“Bu, əmmaməli şeytanların son çırpınışıdır” - Fazil Mustafa
07 dekabr 2022 16:21 (UTC +04:00)

“Bu, əmmaməli şeytanların son çırpınışıdır” - Fazil Mustafa

Noyabrın 29-da Milli Məclisin deputatı Fazil Mustafa Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə diqqət çəkməklə İranpərəst qüvvələrin qəzəbinə tuş gəlib.

Lent.az xəbər verir ki, ayrı-ayrı din xadimlərinin kəskin reaksiyaları ilə yanaşı, İbrahim Müctəba Birliyi tərəfindən də bu çıxışa qarşı bəyanat yayılıb. Onlar Fazil Mustafanı saxta və mənfur deyə təhqir ediblər: “Azərbaycan Milli Məclisinin “saxta deputatı” Fazil Qəzənfəroğlunun narahat olduğunu gördük. Gürcüstan dindarlarına həmişə haqsız böhtan və iftiralarla tanınan Fazil, deyəsən, bu günlərdə də öz mənfur xislətlərindən əl çəkmir” - deyə bəyanatda bildirilib.

İranpərəstlərin ürəyi bununla da soyumayıb, qatı anti-Azərbaycan mövqeyi ilə tanınan İranın “Qafqaz.ir” saytı Azərbaycan Milli Məclisini təhqiramiz şəkildə “Bakı parlamenti” adlandırıb.

Xatırladaq ki, deputat Fazil Mustafa çıxışı zamanı bildirmişdi ki, Gürcüstanda olan din xadimlərimizin əksəriyyətini ya İran öz dini müəssisələrində hazırlayır, ya da Borçalıya onlara müəyyən tapşırıqlar verərək qaytarır. “Gürcüstanda azərbaycanlılar arasında cəhalət artmaqdadır. Biz indidən bu məsələyə reaksiya verməliyik. Gürcüstanda olan azərbaycanlıların dini təhsil alması üçün imkanlar da yaradılmalıdır” deyə deputat bildirmişdi.

İbrahim Müctəba Birliyinin haqqında məlumat toplamaq istəsək də, adına it dəftərində də rast gəlmədik. Bir onu bildik ki, Mərkəzi İrandadır, Marneulidə ikinci böyük mərkəzi yaradılıb. Müctəba seçilmiş bəyənilmiş anlamını verir. Şüarı İslama xidmətdir. Sosial şəbəkələrdə təbliğat aparır, İran haqqında bütün tənqidi fikirlərə təhqirlə cavab verirlər. Vəssalam. Başqa heç bir iz, məlumat yoxdur.

Əslən Borçalıdan olan politoloq, professor Xaləddin İbrahimli Lent.az-a bildirib ki, İranın Qum və Məşhəd şəhərindən gələn emissarlar siyasi şiəliyi, şiəlik adı atında Xomeyniçiliyi təbliğ edir, din öyrənmək istəyənləri Quma, Məşhədə aparırlar. 

“Onların İrandan geriyə hansı şəkildə qayıdacağını bilmək üçün çox düşünməyə gərək yoxdur. Bu adamların maddi ehtiyacları dini qurumlar tərəfindən qarşılanır, “qayğı” ilə əhatə olunurlar. Təsir dairəsinə düşmələri çox asandır. Böyük Britaniyanın Hərb və Sülh İcmalları İnstitutunun (IWPR) 2005-ci ildə yayımladığı məqalədə İranın Gürcüstan azərbaycanlıları üzərində dini təbliğatının elə müstəqilliyimizlə yaşıd olduğu bildirilib.

İrandan missionerlər rəsmi olaraq fars dili və İslamı tədris etməyə gəlsələr də, onların əsas vəzifəsi Borçalı və Tiflisdə antiazərbaycan təbliğatının aparılmasıdır. Maraqlıdır ki, İranın Gürcüstandakı səfiri tez-tez dini mərasimlərə qatılır, moizələr oxuyub təbliğat aparır. İranın çörəyi ilə bəslənən və təsir dairəsinə düşmüş bir çox “dindarlar” artıq Azərbaycana düşmən mövqe sərgiləyirlər.

Bir neçə il əvvəl Azərbaycan dövləti ölkə daxilində dini qurumlara nəzarət gücləndirildikdən sonra İran diqqətini Gürcüstana və Rusiyaya yönəltdi. Bu ölkələrdə yaşayan azərbaycanlılarla Azərbaycan əleyhinə ciddi iş aparılmağa başladı. İran şiəlik, Əhli-beyt, İmam Hüseyn sevgisi adı altında Azərbaycan əleyhinə şəbəkə qurdu.

