Urmiya Bəyannaməsində nələr var? - MƏTN
17 aprel 2011 14:28 (UTC +04:00)

Urmiya Bəyannaməsində nələr var? - MƏTN

Xəbər verdiyimiz kimi aprelin 16-da İranın Urmiya şəhərində Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü keçirilib. Həmin görüşün yekununda nazirlər Bəyannamə imzalayıblar. Lent.az Bəyannamənin mətnini Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən təqdim edir.

(Qeyri-rəsmi tərcümə)

İran İslam Respublikasının Xarici İşlər Naziri cənab Əli Əkbər Salehinin dəvəti ilə Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov və Türkiyə Respublikasının Xarici İşlər naziri cənab Davudoğlunun üç ölkə arasındakı müştərək əməkdaşlığa aid məsələləri müzakirə etmək məqsədilə ilk üçtərəfli iclası 16 Aprel 2011-ci ildə İran İslam Respublikasının Urmiya şəhərində keçirilmişdir.


Nazirlər


- İlk üç tərəfli görüşünün İran İslam Respublikasında keçirilməsi barədə razılığın əldə edildiyi İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbul Zirvə Görüşü çərçivəsində üç ölkənin Xarici İşlər Nazirləri tərəfindən 23 dekabr 2010-cu il tarixində qəbul edilmiş Birgə Bəyanatını bir daha təsdiq edərək;

- Dərin tarixi köklərə, müştərək mədəni irsə və sivilizasiyaya habelə qardaş və qonşuluq münasibətlərə söykənən üç ölkə, İran İslam Respublikası, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı yüksək səviyyəli münasibətləri nəzərə alaraq;

- Dərin köklərə söykənən üç ölkənin xalqları arasındakı dərin tarixi, dini, mədəni bənzərliklər və ümumi dəyərlər həmrəylik üçün qeyri-adi fürsət və imkanlar yaratmasına və xalqlar arasındakı əməkdaşlığın ümumi məqsədlərə nail olunması və qarşıdan gələn çağırışların qarşısının alınması üçün zəmin yaratmasına əmin olaraq;

- Üç ölkə arasında daha da güclənməkdə olan münasibətlərin inkişafının qənaətbəxş olmasını ifadə edərək və üç ölkənin xalqlarına, o cümlədən regionun digər millətlərinə firavanlıq gətirə biləcək sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni yolların araşdırılması üçün üç tərəfdə də möhkəm əzmliyin mövcudluğunu qeyd edərək;

- Regional əməkdaşlığın və ərazi bütövlüklərlə və həmçinin ölkə sərhədlərinə ehtiramın regional münaqişələrin həllinə müsbət təsir göstərdiyini nəzərə alaraq, regionda sülhün və sabitliyin möhkəmləndirilməsinin ümumi maraqlara cavab verdiyini ifadə edərək,

- İnkişafın, biliyin və texnologiyanın əldə edilməsi və həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin zəmanətlərin həyata keçirilməsini təsdiqləyən tək orqan olduğunu nəzərə alaraq, ayrı-seçkilik olmadan bərabər əsaslarda sülh məqsədilə Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsində nüvə texnologiyasına yiyələnmək haqqına sahib olmaq üçün bütün ölkələrə beynəlxalq münasibətlərdə ədalət prinsipinin və qanuni hüquqlara ehtiramın şamil olmasının əhəmiyyətini təkrar edərək,

- Regionda və həmçinin dünyada sülhə və sabitliyə qarşı yönəlmiş terrorizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq, silah, narkotik maddələr, insan qaçaqmalçılığına və həmçinin mühacirlərin qeyri-qanuni keçirilməsinə qarşı birgə səylərlə mübarizənin aparılmasına zəruriliyin olduğunu qəbul edərək;

Aşağıdakı razılaşdırılmışdır:

1. Hər üç ölkədə iqtisadi artımın gücləndirməsi və inkişaf etdirilməsi habelə yaşayış səviyyəsinin artırılmasının və tərəqqinin təmin edilməsi məqsədilə tərəflər ticarət, sənaye, investisiyalar, nəqliyyat, kommunikasiyalar, enerji, elm, texnologiya və turizm kimi müxtəlif sahələrdə müştərək layihələr həyata keçirəcəklər.


2. Üçtərəfli sərfəli ticarət sazişinin bağlanması, gömrük prosedurlarının asanlaşdırılması, sərhəd keçidlərinin müasirləşdirilməsi və müxtəlif iqtisadi və ticarət sahələrində fəaliyyət göstərmək üçün üç ölkə tərəfindən üçtərəfli müştərək şirkətlərin təsis edilməsi məqsədilə üç ölkənin xüsusi nümayəndələrinin iştirakı ilə üçtərəfli iqtisadi komissiya yaradılacaqdır.

3. Səfərlərin asanlaşdırılması və üç ölkənin xalqları arasında əlaqələrin genişləndirilməsi məqsədilə üç ölkənin Konsulluq məsələləri üzrə məsul rəsmilərinin iştirakı ilə üçtərəfli komissiya yaradılacaqdır.

4. Üç ölkə xalqlarının zəngin mədəni irsinin nümayiş etdirilməsi məqsədilə müştərək mədəni proqramların təşkili, o cümlədən mədəniyyət tədbirlərinin keçirilməsi və məşhur mədəniyyət xadimlərinin təntənəli təqdimatı.

5. Üç ölkənin təhlükəsizlik təşkilatları terrorizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq, silah, narkotik maddələr, insan qaçaqmalçılığı və həmçinin mühacirlərin qeyri-qanuni keçirilməsinə qarşı mübarizənin aparılması məqsədilə birgə tədbirlər görəcəklər.

6. Üç ölkə Xarici İşlər Nazirləri səviyyəsində və BMT, İKT və İƏT kimi regional və beynəlxalq təşkilatlar çərçivəsində mühüm qlobal və regional məsələlərlə bağlı məsləhətləşmələrini davam etdirəcəklər.

7. Regionda baş verən hadisələrlə bağlı, üç ölkə ictimaiyyətə qarşı törədilən zorakılığı pisləyir, xalqların hüquqlarına hörmət edilməli olduğunu və onların qanuni, dinc və ictimai tələblərinin yerinə yetirilməli olduğunu ifadə edir.

8. Tərəflər region xalqları arasında təmasların vacib əhəmiyyət kəsb etdiyini qeyd edir və sərhəd boyu səfərləri, ticarəti, kommunikasiyaları, nəqliyyatı və turizmi təşviq edir və dəstəkləyir.

9. Növbəti görüş 2011-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Naxçıvan şəhərində keçiriləcəkdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 772

Oxşar yazılar