Medvedevin Azərbaycana səfərinin proqramı açıqlanıb
18 noyabr 2010 09:24 (UTC +04:00)

Medvedevin Azərbaycana səfərinin proqramı açıqlanıb

APA-nın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Dmitri Medvedev noyabrın 18-də Bakıda keçiriləcək Xəzəryanı dövlət başçılarının sammitində öz həmkarları ilə Xəzər dənizinin yeni hüquqi statusunun müəyyən edilməsini, ekologiya məsələlərini, Transxəzər boru kəmərlərinin tikintisini, həmçinin iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcək. Bu barədə Rusiya prezidentinin köməkçisi Sergey Prixodko məlumat verib.

Rusiya lideri Bakı səfərinə Azərbaycan prezidenti İlham Əliyevlə görüşlə başlayacaq. Sonra onun İran prezidenti Mahmud Əhmədinejadla görüşü nəzərdə tutulur. Bundan əlavə Rusiya prezidentinin Qazaxıstan lideri Nursultan Nazarbayevlə söhbəti də planlaşdırılır.

Rusiya tərəfini sammitdə prezidentdən əlavə XİN başçısı Sergey Lavrov, prezidentin köməkçisi Sergey Prixodko, təbii ehtiyatlar naziri Yuri Trutnev, energetika naziri Sergey Şmatko, «Rosrıbolovstvo»nun rəhbəri Andrey Krayniy və Rusiya FTX-nın Sərhəd xidmətinin direktoru Vladimir Proniçev təmsil edəcəklər.

Rusiya prezidentinin köməkçisi qeyd edib ki, Xəzər sammitinin əsas məqsədi Xəzər dənizinin hüquqi statusu üzərində işdir.

Köməkçinin sözlərinə görə, sammitin daha bir aktual mövzusu Xəzərin eko və biosferlərinin müzakirəsi olacaq.

"Bir tərəfdən neft-qaz hasilatı, digər tərəfdən təbiət və biomüxtəliflik arasında balansın qorunması vacibdir", deyə Prixodko bildirib.

"Bioresurslar üzrə saziş layihəsinin razılaşdırılmasını əsas vəzifədir", deyə prezident köməkçisi əlavə edib.

Sammitin nəticələrinə əsasən 5 ölkə liderləri birgə bəyanat qəbul etməli və təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş imzalamalıdırlar. Saziş güc strukturları və müvafiq qurumlar arasında birgə iş üçün əsas xarakteri daşıyacaq.
# 570

Oxşar yazılar