Belə dini qurumları ayrı-ayrı şəxslər və İran maliyyələşdirir. İllər əvvəl Gürcüstan Müsəlmanları İdarəsi QMİ-ə tabe idi. Daha sonra İranın birbaşa iştirakı ilə müstəqil idarə yaradıldı. Nəticə indi göz qabağındadır. İş ondadır ki, İran öz təsiri altına kiçik yaşlı uşaqları, yeniyetmələri də salmağa çalışır və bunu bacarır. İşin arxasında böyük pullar dayanır”, - deyə ekspert qeyd edib. 

İllərdir, media İranın Gürcüstanda bir sıra mərkəzləri, emissarlarının sərbəst fəaliyyət göstərməsi barədə həyəcan təbili çalırdı. Gürcüstanda yaşayan azərbaycanlılar arasında İranın təsir imkanlarını artırmaq məqsədilə ölkəmiz əleyhinə ciddi təbliğat aparılır. Bu mənada din ən güclü silah kimi istifadə olunur. Tədbir görməkdə xeyli gec qalmışıq. Çünki əkilən zəhərli toxumlar artıq cücərib, böyüyüb.

Politoloq Elxan Şahinoğlu Lent.az-a bildirib ki, İran heç zaman Azərbaycanın müstəqilliyini həzm edə bilməyib. 

“İranın siyasətində yeni heç nə yoxdur. 30 ildir, biz təxribatçı açıqlamaların şahidi olmuşuq. Bu gün İrana xidmət edən bir dini icmanın parlamentimizi “Bakı parlamenti” adlandırması, deputatımızı təhqir etməsi təxribatdır, parlamentimizi bu cür adlandırmaq ölkənin müstəqilliyini tanımamaq anlamına gəlir. Tehran parlamentində Azərbaycan əleyhinə təhqiramiz fikirlər səsləndirirlər, iranlı deputatlar heç bir etikaya, siyasi mədəniyyətə sığmayan ifadələrə yol verirlər. Bu günlərdə İran ali liderinin müşaviri, keçmiş xarici işlər naziri Vilayəti bir məqalə yayımladı, guya münasibətlərin yumşalmasını arzuladığını bildirirdi, amma ikibaşlı ifadələr işlədirdi. İran adlı dövlət Azərbaycanın müstəqilliyini qəbul eləmək istəmir. Bu onların xarakterindədir.

Son aylar Azərbaycan İranın atdığı bütün təxribatçı addımlara gərəkən cavabı verir. Onlar parlamentdə əleyhimizə fikir səsləndirirlər, bizim deputatlarımız onların cavabını verir, onların dövlət mediası əleyhimizə təxribatçı reportajlar hazırlayır, bizim bütün dövlət kanallarımız cavabı gecikdirmir, bizi qorxutmaq üçün sərhəddə hərbi təlimlər keçirdilər, Azərbaycan ikiqat cavab verdi, həm özümüz təlim keçirdik, həm qardaş Türkiyə ilə birlikdə Araz çayı üzərində təlimlərə başladıq. Biz İrandan qorxmuruq. İran özündən qorxsun ki, Azərbaycana qarşı bu cür siyasət mərkəzdənqaçma meyllərini gücləndirəcək. İranda 30 milyondan çox azərbaycanlı yaşayar. Onların böyük əksəriyyəti öz kökünə bağlıdır. Bəli, etiraf edək ki, aralarında rejimə xidmət edənlər də var. Elə İranın Ali liderinin mənşəcə azərbaycanlıdır. Bunu o özü də səsləndirmişdi. Amma bu gün Azərbaycan əleyhinə yürüdülən siyasətin başında dayanır, antiazərbaycançı mövqe sərgiləyir. SEPAH-ın nəzdində də bizə qarşı çıxış edən azərbaycanlı generallar var. Lakin nəzərə almalıyıq ki, efirə çıxıb Azərbaycan dilində danışan və bizi təhqir edən iranlıların heç də hamısı azərbaycanlı deyil. Sadəcə, belə təqdim edilirlər. Təbliğat maşını işləyir. O ki, qaldı İranın Borçalıda apardığı dini təbliğata,Gürcüstan hakimiyyəti İranın dini təbliğatına loyal yanaşır, İranın müxtəlif fondları Gürcüstanda rahat fəaliyyət göstərir. İranın siyasi və dini dairələri Azərbaycanda bacarmadıqlarını Gürcüstanda həyata keçirməyə çalışırlar. Ya da böyük oyuna ordan başlamaq niyyətindədirlər. Gürcüstanda müsəlmanlar arasında məzhəb qarşıdurmasının gücləndirilməsində kimlər maraqlı ola bilər, bu yolla proseslərə daha rahat nəzarət etmək kimə əlverişlidir? Cavab elə sualın özündən bəlli olmurmu?” - deyə politoloq  qeyd edib.

