SSRİ-ni dağıdan adamla üzbəüz - EKSKLÜZİV
18 noyabr 2010 13:49 (UTC +04:00)

SSRİ-ni dağıdan adamla üzbəüz - EKSKLÜZİV

Bu adamın adını ilk dəfə uşaqlıqda, ötən əsrin 70-ci illərində eşitmişdim. Onda qəzetlərdə onun adının yanında o vaxt mahiyyətini o qədər də dəqiq anlamadığım bir söz – “qırğı” (rus dilində “yastreb”) sözü işlədilirdi. Onu sovet mətbuatı “Amerikanın imperialist siyasətinin boz kardinalı” da adlandırırdı...

O vaxt biz onu elə belə də qəbul edir, sovet mətbuatına inanırdıq. Onun məqsədinin SSRİ-ni dağıtmaq olması isə biz uşaqları bir az da qorxudurdu... Dünyanın dolaşıq işlərindən xəbərsiz əyalət yeniyetməsi üçün bundan təhlükəli düşmən ola bilərdimi?
İndi çox sular axıb, çox inqilablar olub, çox illər keçib. SSRİ-nin dağılmasından söhbət düşəndə Ronald Reyqanla onun adını qoşa çəkirlər. Reyqan dünyasını dəyişib. SSRİ də çoxdan yoxdur. Amma o var, yaşayır və yenə də köhnə ampluasındadır – siyasətlə məşğul olur. Özü də onun fikir və rəyləri ilə hesablaşırlar. Ona müraciət edir, onu ən nüfuzlu məclislərə çağırırlar. Deyilənə görə, onun rəyi ABŞ-ın xarici siyasət kursuna indinin özündə də ciddi təsir göstərir. Baxmayaraq ki, kifayət qədər yaşı var...

Ömrünün 83-cü ilini yaşayır. Amma qıvraq yerişini, eleqant geyimini və çevik düşüncə tərzini müşahidə edən ona bu yaşı verməz. Söhbət məşhur ABŞ analitiki və politoloqu Zbiqnev Bzejinskidən gedir...

Onu Vaşinqtondakı “beyin mərkəzləri”ndən birində - Karneqi fondunda gördüm. Daha doğrusu, bu fondun iqamətgahında başqa bir “beyin mərkəzi” – Ceymstaun Fondu ABŞ-Azərbaycan strateji əməkdaşlığı mövzusunda konfrans keçirirdi və orda Bzejinskinin də iştirakı və çıxışı planlaşdırılmışdı. Bjezinskini yaxından görmək, onu dinləmək fürsətini əldən vermək olmazdı. Həm də o, Dağlıq Qarabağ münaqişəsindən də danışacaqdı. Danışdı da... Amma bu barədə bir qədər sonra.

Güman edirəm ki, onu tanımayan gənc oxucular üçün bioqrafiyasından bəzi sətirləri xatırlatmağa ehtiyac var.

Bioqrafiyadan sətirlər

O vaxtkı sovet mətbuatı bir məsələdə tamamilə haqlı idi ki, Bzejinski anadangəlmə anti-sovet əhval-ruhiyyəli siyasətçidir. Bu əhval-ruhiyyə, görünür, onda genetik xarakter daşıyır.

Zbiqnev Bzejinski 1928-ci ildə Varşvada doğulub. Atası Tadeuş Bzejinski uzun illər SSRİ-də işləyib - Polşanın Xarkovdakı konsulu olub. Ona görə də hətta Zbiqnevin Xarkovda doğulduğunu da ehtimal edirlər. 1938-ci ildə bir versiyaya görə T.Bzejinskinin Kanadaya diplomatik işə göndərilməsi səbəbindən, başqa bir versiyaya görə ailənin sadəcə bu ölkəyə mühacirət etməsi üzündən Bzejinskilər Kanadaya köçüb. Beləliklə, Zbiqnev 10 yaşından Kanadada yaşamalı olub.

