvvəllərində Azərbaycana qarşı erməni quldurlarının hücumu başlayanda düşmənlə üzbəüz olublar. Yoxsa, hansısa vasitələrlə döyüşən hərbi hissədən çalan orkestrlərə ezam olunmayıblar və burdan da “yeyib-içib, dəm olmaq” (!!!) məqsədi ilə alkoqolik butkalarına qaçmayıblar.
 

 

Həmkarımızın və oxucularımızın diqqətinə işdə Yafəz Həsənovun izahatından iki cümləni xüsusi çatdırmaq istəyirəm. Sıravi Yafəz Həsənovun 31 avqust 1993-cü ildə Naxçıvan şəhərində türk vətəndaşını soymaqları ilə bağlı verdiyi izahatda yazdığı iki cümlə:
“... Mən 1993-cü ilin aprel ayından hərbi çağırışa çağırılmışam. Hal-hazırda 752 nömrəli hərbi hissədə xidmət edirəm. Mən 22 avqust saat 4-5 radələrində hərbi hissədən icazəsiz çıxıb dörd yola gəldim”.

 

“Sual: Deməli məqsədiniz türkü soyub pulunu almaq idi.
Cavab: Elə çıxır. Sərxoş olduğumuz üçün bu hərəkəti etdik”.
 


Hər nə qədər acı olsa da, ermənilərlə real müharibənin hələ də davam etdiyi zamanda vətənpərvər jurnalistimiz türkün sözü “firar etdiyini” və Naxçıvanın ən ağır çağında buraya hərbi texnikanın, maşınların hərəkəti üçün yanacaq gətirmiş Türkiyə vətəndaşını soyduğunu etiraf edir. Elə buna görə də 4 sentyabr 1993-cü ildə Yafəz Əkrəmoğlu hərbi xidmətdə olduğu üçün cinayət işi Naxçıvan şəhər hərbi tribunala göndərilir.
Analar müqəddəs və toxunulmazdır. Yəqin ki, Yafəz bəyin ucbatından o zaman “acizanə surətdə xahiş edirəm” yazan ananın həyatını nəzərə alan tribunal “fərariliyi qısamüddətlidir” deyərək, sıravi orkestr əsgərinə sadəcə talançılıqla cinayət işini davam etdirir.


6 sentyabr 1993-cü il tarixli qərar: “Bununla da 752 nömrəli hərbi hissənin sıravi əsgəri Həsənov Yafəz Əkrəm oğlu Azərb. Resp. CM-nin 144-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan cinayət əməlini işlətmişdir – yəni zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan zorakılıq göstərməklə, bir qrup şəxsin qabaqcadan əlbir olması ilə şəxsi əmlakını açıq TALAMIŞDIR”.
 

Cinayət işinin getdiyi müddətdə isə hərbi hospitalın yoluxucu xəstəliklər şöbəsinə “transfer” nədənsə mənə “həbsdən qurtarma taktikası” kimi gəldi. Amma “Ədalət mülkün təməlidir” prinsipinə inanaraq qəbul etməyə çalışdım ki, həqiqətən də jurnalist həmkarımızın yoluxucu xəstəliyi var. Allah şəfasını versin.
 

Cinayət işinin nəticəsi isə 3 illik möhkəm rejimli islah əmək koloniyasında cəza olub. O zaman məhkəmə heyəti nələri nəzərə alaraq onu “fərarilik”dən azad edib bilmirəm amma, bir şeyi bilirəm. Yafəz bəy sevə-sevə yazdığı “araşdırma və tənqidi jurnalistikadan bezmisinizsə “Şərq qapısı” oxuyun” cümləsini bundan sonra bir daha yazanda əmin olacaq ki, Naxçıvanda araşdırma jurnalistikası ilə məşğul ola bilən jurnalistlər var. Sadəcə o jurnalistlərin orta təhsilli fərari və talançı quldurları araşdırmağa vaxtları və həvəsləri həvəsləri yoxdur.
 

Çünki, karvan kənardan gələn hər səsə görə dayana bilməz... Elə Naxçıvanın inkişafı və tərəqqisi də, hörmətli fərari “əsgərsevərlər” və talançı “insan hüquqlarını müdafiə edən zurnalistlər”!
 

 

Elnur Kəlbizadə


“Şərq qapısı” qəzetinin ictimai-siyasi şöbəsinin müxbiri

 

# 1129
avatar

Oxşar yazılar