Azərbaycan Vyetnamın Bakıda səfirlik açmasını istəyir
11 aprel 2013 17:30 (UTC +04:00)

Azərbaycan Vyetnamın Bakıda səfirlik açmasını istəyir

Xələf Xələfov Vyetnam Sosialist Respublikasının xarici işlər nazirinin müavini ilə görüşüb

 

Bu gün xarici işlər nazirinin müavini Xələf Xələfov ilə ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının xarici işlər nazirinin müavini Nquen Fionq Nqa arasında görüş keçirilib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nquen Fionq Nqa Azərbaycana ilk səfərindən məmnun olduğunu bildirmiş və qısa müddət ərzində ölkəmizin əldə etdiyi uğurların onda xoş təəssüratlar yaratdığını söyləyib.

 

Vyetnamlı rəsmi ölkəsi ilə Azərbaycan arasında əlaqələrin əsasının hələ SSRİ dövründə qoyulduğunu, prezident Kuşiminin 1959-cu ildə Azərbaycana, eləcə də Heydər Əliyevin 1982-ci ildə Vyetnama səfər etdiyini diqqətə çatdırıb. O, mindən çox vyetnamlı tələbənin Azərbaycanın müxtəlif ali məktəblərində təhsil aldığını və bu gün onların dövlətin müxtəlif qurumlarında çalışdığını bildirib.  Xələf Xələfov Azərbaycanın iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib, Azərbaycanın Vyetnamda səfirliyinin təsis olunması haqqında qərarın qəbul edidiyini və Azərbaycan səfirinin təyin olunduğunu xatırladıb. O, eyni addımın Vyetnam tərəfindən atılmasının da arzu edilən olduğunu diqqətə çatdırıb. Xələf Xələfov ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsinin prioritet olduğunu, dövlətin bu sahədə gördüyü işlər, o cümlədən kənd təsərrüfatının inkişafını stimullaşdırmaq üçün atılan addımlar, yüksək standartlara cavab verən Sənaye Parklarının yaradılması və turizmin inkişafı üçün həyata keçirilən tədbirlər barədə məlumat verib. O, regionun iqtisadiyyatının 80 faizinin Azərbaycana məxsus olduğunu, ölkəmizin Avropa və Asiya arasında körpü rolunu oynadığını nəzərə çatdırıb.

 

Vyetnamın xarici işlər nazirinin müavini bu səfərin iki ölkə arasında münasibətlərə müsbət təsir edəcəyini, yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərinin vacibliyini qeyd edib. O, müqavilə-hüquq bazasının genişləndirilməsini də vacib sayıb. İki ölkə arasında ticarət dövriyyəsinin hazırkı vəziyyətinə toxunan Xələf Xələfov isə bunun ölkələrimizin potensialını əks etdirmədiyini və müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, sənaye, energetika, turizm sahəsində əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu vurğulayıb. Xələf Xələfov ARDNŞ ilə “Petro Vietnam” şirkətləri arasında uğurlu əməkdaşlığın yaradılmasının digər sahələr üçün də təkan verə biləcəyinə əminlik ifadə edib.   

 

Tərəflər BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın artırılması və digər beynəlxalq məsələləri müzakirə ediblər.

# 550
avatar

Oxşar yazılar