Əsrlər boyu Polşanın Rusiya işğalı altında olması, xüsusən son 40 ildə kommunist rejiminin hegemonluğu altında yaşaması, ümumiyyətlə, polyaklarda bir anti-rus əhvalı yaradıb. Və mən təxminən 20 il əvvəl bu ölkədə yaşadığım bir neçə ayda bu əhvalın canlı şahidi olmuşam. Görünür, 10 yaşa qədər Xarkovda yaşaması Zbiqnevə “sovet cənnəti” haqqında kifayət qədər acı xatirələr yaşadıb. Xüsusən də bu illərin Stalin repressiyası dövrünə təsadüf elədiyini xatırlasaq, 10 yaşlı uşağın yaddaşına yazılanları təsəvvür etmək çətin olmaz. Onu da əlavə eləyək ki, Zbiqnevin atası Tadeuş özü də anti-sovet əhvallı diplomat olub və görünür, ailə mühiti də gələcək politoloqun dünyagörüşünün bu ruhda formalaşmasına təsirsiz qalmayıb...

Bzejinskinin bu gün də Rusiyaya simpatiyası yoxdur. Elə Vaşinqtondakı konfransda bu ölkə ilə bağlı dediyi bir neçə cümlə onun mövqeyinin hələ də dəyişmədiyindən xəbər verirdi...

Beləliklə, 10 yaşlı Bzejinski Kanadaya düşür, burda universitet bitirir. Magistr dərəcəsi alır. Maraqlıdır ki, Kanada universitetində onun əsas tədqiqatları Sovet İttifaqında milli məsələlərə həsr olunur...

1953-cü ildə tale Zbiqnevi Amerikanın nüfuzlu Harvard Universitetinə gətirib çıxarır. Polşalı mühacir oğlu burda “Oktyabr inqilabı, Lenin və hakimiyyətin Stalin maşını” mövzusunda tədqiqat işi yazaraq fəlsəfə doktoru elmi dərəcəsi alır. 1955-ci ildə keçmiş Çexoslovakiya prezidenti Eduard Beneşin qızı Emili Beneşlə evlənir. Anti-sovet əhval-ruhiyyə üçün daha bir stimul...

1958-ci ildə Amerika vətəndaşlığı alır. Bu illərdə Sovet İttifaqının problemləri ilə məşğul olmaqda davam edir. O, 60-cı illərdə Şərqi Avropa kommunist blokunun problemləri (Sovet İttifaqının dağılmasına qərbin təsiri) mövzusunu araşdırır.

8 il Harvard Universitetində çalışandan sonra Vaşinqtondakı Kolumbiya Universitetinə keçir. Bu universiteti çoxları indi də Mərkəzi Kəşfiyyat İdarəsi üçün kadrlar hazırlayan təhsil ocağı sayırlar.

Bzejinski bu universitetdə antikommunizm institutu yaradır. Böyük siyasətə də burdan atılır.

Con Kennedi onu özünün seckiqabağı kampaniyasına xarici siyasət və milli təhlükəsizlik üzrə müşavir dəvət edir. Deyilənə görə, həmin 60-cı illərdən başlayaraq bir prezident seçkisi də Bzejinskisiz ötüşməyib. O, hər seçkidə hansı namizədinsə qərargahına dəvət olunub, onun bilik və bacarığı kiməsə lazım gəlib.

Bzejinski 1969-74-cü illərdə Riçard Niksonun hakimiyyətdə olduğu illərdə Ağ evə müxalifətdə olub. Bu da yenə SSRİ amili ilə bağlı olub. Nikson hökumətinin Moskva ilə münasibətləri normallaşdırması qatı anti-sovet ideoloqu narazı salıb...

Sovet qoşunları Əfqanıstana niyə girdi?

Cimmi Karterin seşkiqabağı kampaniyası zamanı Zbiqnev Bzejinski namizədin beynəlxalq məsələlər üzrə müşaviri təyin edilir. Karter seçkiqabağı çıxışlarının birində özünü “professor Bzejinskinin sədaqətli tələbəsi” adlandırır.

Karter prezident seçilir və 1977-1981-ci illərdə Bzejinski milli təhlükəsizlik məsələləri üzrə onun müşaviri olur.

Karter hakimiyyətdən gedəndən sonra doktor Bzejinski yenidən Kolumbiya Universitetində dərs deməyə başlayır. Sonralar dövlət katibi olmuş Kondoliza Rays həmin vaxtlar Bzejinskidən dərs alır, onun tələbəsi olur.

