Qarabağda vətəndaşlara öz evlərini tikməyə icazə verilsin – Deputatdan TƏKLİF  -VİDEO
30 may 2025 17:12 (UTC +04:00)

Qarabağda vətəndaşlara öz evlərini tikməyə icazə verilsin – Deputatdan TƏKLİF -VİDEO

Deputat keçmiş məcburi köçkünlərə öz evlərini icra orqanının təklif etdiyi layihə və qanun çərçivəsində tikməyə icazə verilməsi istəyir.

Lent.az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Razi Nurullayev bildirib ki, işğaldan azad olunan ərazilər yenidən qurulur və keçmiş məcburi köçkünlər dədə-baba yurdlarına qaytarılır: “Bərpa olunası evlərin sayı çoxdur və mənə belə gəlir ki, dövlət və hökumət öz üzərinə böyük məsuliyyət və öhdəlik götürür. Bu qədər yükü çəkmək çox ağırdır və gərək vətəndaşlar da bu proseslərdə əsas iştirakçıya çevrilsinlər.

Təklif edirəm ki, minalardan təmizlənmiş ərazilərdə sürətli şəkildə layihələndirmə işləri aparılsın və vətəndaşlara öz evlərini icra orqanının təklif etdiyi layihə və qanun çərçivəsində tikməyə icazə verilsin. İnanıram ki, keçmiş məcburi köçkünlərin xeyli hissəsinin öz evini tikmək imkanı var. Hətta təklif edirəm ki, dövlət infrastrukturu yaratsın, ev tikintisinin isə qanuni çərçivədə vətəndaşların özləri tərəfindən aparılmasına icazə versin.

Bu dövlətə daha ucuz başa gələr. Şirkətlər tərəfindən tikilən ev qiymətlərinin yarısının qiymətinə vətəndaş özü tikə bilər. Dövlət onlara tikinti mərhələləri üzrə pul ayırsın. Biz bu üsulla, inanıram ki, 50 faiz dövlət vəsaitinə qənaət etmiş olarıq”.

***

“Qarabağdan köçkün düşənlərə yaxınlarını öz dədə-baba yurdlarında dəfn etmək üçün şərait yaradılmalıdır. Onlar 30 il ərzində yaxınlarını dədə-baba yurdundan kənarda dəfn ediblər”.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, insan öz yaxınını dünyaya göz açdığı, ruhən bağlı olduğu torpaqlarda dəfn etmirsə, həmin torpaq onun üçün mənəvi bağını itirmiş olur: “Qarabağa tam köç illərlə vaxt alacaq. Buna görə də tikilən və tikilməsinə başlanılmayan bütün yaşayış yerlərində birinci növbədə qəbiristanlıqların bərpa olunmasını təklif edirəm. Bu fəaliyyətin elə günü sabahdan həyata keçirilməsi Qarabağa qayıdışın mənəvi bağlarını daha da gücləndirəcək, dövlət siyasətini həyata keçirməyə ciddi töhfə vermiş olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 950

Oxşar yazılar