Tarixi memorandum: Ermənistan yenə küncə sıxıldı...
12 mart 2022 15:30 (UTC +04:00)

Tarixi memorandum: Ermənistan yenə küncə sıxıldı...

Dünən mühüm tarixi hadisə baş verib. Azərbaycan Respublikası və İran İslam Respublikası arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan arasında yeni kommunikasiyaların yaradılması barədə memorandum imzalanıb.

Əslində, bu, yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu tarixi hadisədir.

Heç kimə sirr deyil ki, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən bir çox nəhəng layihələr regionun, Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirib, bölgənin və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinin təmin edilməsində, nəqliyyat-kommunikasiya, logistika infrastrukturunun inkişafına mühüm təsir göstərib.

Azərbaycanla İran arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu Azərbaycanın geostrateji müstəvidə yeni qələbəsi, tarixi əhəmiyyətə malik hadisədi.
Anlaşma Memorandumunun məqsədi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan MR arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla, ümumilikdə, dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 kilometr məsafədə keçəcək. Tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini öz öhdələrinə götürüblər.

İran ərazisi vasitəsilə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması layihəsi dar mənada Azərbaycanın əsas hissəsinin Naxçıvanla inteqrasiyasını təmin etmək olmasına baxmayaraq, geniş mənada regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq.

Ermənistan il yarım ərzində Zəngəzur dəhlizinin yaradılmasına maneçilik törətmiş, müxtəlif bəhanələrlə, qəsdən onu əngəlləməyə çalışmışdır. Əslində bu dəhlizin yaradılması iqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistanın özü üçün mühüm əhəmiyyət kəsb edirdi. Lakin Ermənistanda bu fürsəti dəyərləndirə bilmədilər.

Yeni layihə böyük iqtisadi dividendlər gətirməklə yanaşı, həm də Naxçıvan MR-in blokadadan çıxmasında, muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davamlı bağlantısının yaradıl¬masında mühüm rol oynayacaq. Bu gün elektrik enerjisi ixracatçısı olan Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana, Türkiyəyə, daha geniş mənada Avropaya elektrik enerjisi ixrac etmək imkanı da qazanır.

Bu layihənin gerçəkləşməsində İranla Azərbaycan arasında dostluq, yaxın qonşuluq münasibətlərinin olması mühüm rol oynadı. Əlamətdar haldır ki, memorandumun imzalanması Azərbaycanla İran arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir.

Təhlilçilər hesab edirlər ki, hazırda Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların getdiyi və Rusiyaya qarşı ciddi sanksiyaların tətbiq edildiyi, bununla bağlı Şərq-Qərb nəqliyyat-tranzit dəhlizlərinin Rusiyadan keçən seqmentinin məhdudlaşdığı dövrdə İran ərazisindən keçəcək yeni kommunikasiya bağlantısı mühüm əhəmiyyətə və böyük perspektivə malikdir.

Və nəhayət, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevdən SİTAT:

Qırx dörd günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin, Prezident İlham Əliyev tərəfindən "dostluq sərhədi" adlandırılan Azərbaycan-İran sərhədinin ölkəmizə aid hissəsinə nəzarətin təmin edilməsinin bu nəqliyyat-rabitə layihəsinin həyata keçirilməsinə imkan yaratdığını vurğulayan Hikmət Hacıyev deyib: “Anlaşma Memorandumunun imzalanması Azərbaycan ilə İran arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinə təsadüf edir. Bu layihənin gerçəkləşməsində Azərbaycan ilə İran arasında 30 il ərzində qurulmuş dostluq, qarşılıqlı etimad və yaxın qonşuluq münasibətləri mühüm rol oynayır.

Əminik ki, yeni dəhliz regional əməkdaşlıq, inkişaf və region xalqlarının rifahı, iqtisadi-ticarət əlaqələrinin genişlənməsi üçün əlverişli imkanlar açacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6024

Oxşar yazılar