“Sürətlə silahlanma gərginliyi daha da artırır” – MÜSAHİBƏ
04 aprel 2011 14:25 (UTC +04:00)

“Sürətlə silahlanma gərginliyi daha da artırır” – MÜSAHİBƏ

ABŞ-ın Cənubi Qafqaz və Yaxın Şərq siyasəti üzrə tanınmış analitik, Corctaun Universitetinin professoru Şirin Hanterin (Shireen Hunter) APA-nın Vaşinqton müxbirinə müsahibəsi


- Rusiya Azərbaycana məxsus, ABŞ-a birgə istifadəsi təklif olunan Qəbələ radiolokasiya stansiyasını müasirləşdirir. Vaşinqton analitikləri və rəsmiləri bu barədə nə düşünür? ABŞ və Rusiya hələ də Qəbələ radiolokasiya stansiyası ilə bağlı məsələni müzakirə edirmi?

- Əgər ABŞ-Rusiya münasibətləri bütün sahələrdə inkişaf etsə və onlar regionda birgə təhlükəsizlik tədbirləri ilə bağlı razılığa gəlsələr, şübhəsiz radiolokasiya stansiyasının müasirləşdirilməsi birgə istifadəni daha da cəlbedici edər. Bu stansiyanın kimə qarşı istifadə olunacağını, ABŞ və Rusiyanın izlənəcək ölkə və ya ölkələrlə bağlı razılığa gəlib-gəlməyəcəklərini müəyyənləşdirmək də vacibdir.


- Ümumiyyətlə, Rusiya və ABŞ arasında təhlükəsizlik sahəsində əməkdaşlıq və burada Cənubi Qafqazın yeri barədə nə deyə bilərsiniz?

- SSRİ-nin süqutundan 20 il keçsə də, Rusiya və ABŞ-ın maraqları, təhlükəsizliyə qarşı təhdidlərlə bağlı fikirləri hələ də fərqlənir. Bundan başqa, Rusiya keçmiş SSRİ-nin ərazilərinə hələ də xüsusi maraq dairəsi kimi baxır. Moskva, həmçinin təhlükəsizliyə qarşı təhdidlərin daha çox bu regionlardan olduğunu Vaşinqtondan yaxşı başa düşür. Rusiya və ABŞ bəzi digər ölkələrin təhdidlərini də fərqli qiymətləndirir. Buna İranı misal göstərmək olar. Ona görə də Rusiya və ABŞ arasında əməkdaşlığın gələcək perspektivləri onların təhlükəsizliklərinə qarşı təhdidləri qiymətləndirmələrindən asılı olacaq. Bəzi sahələrdə, məsələn Mərkəzi Asiya və Əfqanıstanda terrorizm əleyhinə əməliyyatlarda ABŞ və Rusiya əhəmiyyətli dərəcədə əməkdaşlıq edir. Lakin Rusiyanın Gürcüstanla münasibətləri Cənubi Qafqazda böyük maneə yaradır. Bundan başqa, Rusiya, hətta bəzi Qafqaz dövlətləri Amerikanın bəzi geniş xarici siyasət hədəflərini paylaşmır. Məsələn, nə Rusiya, nə də region dövlətləri İranla müharibə istəyir, çünki bu, bütün regionun sabitliyini pozacaq. Nəhayət, Rusiya rəhbərliyinin xarakteri bu perspektivlərə təsir edə bilər. Yeltsin-Kozırev kimi qərbyönümlü rəhbərlik Amerika ilə əməkdaşlığa Putindən daha açıq olardı. Medvedev daha çox qərbyönümlü görünür və əgər üstünlüyü ələ alsa, əlaqələr inkişaf edə bilər.


- Uzun müddətdir raket hücumundan müdafiə məsələsi Qərb koalisiyası və Rusiya arasında həssas mövzudur. Bu yaxınlarda NATO Rusiyadan kənar, ayrıca raket hücumundan müdafiə sistemi quracağını bildirib. Moskvanın buna reaksiyası necə olacaq?

