30 il əvvəlin Ağdaban faciəsi: Dünya bu soyqırımı tanımalıdır
06 aprel 2022 16:21 (UTC +04:00)

30 il əvvəlin Ağdaban faciəsi: Dünya bu soyqırımı tanımalıdır

Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində soyqırım törətməsindən 30 il keçir. Kəlbəcərin işğalından bir il əvvəl Ermənistan silahlı birləşmələri tərəfindən törədilən Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir. 

Bu hadisə Azərbaycanın gözəl guşəsi olan Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni separatçılarının “Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırım faktıdır. 

Bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insanı işgəncələr verilməsi, yurdundan didərgin salınması ilə müşayiət olunan insanlıq əleyhinə ən böyük cinayətdir. 

Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ sahilində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 36 km şimal-şərqdə yerləşir. Həmin gün Ermənistan silahlı birləşmələri Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban və Çayqovuşan kəndlərinə hücum etdilər. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara dağıldı. Kəndləri müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən əhali müdafiəsiz qalmışdı. 

Erməni quldurları Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırdılar, 779 nəfər dinc sakinə divan tutdular. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görülməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırım törətdilər. Bu faciə zamanı 70 nəfər amansızcasına qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmışdı. Həmçinin, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmiş, 5 nəfər isə girov götürülmüşdü. 

Yeri gəlmişkən, Dədə Şəmşirin nəslindən olan 15 nəfər sakin də bu faciənin qurbanı olmuşdur. Erməni cəlladları Dədə Şəmşirin 28 yaşlı nəvəsi Qurbanov Qulu Şabər oğlunu diri-diri tonqalda yandırmış, 8 yaşlı Ülviyyənin gözləri qarşısında atası Camalı güllələmiş, özünü isə kartof quyusunda diri-diri basdırmışlar. 

Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyərətgah və məzarlıqlar təhqir olunub və məhv edilib. Erməni separatçılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandallığın davamı kimi, Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbani və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub. 

1993-cü il mart ayının 27-də erməni separatçıları Kəlbəcər rayonuna hücum edən zaman işğalı yenidən Ağdaban kəndindən başladılar. Erməni silahlıları yenidən kəndə hücum edərək onu viran qoydular. Beləliklə də, onlar Ağdaban kəndində ikinci faciəni törətdilər. Ağdabanın ikinci dəfə işğalı Kəlbəcərin tamamilə Ermənistan tərəfindən zəbt olunması demək idi. Bundan sonra Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq 1993-cü il aprel ayının 2-dək erməni silahlı birləşmələri tərəfindən tamamilə işğal edildi. 

Ağdaban qətliamı törədilmə spesifikasına və xarakterinə görə BMT Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınmağı və ona görə cəzalar” Konvensiyasının müddəalarına uyğundur, beynəlxalq hüquq əsasında soyqırımı aktı kimi tövsiyə etməyə imkan verir və Ağdaban kəndinin dinc əhalisinə qarşı ermənilər qüvvələri tərəfindən törədilən bu qırğın soyqırımı cinayəti kimi dünya ictimaiyyəti tərəfindən tanınmalıdır.

# 4929
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar