N!DA Vətəndaş Hərəkatı Milli Şuradakı fəaliyyətini dayandıra bilər. Lent.az-ın məlumatına görə, hərəkatın MŞ-də təmsil olunan üzvləri MŞ-də qalmaqla bağlı şərtlərini açıqlayıblar.
Hərəkatdan daxil olan bəyanatda bildirilir ki, MŞ yaradılarkən gənclərə, xüsusilə təmsil olunduğumuz N!DA Vətəndaş Hərəkatına çox az yer ayrılıb.
Hərəkat üzvləri hesab edir ki, N!DA VH də MŞ-də təmsil olunan digər qurumlar qədər üzv sayına malik olmalıdır: “Biz Hərəkatın Milli Şurada fəaliyyətini ancaq bu formada görürük”.
MŞ-də təmsil olunan N!DA üzvləri qurumun hazırkı strukturunun da uğursuz olduğunu düşünür: “Şura faktiki olaraq qeyri-işlək bir qurumdur və ancaq sədrin, vahid namizədin və bəzi üzvlərin fəaliyyətə aidiyyəti olmayan açıqlamalarından başqa ortada demək olar ki, heç bir fəaliyyət yoxdur. Əgər Milli Şuranın uzunmüddətli qurum olmasını istəyiriksə, ilk növbədə struktur məsələlərini tənzimləyən yeni əsasnamənin qəbuluna ehtiyac var. Milli Şura yaranarkən qəbul edilmiş 3 maddəlik əsasnamə bunun üçün yaramır. Bu əsasnamədə bütün səlahiyyətlər sədrə verilib.
Yaradılan icra aparatı, eləcə də komissiyalar xırda istisnalarla fəaliyyətsiz qalıb. Əsasnamədə yaradılacaq strukturun fəaliyyəti tam tənzimlənməlidir. Hər şey sədrdən asılı olmamalıdır. Faktiki olaraq MŞ müxalifətin ənənəvi problemi olan "günü qurtarmaq" üçün fəaliyyət göstərmək prinsipindən əl çəkməlidir. MŞ-nın dəqiq və aydın strategiyası hazırlanmalıdır”.
N!DA üzvləri eyni zamanda Milli Şuraya Cəmil Həsənlinin sədr seçilməsini dəstəklədiklərini bəyan ediblər.
Qeyd edək ki, N!DA VH Milli Şurada 6 nəfərlə təmsil olunur. Onlardan 3 nəfəri hazırda həbsdədir.