Bələdiyyə seçkisinə hansı partiyalar qatılacaq? - SORĞU
06 may 2009 15:30 (UTC +04:00)

Bələdiyyə seçkisinə hansı partiyalar qatılacaq? - SORĞU

Bu il Azərbaycanda üçüncü dəfə yerli özünüidarə orqanlarına seçkilər keçiriləcək. Lent.az ölkənin əsas partiyalarının nümayəndələri arasında seçkiyə qatılıb-qatılmayacağı barədə sorğu keçirib.

Yeni Azərbaycan Partiyası (YAP) bütün seçkilərdə, o cümlədən bələdiyyə seçkilərində iştirak etdiyi kimi, bu il keçirilən analoji prosesə də qatılacaq. YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Lent.az-a açıqlamasında bələdiyyə seçkisi ilə bağlı artıq partiya daxilində ilkin hazırlıq işlərinin yekunlaşdığını da bildirib.

ADP, ALP, AXCP, VİP, Ümid və Müsavat partiyalarının daxil olduğu Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı da bu il keçiriləcək bələdiyyə seçkisinə qatılacaq. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Lent.az-a bildirib ki, Hərəkata daxil daxil partiyalar bələdiyyə seçkisində iştirakın məqsədəuyğunluğu barədə qərar qəbul edib: “Hazırda Hərəkata daxil olan partiyaların öz strukturlarında da bu məsələlər ətrafında da müzakirələr gedir. Artıq Müsavat Partiyası bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul edib. Düşünürük ki, Hərəkata daxil olan digər partiyalarda da bu istiqamətdə qərarlar qəbul ediləcək. Bizim bu seçki ilə bağlı konsepsiyamız ondan ibarətdir ki, bələdiyyələrdə öz namizədlərimizi irəli sürək və hər bir siyasi partiya öz namizədlərlə rəsmi qeydiyyatdan keçməyə çalışsın”.

Klassik Xalq Cəbhəsi, Azadlıq, Xalq, Milli Demokrat və Böyük Azərbaycan partiyalarının daxil olduğu Demokratiya Uğrunda İttifaq (DUİ) da bu il keçiriləcək bələdiyyə seçkisinə qatılacaq. İttifaqa daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəloğlu Lent.az-a açıqlamasında bildirib ki, DUİ-nin bununla bağlı qərarı da var: “Klassik Xalq Cəbhəsi Partiyası olaraq öz rayon və şəhər təşkilatlarına təlimatlar göndərmişik. Bələdiyyə üzvlüyünə namizədlərin müəyyənləşdirilməsi bu ayın sonunadək başa çatmalıdır. Artıq bələdiyyə üzvlüyünə namizədləri müəyyənləşdirən rayon təşkilatlarımız var. Gələn ay namizədlərlə görüş keçirilməsi də nəzərdə tutulub. Bütün bunlarla paralel olaraq DUİ-yə daxil olan təşkilatlarla da birlikdə işlərimizi aparırıq”.

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) artıq seçki hazırlıqlarına start verib. VHP Təşkilat şöbəsinin rəhbəri Samir Əsədlinin sözlərinə görə, VHP bələdiyyə seçkilərində tək partiya üzvlərinin deyil, bitərəf şəxslərin, aktivliyilə seçilən jurnalistlərin və ziyalıların namizədliyini də irəli sürmək niyyətindədir: "Böyük şəhərlərdə, kiçik yaşayış məntəqələrində bələdiyyə seçkilərinə qatılmaq niyyətindəyik, bu yöndə iş aparılır. Rayon təşkilatları bələdiyyələrə öz namizədlərinin siyahılarını təqdim etməkdədirlər. May ayının ortalarından başlayaraq rayonlarda partiya üzvlərilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Namizədlər müəyyənləşdirildikdən sonra təbliğat və təşviqatın aparılması formaları ilə bağlı Seçki Qərargahının hazırladığı təlimata uyğun olaraq onlara treninqlər keçiriləcək".

Ədalət Partiyasının bələdiyyə seçkisində iştirak etmək fikri olsa da, hansısa blokda təmsil olunmaq niyyətində deyil: “Ancaq elə vəziyyət ola bilər ki, seçkidə hansısa partiyalarla əməkdaşlıq şəraitində iştirak edək”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat məsələləri üzrə katibi Əli Orucov da qurumun bələdiyyə seçkisinə qatılacağını təsdiqləyib: “Seçkidə iştirak etmək AMİP-in cari fəaliyyət planına daxil edilib. Ancaq seçkidə iştirak forması hələ də aydınlaşmamış qalır. Bununla bağlı daxili müzakirələr aparır və müəyyən təmaslarımız da olub. Bu məsələlərə seçki öncəsi aydınlıq gətiriləcək. Ancaq AMİP-in mövcud bloklarda iştirakı aktual deyil. Bu məsələ bizim üçün qapanıb. Çünki onlar amorf qruplardır, əməkdaşlıqları səmimiyyətə söykənmir”.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 997

Oxşar yazılar