- NATO artıq mövqeyini dəyişib və Rusiya ilə birgə raket hücumundan müdafiə sistemi ilə bağlı razılığa gəlib, danışıqlar aparılır. Lakin bu danışıqların uğurlu olub-olmayacağı məlum deyil.


- ABŞ-Rusiya münasibətlərində “yeni era”nın perspektivinə inanırsınızmı?

- ABŞ-Rusiya münasibətləri, bir çox dövlətlər arasında olduğu kimi, bəzi sahələrdə əməkdaşlıq, bəzilərində isə rəqabətə əsaslanır və bu belə də davam edəcək. ABŞ və Rusiyanın məxsusi coğrafiyaları, mədəniyyətləri və təhlükəsizlik problemləri onlar arasında daim fikir ayrılığına səbəb olacaq. Məsələn, Qafqazda və Mərkəzi Asiyada proseslər Rusiyanı ABŞ-dan daha çox narahat edəcək. ABŞ-ın bu regionlara diqqəti Yaxın Şərqlə bağlıdır. Bu bağlılıq olmasa, ABŞ-ın bu regionlarda həyatı əhəmiyyət daşıyan təhlükəsizlik maraqları olmaz. Sıx əlaqələr Rusiya və ABŞ-ın maraqlarının nə qədər yaxın və yaxud fərqli olmasından, həmçinin Rusiyanın iqtisadi və digər vəziyyətlərindən asılı olmalıdır. İqtisadi cəhətdən qüdrətli olarsa, Rusiya daha inadlı, aqressiv xarici siyasət yürüdə bilər, məsələn, 2007-2008-ci illərdə ABŞ-la münasibətlərində çat yaradan siyasət kimi... Digər bir amil isə Çindir. Ola bilər ki, Rusiya və ABŞ Çin əleyhinə birgə işləsin, yaxud Çinlə Rusiya ABŞ-a qarşı birləşsin. Beynəlxalq sistemin təbiəti yeni dövlətlərin, yeni oyunçuların meydana çıxması ilə dəyişir. Bu o deməkdir ki, növbəti illərdə ABŞ-Rusiya münasibətləri prizmasından dünyaya köhnə baxış və ya böyük dövlətlərin hegemonluq uğrunda mübarizəsi əhəmiyyətini itirə bilər, bu da beynəlxalq və regional münasibətlərə daha fərqli baxışın yaranmasına və beynəlxalq münasibətləri nizamlamaq üçün yeni yolların axtarılmasına ehtiyac yaradacaq.


- Azərbaycan, xüsusilə də onun Dağlıq Qarabağ problemi həmişə böyük dövlətlərin regional siyasətində diqqət mərkəzində olub. Qarabağda yeni müharibənin başlaya biləcəyi ilə bağlı bəzi narahatlıqlar var. Siz bu narahatlıqları bölüşürsünüzmü? Yeni müharibənin qarşısını almaq üçün nə etmək lazımdır?

- Bütün dondurulmuş ərazi mübahisələrinin və münaqişələrinin yenidən alovlanmaq qorxusu var. Sürətlə silahlanma gərginliyi daha da artırır. Qarabağ münaqişəsində daxili siyasətlər də rol oynayır və bu mürəkkəb amildir. Bu o deməkdir ki, tərəflərdən biri daxili səbəblər ucbatından risk etməyə daha çox həvəs göstərə bilər və düşmənçilik yenidən qızışar. Amma buna ehtiyac olmayacaq, çünki lazımi qabaqlayıcı tədbirlər görülür. Bir sıra faktlar, məsələn əhali tərkibinin dəyişməsi, münaqişənin həllini daha da çətinləşdirir. Ərəb-İsrail münaqişəsi buna misal ola bilər. Buna görə də maraqlı olan bütün tərəflər atəşkəs pozulmasının, qəfil atəşlərin qarşısını almaq üçün effektiv mexanizmlər işləyib hazırlamalı, sonra da dinc yolla həll prosesini bərpa etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633

Oxşar yazılar