Yerli istehsalımız olan 20 zirehli texnika Silahlı Qüvvələrə təhvil veriləcək
19 noyabr 2010 11:58 (UTC +04:00)

Yerli istehsalımız olan 20 zirehli texnika Silahlı Qüvvələrə təhvil veriləcək

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

”Paramount Group”un lisenziyası və bu şirkətin mühəndislərinin iştirakı ilə Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal edilən bu texnikalar “Matador” və “Marauder” tiplidir. Bu günədək ümumilikdə 17 texnika istehsal edilərək testdən keçirilib.

Ümumilikdə “Paramount Group” və MSN arasında imzalanmış müqaviləyə əsasən, birinci mərhələdə 50 ədəd (25 ədəd “Matador” və 25 ədəd “Marauder”) zirehli nəqliyyat vasitəsinin yığılaraq sifarişçiyə çatdırılması planlaşdırılır.

Adıçəkilən nəqliyyat vasitələri “V” gövdəyə malikdir və zirehi çox yüksək səviyyədə partlayışlardan qorunmanı təmin edir. Döyüş maşınları 17 kq trotil gücünə davamlıdır, partlayış zamanı yalnız təkərləri sıradan çıxır. Şəxsi heyət qəlpə təsirləri və partlayışın akustikasından yüksək səviyyədə qorunur.

Qeyd edək ki, “Paramount Group” şirkəti bu yaxınlarda ənənəvi “V” gövdəli minaya davamlı döyüş maşınlarından fərqli olaraq davamlı düz korpusa malik “Mbombe” adlı yeni döyüş maşınını da nümayiş etdirib.
# 1061

Oxşar yazılar