Dövlət Komissiyası: "İtkin düşən  59 şəhidin qalıqları   ailələrinə verilib" - MÜSAHİBƏ
27 fevral 2025 11:26 (UTC +04:00)

Dövlət Komissiyası: "İtkin düşən 59 şəhidin qalıqları ailələrinə verilib" - MÜSAHİBƏ

Lent.az Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədovun APA-ya müsahibəsini təqdim edir

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 983 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır

 

- Vətən müharibəsində əldə olunmuş Zəfərdən sonra vətəndaşların Dövlət Komissiyasına müraciətlərinin artdığı bildirilir. Bu müraciətlərdən sonra itkin düşmüş şəxslərlə bağlı siyahıda hansısa dəyişiklik olub? Hazırda Dövlət Komissiyasında Birinci Qarabağ müharibəsi zamanı neçə nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır?

- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilmiş böyük Zəfərdən sonra Dövlət Komissiyasına Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailələrindən müraciətlər davam edir. Müraciətlər itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərin ailə üzvləri ilə yanaşı, qeydiyyatdan kənarda qalmış şəxslərin ailə üzvlərindən də daxil olur. Əlbəttə ki, Dövlət Komissiyası İşçi qrupunun əməkdaşları gündəlik iş prosesində müraciət edən vətəndaşları qəbul edir, onlarla davamlı şəkildə və müntəzəm işləyir.

Vətən torpaqlarının işğaldan azad edilməsi insanlarda itkin düşmüş yaxınlarının taleyinə aydınlıq gətirilməsi ilə bağlı böyük ümidlər yaradıb. Paralel olaraq, həm Dövlət Komissiyasına, eyni zamanda, hüquq-mühafizə orqanlarına, xüsusilə Baş Prokurorluğa da müraciətlər daxil olur.

Bununla yanaşı, həm itkin düşmüş şəxs kimi Dövlət Komissiyasının qeydiyyatından kənarda qalmış şəxslərin müəyyən edilərək qeydiyyata alınması, həm də itkin düşmüş yaxınları barədə DNT analizinin aparılması üçün bioloji nümunə verməmiş vətəndaşlarımızın müəyyən olunaraq onlardan nümunələrin götürülməsi məqsədilə İşçi qrupu tərəfindən müvafiq addımlar atılır, ictimaiyyətə müraciətlər ünvanlanır və araşdırmalar aparılır. İctimaiyyətə məlumdur ki, Vətən müharibəsindən əvvəl Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdı. Hazırda isə 01.02.2025-ci il tarixə olan məlumata əsasən, Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 983 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Onlardan 3 977 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüblər.

3 983 nəfərdən 3 209 nəfəri hərbçi, 774 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 75 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 116 nəfəri qadın, 315 nəfəri qocadır.

Hazırda da Dövlət Komissiyası İşçi qrupu tərəfindən Birinci Qarabağ müharibəsində vətəndaşlarımızın itkindüşmə faktı ilə bağlı bir neçə müraciət araşdırılır. Müraciətlərin davam etdiyini nəzərə alsaq, bunun son say olmayacağı istisna edilmir.

23 kütləvi məzarlıqdan Birinci Qarabağ müharibəsində itkin düşmüş 187 şəxsə aid olduğu ehtimal olunan meyit qalıqları aşkarlanaraq götürülüb

- İndiyə qədər azad olunmuş ərazilərdə neçə kütləvi məzarlıq aşkar edilib və həmin kütləvi məzarlıqlardan neçə nəfərə aid insan qalığı tapılıb. Tapılmış insan qalıqları üzrə neçə itkin şəxsin eyniləşdirlməsi mümkün olub? Və bir də əlavə kütləvi məzarların aşkarlanması ehtimalı var?

- Xüsusi olaraq vurğulamaq lazımdır ki, Vətən müharibəsində əldə edilmiş böyük Zəfərdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Dövlət Komissiyasının qarşısına Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi istiqamətində təcili-təxirəsalınmaz tədbirlərin görülməsi kimi mühüm vəzifə qoyulub.

Artıq ictimaiyyətə məlumat verildiyi kimi, ilk kütləvi məzarlıqlar 2021-ci ilin fevral ayının 17-də Şuşa rayonunun Daşaltı qəsəbəsində aşkarlanıb. Orada aşkarlanmış iki kütləvi məzarlıqdan 28 nəfərə aid meyit qalığı ekshumasiya edilərək götürülüb. Onu da qeyd edim ki, Daşaltı qəsəbəsində aşkarlanmış meyit qalıqları üzrə 14 itkin şəhidin eyniləşdirilməsi mümkün olub. Həmin şəxslər 26 yanvar 1992-ci il tarixdə Daşaltı qəsəbəsi uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan hərbçiləridir.

