Mədəniyyət Nazirliyi 2025-ci ildə Azərbaycan Kino Agentliyinə ayrılan 8,5 milyon manat vəsaitdən qalan 5 milyon vəsaitin gələn il necə xərclənəcəyini açıqlayıb.
Lent.az xəbər verir ki, barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, qalan məbləğin xərclənməsi konkret prioritet istiqamətlər üzrə planlaşdırılıb: "Vəsaitin bir hissəsi bu il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin qaliblərinin filmlərinin çəkilişinə sərf olunacaq. Bundan əlavə, istehsalının yekun mərhələsində olan bir neçə filmin tamamlanması, “Baku Cinema Breeze” beynəlxalq festivalının maliyyələşdirilməsi, eləcə də “Nizami” kinoteatrının yayım infrastrukturunun yenilənməsi və bərpası da planlaşdırılan xərclər sırasındadır. Bu tədbirlər milli kino sektorunda davamlı inkişafın təmin olunmasına xidmət edir".
Xatırladaq ki, bu gün Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında maliyyə nazirinin müavini Himalay Məmişov bildirib ki, 2025-ci ildə Azərbaycan Kino Agentliyinə 8,5 milyon manat vəsait ayrılıb. O qeyd edib ki, indiyədək həmin vəsaitin 41 %-i, yəni 3,5 milyon manatı istifadə olunub: "Hələ 5 milyon manat istifadə olunmamış qalıq var. 2025-ci ilin əvvəlinə həmin qurumun 11,5 milyon manat istifadə olunmamış vəsaiti var. 2026-cı il üçün sifarişlər 12 milyon manatdır. Həmin qurumun əlində olan vəsaitlərin növbəti il üçün xərclərini ödəyəcəyini düşünürük".