“Bu il Qarabağ münaqişəsinə dair ən yaxşı halda baza prinsipləri razılaşdırıla bilər”
18 may 2009 18:30 (UTC +04:00)

“Bu il Qarabağ münaqişəsinə dair ən yaxşı halda baza prinsipləri razılaşdırıla bilər”

Bunu Beynəlxalq Böhran Qrupunun Avropa proqramının direktoru Sabina Freyzer deyir

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu il ən yaxşı halda baza prinsipləri razılaşdırıla bilər. ATƏT-in Minsk Qrupunun həmsədrləri prosesdə irəliləyiş əldə olunacağına dair optimist əhval-ruhiyyədədir”.

APA-nın məlumatına görə, Beynəlxalq Böhran Qrupunun Avropa proqramının direktoru Sabina Freyzer münaqişənin nizamlanması prosesini belə şərh edib: “Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün iyunun 4-6-da Sankt-Peterburqda keçiriləcəyi gözlənilir. Lakin dalana dirənən bəzi məsələlər, o cümlədən Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsinə dair referendumun keçirilməsi şərtləri, Laçın dəhlizinin ölçüləri və mümkün statusu hələ də razılaşdırılmayıb. Baza prinsiplərinə dair saziş imzalandıqdan sonra ola bilsin ki, qoşunların faktiki olaraq çıxarılmasına start verəcək hər tərəfi qane edən nizamlanma ətrafında razılığa gəlinsin”.

Sabina Freyzer Türkiyənin regionda, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində mühüm rol oynadığını vurğulayıb: “Heç şübhə yoxdur ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmasına və Cənubi Qafqazda stabilliyə təkan verəcək. Lakin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesdə pozitiv əsas yaratması üçün Türkiyənin edə biləcəyi ən yaxşı şey Ermənistanla münasibətləri normallaşdırmaqdır”. Sabina Freyzer qeyd edib ki, aprelin 22-də Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşmasına dair “Yol xəritəsi”nin hazırlandığı barədə məlumatlardan sonra meydana çıxan optimist əhval-ruhiyyə yoxa çıxıb: “Normallaşma prosesinə Türkiyə-Ermənistan sərhədlərinin açılması, diplomatik münasibətlərin bərpası, bir çox məsələləri, o cümlədən münasibətlərin tarixi aspektini araşdıracaq ikitərəfli komissiyanın yaradılması daxil edilməli idi. Belə görünürdü ki, bu addımlar payıza kimi atıla bilər. Lakin indi bu prosesin illərlə yubanacağı gözlənilir. Axı Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan mayın 13-də Bakıya səfəri zamanı verdiyi bu bəyanatla Ermənistanla münasibətlərin normallaşması prosesini ləngitmiş oldu: “Türkiyə-Ermənistan sərhədləri Ermənistanın Qarabağı işğal etməsi nəticəsində bağlanıb. İşğal davam etdikcə sərhədlər açılmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 859

Oxşar yazılar