Sonrakı dövrdə isə işğaldan azad olunmuş ərazilərimizdə daha 21 kütləvi məzarlıq aşkar edilib, qazıntı işləri həyata keçirilib. Bütövlükdə aşkar edilmiş 23 kütləvi məzarlıqdan Birinci Qarabağ müharibəsində itkin düşmüş 187 şəxsə aid olduğu ehtimal olunan meyit qalıqları aşkarlanaraq götürülüb. Həmin meyit qalıqları üzrə 59 itkin-şəhidin şəxsiyyəti eyniləşdirilərək ailələrinə təhvil verilib.

Ermənistan hərbçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlərin xarakterini təhlil edərək, işğaldan azad edilmiş ərazilərimizdə kütləvi məzarlıqların aşkarlanması istiqamətində fəaliyyət davam etdirilir.

Dövlət Komissiyasına bu barədə çoxsaylı məlumat və materiallar daxil olmaqdadır. Xüsusilə Birinci Qarabağ müharibəsi dövründə döyüşlərdə iştirak etmiş, əsirlikdən azad olmuş şəxslər hazırda da məlumatları Dövlət Komissiyasına təqdim edirlər. Amma kütləvi məzarlıqların və digər məlum olan məzar yerlərinin müəyyən olunması ilə bağlı mütəxəssis heyəti xeyli sayda çətinliklə üzləşir. Bunun əsas səbəblərindən biri ərazilərin minalar və partlamamış hərbi sursatlarla həddən artıq çirkləndiriməsidirsə, digəri isə ərazilərdə əlavə torpaq qatının yaranması və relyef dəyişikliklərinin baş verməsidir. Əlbəttə ki, verilmiş şahid ifadələrinə əsasən, mütəxəssislər tərəfindən axtarış və qazıntı işləri müntəzəm davam etdirilir. Lakin böyük təəssüf hissi ilə deməliyəm ki, verilmiş məlumatlar üzrə aparılmış qazıntılar bir çox hallarda nəticə vermir.

Şahidlər vaxtilə onlara məlum olan məzar yerlərini dəqiq göstərməkdə çətinlik çəkirlər

Ona görə ki, işğal dövründə ermənilər tərəfindən ərazidə vandalizm aktları həyata keçirilib, xüsusilə qəbiristanlıqlar və məzar yerləri məqsədyönlü şəkildə dağıdılıb. Bunun əsas səbəbi Azərbaycan xalqına qarşı törətdikləri cinayət aktlarının gizlədilməsindən ibarətdir. Bundan başqa işğal altında olan torpaqlarda 30 ildən çox ekosid həyata keçirilib və Azərbaycanın ekologiyasına çox ciddi ziyan vurulub. Bu səbəbdən şahidlər vaxtilə onlara məlum olan məzar yerlərini dəqiq göstərməkdə çətinlik çəkirlər. Şübhəsiz ki, Birinci Qarabağ müharibəsinin gedişində azərbaycanlılara qarşı soyqırımı, terror və etnik təmizləmə həyata keçirilib, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüququn norma və prinsipləri kobud şəkildə pozulub.

İşğaldan azad edilmiş ərazilərimizdə aşkarlanmış 23 kütəvi məzarlığın hər birində 2-dən çox şəxsə aid insan qalığı aşkarlanıb

Oxucularınıza aydın olması üçün “kütləvi məzarlıq” anlayışına aydınlıq gətirmək istərdim. “Kütləvi məzarıq” dedikdə, nə başa düşməliyik? Kütləvi məzarlıq ikidən çox insanın heç bir dini və insani qaydalara riayət edilmədən xaotik halda bir çuxurda basdırılmasına deyilir. İşğaldan azad edilmiş ərazilərimizdə aşkarlanmış 23 kütəvi məzarlığın hər birində 2-dən çox şəxsə aid insan qalığı aşkarlanıb.

Misal üçün yuxarıda qeyd etdiyim kimi, Şuşa rayonu, Daşaltı qəsəbəsində aşkarlanmış 2 kütləvi məzarlıqdan 28 nəfərə, Xocavənd rayonunun Edilli kəndi ərazisidə aşkarlanmış 3 kütləvi məzarlıqadan 27 nəfərə, Xocalı şəhərində aşkarlanmış kütləvi məzarlıqdan 18, Ağdərə rayonunun Sırxavənd kəndindəki kütləvi məzarlıqlardan 15 nəfərə aid meyit qalıqları ekshumasiya edilib.

- Xocalı soyqırımı zamanı neçə nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb?

