AŞ PA İrandakı vəziyyətə dair qətnamə qəbul edib
25 iyun 2009 12:30 (UTC +04:00)

AŞ PA İrandakı vəziyyətə dair qətnamə qəbul edib

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bu gün keçirilən iclasında fövqəladə olaraq “İrandakı vəziyyət” adlı məruzə müzakirə olunub.

APA-nın Avropa bürosunun məlumatına görə, müzakirələrdə İranda baş verən hadisələr kəskin pislənib.

İsveçli parlamentar Qoran Lindblad tərəfidnən hazırlanmış 11968 saylı məruzədə bildirilir ki, 12 iyundan sonra ölkədə baş verən nümayişlər 1979-cu il inqilabından sonra müşahidə olunan ən əhəmiyyətli hadisələrdir. “12 iyunda keçirilən prezident seçkilərinin nəticələrinin elan olunmasından sonra başlayan nümayişlərdə müxalifət tərəfdarları seçkinin nəticələrinin ləğv edilməsi tələbini irəli sürdülər. Hakimiyyət orqanları isə zor tətbiq edərək yüzlərlə insanı həbs edib, ifadə azadlığına qadağalar qoyulub. İrandakı vəziyyətin dinc yolla və uzunmüddətli həllinə, eləcə də regionda sabitliyin və sülhün bərqərar olmasına gedən yeganə yol demokratiya, insan haqlarına hörmət və hüquqi dövlət prinsiplərinə hörmətdən keçir. Assambleya İran parlamenti və ölkənin demokratik gücləri, eləcə də vətəndaş cəmiyyətinin təmsilçiləri ilə konstruktiv dialoq qurulmasına hazırdır”, - deyə məruzədə qeyd edilir.

AŞ PA İran hakimiyyətini dinc nümayişçilərə qarşı güc və zor tətbiq etməməyə, həbs olunmuş insanları, o cümlədən siyasətçiləri azad etməyə, mətbuat azadlığına qoyulmuş qadağaları aradan qaldırmağa, xüsusilə müxalif mətbuatın bağlanmasının qarşısını almağa, xarici jurnalistlərin cəzalandırılması və ölkədən çıxarılması hallarına son qoymağa çağırıb: “İran hakimiyyətini seçki prosesi zamanı baş vermiş pozuntu hallarını müstəqil şəkildə araşdırılmasına imkan verməyə, ölkənin siyasi həyatında konstruktiv dialoq qurmağa və yeni ABŞ administrasiyasının yeni yanaşmasına müsbət cavab verməyə, qarşılıqlı etimad mühitinin yaradılması məqsədilə beynəlxalq ictimaiyyətlə dialoq qurmağa dəvət edir, habelə İranın bütün siyasi tərəflərini zor tətbiq etməkdən çəkinməyə və dialoq yolunu seçməyə çağırırıq”.

Bundan əlavə, AŞ PA qurum yanında müşahidəçi statusunda iştirak edən ölkələri də beynəlxalq ictimaiyyətin narahatlığını ifadə etmək üçün İran hakimiyyəti ilə əlaqələri gücləndirməyi və dərin siyasi dialoq qurulmasına dəvət edir: “AŞ PA arzu edir ki, Avropa 18-19 iyun 2009-cu il tarixlərində Avropa İttifaqının qəbul etdiyi mövqedən çıxış edərək, bu böhranın həll olunmasında fəal rol oynasın”.

Qeyd edək ki, Aİ həmin mövqeyində İranda zor tətbiq edilməsini pisləyib, bütün narahatlıq doğuran məsələlərdə İranı beynəlxalq ictimaiyyətlə dialoq yolunu seçməyə çağırıb.

Sənəddə o da bildirilir ki, AŞ PA İran parlamenti, İranın demokratik gücləri, eləcə də vətəndaş cəmiyyət ilə əlaqələrini gücləndirməyə və ölkədəki vəziyyəti yaxından izləməyə qərar verir.

Sonda qətnamə qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 838

Oxşar yazılar