Azərbaycan Mətbuat Şurasında jurnalist İlqar Əlfioğlunun 70 illik yubileyi ilə bağlı toplantı keçirilib.
Mətbuat Şurasından Lent.az-a verilən xəbərə görə, şuranın sədri Rəşad Məcid bildirib ki, hazırda APA Jurnalist Məktəbində telejurnalistika kursunun təlimçisi kimi fəaliyyət göstərən İlqar Əlfioğlu adını ölkəmizin müasir media tarixinə yazdırmağı bacarıb.
Onun sözlərinə görə, bu bacarıq özündə geniş yaradıcılıq diapazonunu birləşdirməklə nümunəvi xarakter daşıyır: “İlqar Əlfioğlu 1978-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirdikdən sonra təyinatını Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə alaraq, burada kiçik redaktor və redaktor kimi fəaliyyət göstərib. 1986-cı ildə televiziyanın Teletamaşa şöbəsinə rəhbər təyin edilib, “Ordan-burdan”, “Sən həmişə mənimləsən”, “Yaşıl əjdaha” və digər məşhur teletamaşaların redaktoru olub. Yubilyarın müəllifi və aparıcısı olduğu “Dalğa” proqramı, eyni zamanda “Aktual ekran” verilişi həm cəmiyyətdə populyarlıq qazanıb, həm də Azərbaycanda ilk müəllif verilişlərindən biri kimi televiziya tariximizə düşüb”.
Rəşad Məcid Azərbaycan dilinin incəliklərinə bələd olan, özünəməxsus üslubu ilə seçilən İlqar Əlfioğlunun yaradıcılığında telejurnalistika ilə yanaşı, mətbu fəaliyyətin də xüsusi yer tutduğunu bildirib. Şura sədri jurnalistin 1000-ə yaxın siyasi-publisistik yazısının işıq üzü gördüyünü deyib. Yubilyar “Rakurs” qəzetlər qrupunu təsis edib, Azərbaycanda çoxtirajlı “Avrotitet” qəzetinin baş redaktoru olub.
MŞ sədri İlqar Əlfioğlunun 2001-ci ildə ABA televiziya şirkətində siyasi-publisistik proqramlara, o cümlədən, “Alo, eşidirik” adlı ilk interaktiv tok-şousuna aparıcılıq etdiyini, sonra “Qafqaz” Media Evində türkdilli ölkələr üçün telejurnalist kadrları hazırlayan Tədris Mərkəzinin direktoru işlədiyini, CNN Türk telekanalında təlim görən jurnalistlərə rəhbərlik etdiyini vurğulayıb.
MŞ sədri onu da bildirib ki, İlqar Əlfioğlu APA TV-nin formalaşmasına töhfə verib, kanalın Yaradıcılıq Şurasının sədri olub, ardınca Nazirlər Kabineti yanında Azərbaycan Dövlət Tərcümə Mərkəzində çalışıb. Yubilyar qələm sahibinin iki romanı, povest və hekayələr toplusu çapdan çıxıb. Dünya ədəbiyyatından yüzə yaxın müəllifin əsərlərini dilimizə çevirib, tərcümələri 150 cildlik “Dünya ədəbiyyatı inciləri” silsiləsində, bir neçə kitabı isə İranda fars əlifbası ilə Azərbaycan dilində nəşr olunub.
Rəşad Məcid İlqar Əlfioğlunun fəaliyyətini, peşəyə yanaşmasındakı yenilikçilik ruhunu jurnalistikanın inkişafına xidmət nümunəsi kimi dəyərləndirib, ona Mətbuat Şurasının diplomunu təqdim edib.
Toplantıda çıxış edən MŞ İdarə Heyətinin üzvü, APA Media Groupun rəhbəri Vüsalə Mahirqızı bildirib ki, İlqar Əlifoğlu Azərbaycan jurnalistikası, bütövlükdə media cameəsi üçün sərvətdir, fəaliyyəti örnək səciyyə daşıyan məktəbdir. Bu məktəbdə peşəyə rəğbət, ən mürəkkəb vəziyyətlərdə belə həyat yoluna sadiqlik, təlatümlərdən çıxaraq şəxsiyyətini qoruma əzmi, vicdanlı yanaşma, diqqət, qayğı və həssaslıq var.
Vüsalə Mahirqızı İlqar Əlfioğlunun hazırda bilik və bacarığını, zəngin təcrübəsini APA Jurnalist Məktəbində tədris etdiyini vurğulayaraq, onun daim əməksevərliyi ilə seçildiyini bildirib, vaxtilə yubilyarla birgə çalışdığı illərin xatirələrini bölüşüb.
MŞ İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunu rəhbəri Umud Rəhimoğlu İ.Əlfioğlununun parlaq istedadının, zəka və bacarığının yaradıcılıq məhsulu olan “Dalğa” proqramının Azərbaycanın televiziya tarixində müstəsna missiya daşıdığını, dövrün bütün klişelərini aşaraq əsl yaradıcılıq üsyanı kimi populyarlaşdığını deyib.
Toplantıda çıxış edənlərdən MŞ-nin Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu, Şuranın Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, APA Media Groupun baş redaktoru Nurşən Quliyev, TNS İnformasiya Agentliyinin baş redaktoru Gülşən Hacıyeva, naşir, şair və publisist Elman Eldaroğlu və başqaları İlqar Əlfioğlunun jurnalistikanın ölkəmizin yaradıcılıq mühitinə qazandırdığı çoxşaxəli fəaliyyət dəst-xəttinə malik obraz, istedad sahibi kimi xarakterizə edib, yubilyarla bağlı xatirələrini bölüşüb, təbriklərini çatdırıblar.
Sonda çıxış edən İlqar Əlfioğlu fəaliyyətinə verilən yüksək dəyərə və xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.