- Yuxarıda da qeyd etdiyim kimi, Vətən müharibəsində əldə edilmiş böyük Zəfərdən sonra Birinci Qarabağ müharibəsində vətəndaşlarımızın itkindüşmə faktı ilə bağlı Dövlət Komissiyasına yeni müraciətlərin sayı artıb. Bu müraciətlər eyni zamanda, Xocalı soyqırımı zamanı yaxınları itkin düşmüş şəxslər tərəfindən də edilir. Deyə bilərəm ki, 2024-cü ildə edilmiş müraciətlərin araşdırılması nəticəsində daha 13 vətəndaşımızın Xocalı soyqırımı zamanı itkin düşməsi faktı müəyyən edilib və onlar müvafiq qaydada itkin düşmüş şəxs kimi qeydiyyata alınıblar.

01.02.2025-ci il tarixə olan məlumata əsasən, Xocalı soyqırımı zamanı 210 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyanın qeydiyyatındadır. Onlardan 168 nəfəri mülki42 nəfəri hərbçidir. Mülki şəxslərdən 38 nəfər uşaq - 23 oğlan, 15 qız, 57 nəfər qadın - 15 nəfəri ahıl yaşlı qadın, 30 nəfər qoca da var. İtkin düşmüş 210 nəfərdən 95 nəfərinin işğal zamanı əsir-girov götürülməsi və saxlanmasına dair şahid ifadələri var.

Hələ də itkin ailələrinin bir qismi bioloji nümunə verməkdən yayınır

- İtkin düşmüş şəxslərin ailələrindən bioloji nümunələrin götürülməsi işi yekunlaşıb?

- Qeyd etməliyəm ki, Dövlət Komissiyası 2014-cü ildən etibarən itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin toplanması işini həyata keçirir. Bu proses nəticəsində 3 700-dən çox itkin şəxslə bağlı 11 mindən artıq donordan, yəni onların yaxın qohumlarından bioloji nümunələr toplanıb sistemləşdirilib.

Qeyd etmək lazımdır ki, Vətən müharibəsindən əvvəl bioloji nümunə verməyə tərəddüd etmiş insanlar, xaricdə olduğu üçün müraciət edə bilməyən şəxslər hazırkı prosesdə, eyni zamanda, artıq itkin düşmüş şəxslərin bir qisminin taleyi müəyyən olunandan sonra ümidlənərək müraciət etməyə başlamışlar. Sözsüz ki, onlardan bioloji nümunələrin götürülməsi aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi üçün vacib xarakter daşıyır.

Ancaq qeyd etmək istəyirəm ki, bu sahədə çətinliklərimiz də var. Prosesə 2014-cü ildən başlanılmasına baxmayaraq, hələ də itkin ailələrinin bir qismi yumşaq ifadə etsək, bioloji nümunə verməkdən yayınır. Məsələ ilə bağlı dəfələrlə inzibati qaydada və mətbuat vasitəsilə vətəndaşlara müraciət edilib. Mən fürsətdən istifadə edərək DNT nümunəsi verməmiş vətəndaşlarımıza bir daha müraciət etməyi zəruri hesab edirəm: Hörmətli itkin ailələri, itkin düşmüş şəxslərin taleyinin müəyyən olunmasında çox vacib amil olduğu üçün Sizlərdən bir daha Dövlət Komissiyasına yaxınlaşaraq DNT nümunələr verməyinizi xahiş edirik.

Xüsusilə qeyd etmək lazımdır ki, toplanmış bioloji nümunələrinin DNT profilləri Dövlət Komissiyasının sədri Əli Nağıyevin müraciətinə əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsində yaradılmış Genetik araşdırmalar mərkəzində arxivləşdirilir. İtkin ailələrindən DNT nümunələrinin götürülməsi və insan qalıqlarının eyniləşdirilməsi ilə bağlı molekulyar-genetik ekspertiza da DTX-nin Hərbi-tibb baş idarəsinin Genetik araşdırmalar mərkəzində həyata keçirilir.

Təəssüf ki, aşkar etdiyimiz meyit qalıqlarının hamısı molekulyar-genetik analizlərin aparılması tələblərinə cavab vermir

- Ümumilikdə neçə itkinin kimliyi DNT nümunələri vasitəsilə müəyyən edilib? İtkinlərin kimliyini müəyyən etməyin başqa yolları da var?

- Prosesin başladığı 2021-ci ildən ötən müddət ərzində meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 165 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb, ailələrinə təhvil verilərək qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn ediliblər.

Sözsüz ki, eyniləşdirmə prosesində vacib aspekt molekulyar genetik laboratoriyanın verdiyi cavabdır. Əgər tapılmış qalıqlarda bioloji nümunə, başqa sözlə DNT analizi üçün müvafiq material varsa, onun şəxsiyyətinin müəyyən olunması daha asan olur. Bununla yanaşı, itkin düşmüş şəxslərin eyniləşmə prosesində digər metodlardan da istifadə olunur. İtkinlərlə bağlı ilkin olaraq antemortem - ölümdən əvvəliki məlumatlar toplanır. Məzarlar aşkarlanandan sonra isə postmortem - ölümdən sonrakı məlumatlar toplanır ki, əvvəlki məlumatlarla tutuşdurulsun. Ümumilikdə isə şəxsiyyətin eyniləşdirilməsi çox mürəkkəb prosesdir, bu uzun müddət, maddi və insan resursları tələb edir. Ekshumasiya prosesində tapılan meyit qalıqları müəyyən tələblərə cavab verməlidir. Təəssüf ki, aşkar etdiyimiz meyit qalıqlarının hamısı molekulyar-genetik analizlərin aparılması tələblərinə cavab vermir.

