Ermənistanı NATO-ya həvəsləndirən nədir? - TƏHLİL
14 iyun 2022 11:34 (UTC +04:00)

Ermənistanı NATO-ya həvəsləndirən nədir? - TƏHLİL

KTMT-yə “müftəxor” damğası vurmaq siyasi sifarişə bənzəyir

Ermənistan mediası və ictimai fikri yenidən ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İqtisadi Birliyindən çıxması barədə debatlara başlayıb. Əsas arqument də ondan ibarətdir ki, bu ölü təşkilatlardan Ermənistana fayda yoxdur. Əksinə, avtoritar idarəetmə tərzinə malik dövlətlər arasında Ermənistan öz nüfuzunu itirir. Təəccüblüdür deyilmi? Halbuki bunlar bir ölkənin və cəmiyyətin Azərbaycanla 44 günlük müharibədə aldığı ölümcül məğlubiyyət fonunda nəyin bahasına olursa-olsun diri qalmağa çalışmaq cəhdindən başqa bir şey deyil. Hətta başqasına şər atmaq bahasına olsa belə. Onsuz da öz günahını başqalarının adına yazmaq ustalığı erməni cəmiyyətinin də, hakimiyyətinin də çoxdankı şakəridir və Azərbaycan 30 il işğal altında qalan torpaqlarında öz suveren hakimiyyətinin bərpa etdikdən sonra bu proses daha da sürətlənib. Artıq iki ilə yaxındır ki, ermənilər 44 günlük müharibədəki ağır məğlubiyyətlərini təhlil edərkən bunu daha çox Rusiya hərbi texnikasının yararsız olması ilə əlaqələndirirlər. İndi ermənilər tezliklə KTMT-dən çıxıb təkmil NATO modelinə keçmək barədə düşünürlər. Sürətlə hərəkət edib NATO-ya, texniki və texnoloji cəhətdən daha inkişaf etmiş Qərbə çatmaq indi Ermənistanın ictimai fikrində özünə dərin yer etmiş niyyət kimi görünür.

Lakin NATO çətin ki, illərdir, KTMT-də təmsil olunan bir ölkəni öz şinelinə alsın, yaxud Azərbaycanla müharibədə az qala bütün ordusunu və hərbi texnikasını itirən Ermənistan NATO-nun nəyinə lazımdır? Yaxşı olmazdımı ki, elə Ermənistan KTMT-də qalsın və təşkilatla düşmənçiliyinə son qoysun? Bu, əlbəttə mümkündür. Amma Nikol Paşinyanın hələ müharibədən öncə KTMT ilə başlatdığı düşmənçilik indi Rusiya-Ukrayna müharibəsi fonunda özünü daha çox büruzə verməyə başlayıb. Ermənilər nə qədər “yox” desələr belə, bu belədir və Paşinyanın sonuncu Moskva səfərində bütün KTMT üzvlərinə yönəltdiyi yersiz tənələr hər şeyin başdan idarə olunduğunu göstərir.

Ermənilərə ən çox yer edən 44 günlük müharibədən sonra KTMT-yə üzv olan ölkələrin çoxunun Azərbaycanı parlaq qələbəsi münasibətilə təbrik etməsidir. Onlar həm də müharibənin gedişində KTMT-nin bir-iki xırda bəyanat istisna olmaqla bütünlükdə səssiz qalması, Ermənistana silah-sursat və qoşunla yardım etməməsindən narahatdır. Orada heç kim anlamır ki, bu, baş verə bilməzdi. Çünki dəfələrlə deyilib ki, Azərbaycan müharibəni beynəlxalq hüquqla tanınan suveren ərazisində aparırdı, heç kimin torpağına və ərazisinə müdaxilə etməmişdi. Ona görə də KTMT-nin hansı əsasla Ermənistana köməyə gələcəyi indiki kimi elə o vaxt da sual doğururdu. Təəssüf ki, bəzən həqiqəti qəbul etmək çətin olur.

İndi erməni mediası KTMT-nin Parlament Assambleyası Şurasının Ermənistanda keçirilən iclasını “müftəxorların toplantısı” adlandırır. Hətta İrəvanda baş tutan KTMT xarici işlər nazirlərinin təmsil olunduğu iclasın da mahiyyətini müftəxorluq amili ilə bağlamağa başlayıblar. Yəni, onlar sadəcə, gəlib-gedir və heç nə etmirlər. Bu vəziyyət 30 il ərzində ATƏT-in Minsk qrupunun Azərbaycana münasibətdə oynadığı rolu və cəmiyyətin bu missiyaya mənfi münasibətini xatırlatmırmı? Azərbaycan xalqı da işi-gücü hər ara-sıra regionu gəzib yüksək səviyyədə görüşlər keçirmək, beş ulduzlu otellərdə qalıb, ən yaxşı restoranlara getmək olan həmsədrlərin fəaliyyətsizliyindən bezmişdi. Amma onları Ermənistanda sevirdilər...

Artıq KTMT-dən gələn hər bir bəyanat Ermənistanda qıcıq doğurur. Bir neçə gün əvvəl qurumun baş katibi Stanislav Zasın Parlament Assambleyasının iclasında Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası üzrə başlanan prosesi uğurlu adlandırması belə. Onlar bundan KTMT əleyhinə yeni kampaniya mövzusu düzəldiblər. Halbuki Stanislav Zasın dedikləri prosesə fəal şəkildə qoşulan Rusiya və Avropa rəsmilərinin fikirləri ilə eynilik təşkil edir və bu reallığı Ermənistan hakimiyyəti də qəbul edib. Görəsən, regionda təhlükəsizliyin qarantı olan sərhəd məsələsinin sülh yolu ilə həll edilməsi niyə Ermənistanda bu qədər narahatlıq doğurmalıdır? Bunu anlamaq üçün erməni olmaq lazımdır.

Erməniləri narahat edən məsələlərdən biri də KTMT-də türk dövlətlərinin də təmsil olunmasıdır və onlar hesab edirlər ki, Mərkəzi Asiya respublikaları Ankaranı Moskvadan daha yaxşı eşidir və regionda getdikcə çiçəklənən türkçülük ideyaları Moskvanı narahat etmirsə, artıq Ermənistanın KTMT-dən uzaqlaşması gözləmə mövqeyindən çıxmalıdır. Bütün bunlar absurd və amorf illüziyalarla erməni cəmiyyətinin başını qatmağa, bütün günahları mümkün qədər başqalarının üstünə atıb ləkələməyə bənzəmirmi?

Təbii ki, bu dedi-qoduların əsas səbəbi müharibədən sonrakı reallıqdır, amma əsl mahiyyət Ermənistanın nə dərəcədə müstəqil olması faktında gizlənib. Vəziyyəti düzgün qiymətləndirib Azərbaycanın regional və qlobal statusunu qəbul edənlər ona görə Ermənistana hörmət etmirlər ki, o, müstəqil deyil. Ermənistan son 30 ildə müstəqillik yolundan üz döndərib yalnız öz mövcudluğunu müttəfiqlərin yedəyində getməklə qorumağa çalışıb. Bu mənasız dirəniş isə sonda ağır nəticələrə gətirib çıxarıb. İndi təkəbbürlü olmaq fayda vermir. Özünə hörmət etmək lazımdır ki, başqaları da sənə hörmət etsin.

# 1557
avatar

Oxşar yazılar