Bəlli olur. Azərbaycanın qədim bir el məsəli var, soğan yeməmisənsə, için niyə göynəyir? Yoxsa biz ölkə daxilində xalqımızla bağlı hər hansı məsələni müzakirə edəndə İran niyə əl-ayağa düşür?

Lent.az-a danışan deputat Fazil Mustafa isə onu təhqir edən qüvvələrə belə cavab verib:

“Bu gerizəkalılar İranda saxta dinçidirlər, Allahı aldadanlardır, İslam kimi gözəl bir dini saxtalaşdıranlardır. Ona görə gözlərinə hamı saxta görünür. Onlar böhtançı, iftiraçı insanlardır. Bu rejim İran üçün fəlakətdir. İndi artıq isteriyaya düşüblər. Nə qədər böyük cinayət törətdiklərini özləri bilirlər. Onlar peyğəmbərin ailəsinə belə böhtan atan zehniyyətə sahibdirlər. Bizim çıxışlarımız Azərbaycan dövlətinin maraqlarını əks etdirir. Prinsipial olaraq erməniylə ağız-ağıza yatan bu şərəfsizlərin neçə illərdir cavabını veririk, bundan sonra da verəcəyik. Azərbaycanın milli maraqlarına zidd olan qüvvələrin qarşısından qaçmayacağıq. Nə qədər böhtan atırlar atsınlar, təhqir edirlər etsinlər. Bu gün İran xalqı əmmaməli xainlərə, dinsizlərə, dini hörmətdən salan, saxtalaşdıranlara qarşı öz sözünü deyir. Aylardır, İranda baş verənlər bunu göstərir. Bu, əmmaməli şeytanların son çırpınışıdır. Azərbaycana qarşı Ermənistanla birlikdə mövqe sərgiləməklə kim olduqlarını göstərdilər. Məsciddə donuz saxlayan ermənilərlə birlikdə addımlaya-addımlaya eyni xisləti əxz ediblər. Bizim onların addımlarına qarşı mövqeyimiz dəyişməyəcək. Biz dövlətimizin maraqlarına qarşı çıxış edən bu yaramazların öz təbliğat şəbəkələrini hərəkətə keçirməsinə yol verməyəcəyik. Azərbaycan qonşularına hörmət edən dövlətdir, biz mütərəqqi düşüncəli iranlıların yanındayıq. Lakin bizə soyqırımı tətbiq edən ölkəylə qucaqlaşan bir qüvvəni müsəlman adlandıra bilmərik”.

# 2754
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Putin İrəvanda  məğlub oldu

Putin İrəvanda məğlub oldu

18 mart 2024 , 19:03
İlham Əliyev Xankəndidə Novruz tonqalını yandırdı

İlham Əliyev Xankəndidə Novruz tonqalını yandırdı

18 mart 2024 , 12:31
“Toplum TV”nin QRANT QAÇAQMALÇILIĞI  - yeni detallar

“Toplum TV”nin QRANT QAÇAQMALÇILIĞI - yeni detallar

18 mart 2024 , 10:21
Prezident NATO-nun baş katibi ilə şam yeməyində

Prezident NATO-nun baş katibi ilə şam yeməyində

17 mart 2024 , 22:28
Azərbaycan və Gürcüstan liderlərinin bəyanatları - VİDEO

Azərbaycan və Gürcüstan liderlərinin bəyanatları - VİDEO

16 mart 2024 , 14:34
BAXCP-nin adı ƏHD  oldu

BAXCP-nin adı ƏHD oldu

16 mart 2024 , 13:20
Bayden İlham Əliyevi təbrik etdi

Bayden İlham Əliyevi təbrik etdi

16 mart 2024 , 11:10
Mətbuat Şurası Nurşən Quliyevi təltif etdi

Mətbuat Şurası Nurşən Quliyevi təltif etdi

15 mart 2024 , 18:18