Bir neçə gün əvvəl REAL-ın sədri Natiq Cəfərli Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə onunla görüşüb.
Lent.az xəbər verir ki, məsələ ilə bağlı "Modern.az"a danışan Natiq Cəfərli Prezident Administrasiyasındakı görüşünün iqtidar-müxalifət münasibətləri baxımından müsbət dinamika olduğunu söyləyib.
“REAL Partiyası təbii ki, iqtidar-müxalifət arasında normal, sağlam dialoqun olmasının, müəyyən məsələlərin açıq müstəvidə müzakirəsinin tərəfdarı olub və bunu dəstəkləyib. Çünki iqtidarla müxalifət düşmən deyil, rəqibdir. Biz düşmənlikdən rəqabətə keçən yolu doğru sayırıq. Rəqabət zamanı ortalıqda müxtəlif məsələlərin müzakirəsi, problemlərin həlli yolunun birgə çözülməsi ölkədə pozitiv iqtidar-müxalifət münasibətlərinin görüntüsünə və gözləntisinə çevrilir”, - deyə sədr bildirib.
Qeyd edək ki, N.Cəfərli ilkin açıqlamasında görüş zamanı siyasi partiyaların fəaliyyəti, son seçkilər, “Siyasi partiyalar haqqında” Qanunda bəzi pozitiv dəyişiklik təklifləri ilə bağlı fikir mübadiləsi aparıldığını bildirmişdi.