Ümumiyyətlə, antemortem məlumatların toplanması zamanı verilmiş bütün informasiyalar qeydiyyata alınır, bu prosesdə itkinin ailə üzvlərinin, son dəfə onu görmüş və yanında olmuş şəxslərin verdiyi məlumatlar toplanır və sistemləşdirilir. Sonuncu dəfə itkinin əynindəki geyim, ayaqqabı, yaxud cibindəki daraq, qələm, qol saatı və s. kimi məlumatları nəzərdə tuturam. Əgər məzardan deyilən parametrlərə uyğun artefaktlar tapılırsa, itkin düşən şəxsin şəhidolma arealı da mütəxəssislərə məlumdursa, bu metodologiyalardan da istifadə olunur.

- İtkin düşmüş şəxslərə aid məzar yerlərinin axtarışı, qazıntı, ekshumasiya, eyniləşdirmə və itkin-şəhidlərin dəfn prosesində hansı dövlət qurumları iştirak edir?

- Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və onun icraçı orqanı olan İşçi qrupu Azərbaycan Prezidentinin Sərəncamı ilə 1993-cü ildə yaradılıb. Hazırda Dövlət Komissiyasında 21 qurum təmsil olunur.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş səxslərə aid məzar yerlərinin axtarışı, qazıntı, ekshumasiya, aşkarlanmış meyit qalıqlarının müvafiq qaydada qablaşdırılaraq daşınması, eyniləşdirilməsi və şəxsiyyəti müəyyən edilmiş itkin-şəhidlərin dəfn mərasimlərinin təşkili Dövlət Komissiyasının İşçi qrupu tərəfindən tənzimlənir və əlaqələndirilir.

Bu prosesdə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb baş idarəsinin Genetik araşdırmalar mərkəzi və digər aidiyyəti idarələri, Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti, ANAMA, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu və yerli icra hakimiyyətləri yaxından iştirak edirlər. Onu da qeyd edim ki, 2021-ci ildə meyit qalıqlarının axtarışı, ekshumasiyası və eyniləşdirilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət heyət yaradılıb. Bu heyət fəaliyyətini davam etdirir.

- İtkin düşmüş şəxslərin ailələri ilə Dövlət Komissiyası arasında münasibətlər necə tənzimlənir, onlarla necə işləyirsiniz? Bu barədə məlumat vermənizi xahiş edirik.

- Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik cənab Əli Nağıyevin rəhbərliyi ilə əsir-girov və itkinlərin işi ilə bağlı bütün istiqamətlərdə olduğu kimi, itkin ailələri ilə iş sahəsinə diqqət artırılıb. Komissiya sədrinin tapşırığına uyğun olaraq İşçi qrupu itkin ailələri ilə gündəlik olaraq təmasda olur, problemin həssaslığı nəzərə alınaraq, vətəndaşların qaldırdığı məsələlərə fərdi yanaşma nümayiş etdirilir.

Vətəndaşların Dövlət Komissiyasına müraciətlərinin asanlaşdırılması üçün müasir texnoloji yeniliklərdən istifadə edilir. Vətəndaşlar Komissiyanın [email protected] elektron poçt ünvanı, 010-232-33-77 mobil telefon nömrəsi və 81-61 “qaynar xətti”ndən istifadə etməklə İşçi qrupu ilə asanlıqla əlaqə saxlaya və suallarına cavab ala bilərlər. O cümlədən DNT nümunələrinin verilməsi üçün bu əlaqə vasitələrindən asanlıqla istifadə olunur.

Ailələrlə iş prosesində problemin həssaslığı xüsusi olaraq nəzərə alınmalıdır. Yaxınlarını itirmiş şəxslər mənəvi-psixoloji sarsıntı keçirmiş insanlardır. Burada hər bir ailəyə fərdi yanaşma vacibdir. Bir çox hallarda biz vətəndaşın müraciətini gözləmirik. Yəni iş prosesində zərurət yaranırsa, İşçi qrupunun əməkdaşları vətəndaşlarla əlaqə yaradır və onlarla işləyirlər. Sözsüz ki, Dövlət Komissiyasının fəaliyyətinin mərkəzində itkin ailələri durur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 368

Oxşar yazılar