Bzejinski 1985-ci ildə Con Hopkins Universitetinə keçir, həm də sonralar dövlət katibi Madlen Olbraytın məsləhətçisinə çevrilir. Yeri gəlmişkən, xanım Olbrayt da Bzejinski məktəbi keçib. O, Karter administrasiyasında işlədiyi illərdə xanım Olbrayt Bzejinskinin referenti olub. Bir sözlə, müasir Amerika siyasətinin aparıcı simaları bu və ya digər dərəcədə Bzejinskidən dərs alıblar.

1979-cu ildə SSRİ Əfqanıstana qoşun yeridəndə sovet hökuməti bəyan etmişdi ki, bu addım orda Amerikanın aqressiv hərəkətlərinə cavab olaraq atılıb. 90-cı illərin sonlarında Bzejinski bir müsahibəsində o vaxtkı sovet rəhbərliyinin bu bəyanatının həqiqət olduğunu təsdiqləyib: “Bzejinski: Rəsmi versiyaya görə, Mərkəzi Kəşfiyyat İdarəsinin əfqan mücahidlərinə köməyi 1980-ci ildən, daha doğrusu, sovet qoşunlarının 1979-cu il dekabrın 24-də Əfqanıstana soxulmasından sonra başlanıb. Amma indiyədək gizli saxlanılan reallıq tamam fərqlidir: Əslində prezident Karter 1979-cu il iyulun 3-də Kabildəki sovet tərəfdarı olan rejimin əleyhdarlarına gizli yardım göstərilməsi haqqında ilk direktivi imzalamışdı. Elə həmin gün mən prezidentə balaca bir qeyd yazıb göndərdim və orda izah elədim ki, mənim fikrimcə, bu yardım sovetlərin hərbi müdaxiləsinə gətirib çıxaracaq”.

Jurnalistin “belə bir addıma görə təəssüf hissi keçirmirsinizmi” sualına cavab olaraq Bjezinski deyir: “Nə barədə təəssüf hissi keçirməliyəm? Həmin məxfi əməliyyat gözəl ideya idi. Onun nəticəsində ruslar əfqan tələsinə düşdülər və siz istəyirsiniz ki, buna görə mən təəssüflənim? Sovet İttifaqı sərhədi keçən günün səhəri mən prezident Karterə yazdım: “İndi bizim SSRİ-yə özünün şəxsi Vyetnam müharibəsini vermək imkanımız var. Həqiqətən də 10 il ərzində Moskva hökumət üçün yolverilməz bir müharibə apardı və münaqişə sovet imperiyasının laxlamasına və nəhayət, dağılmasına gətirib çıxardı”.

SSRİ necə dağılacaq?

1985-ci ildə Mixail Qorbaçovun hakimiyyətə gəlişi və apardığı islahatlar Bzejinskinin 40 illik mübarizəsinin və elmi tədqiqatlarının reallaşma gününü yaxınlaşdırır.

1988-ci ildə onun “Boyük iflas: XX əsrdə kommunizmin doğulması və ölümü” adlı kitabı çıxır. Həmin kitabda Bzejinski kommunizmi “20-ci əsrin ən qeyri-adi siyasi və intellektual yanlışlığı” kimi xarakterizə edərək yazır: “Kommunizm heç kimin tanımadığı kitabxanaçı mühacir, alman əsilli yəhudi tərəfindən işlənib hazırlanan və o qədər də tanınmayan rus siyasi cızma-qaraçının həmin ruh yüksəkliyi ilə qəbul etdiyi doktrinadır”.

Bzejinskiyə görə, bu doktrina - sovet sistemi ona görə 70 il yaşayıb ki, “kütlələr özlərinə hər hansı başqa alternativ təsəvvür eləyə bilmirdilər”.

Bu alternativi Mixail Qorbaçov verdi.

“Qorbaçov öz islahatları ilə “Pandora”nın qutusunu açdı və bununla da dini, millətçiliyi, sosial və siyasi disputları sovet adamlarının həyatına gətirdi. Bütün bunlar isə marksist-leninçi təlimin bütövlüyü üçün, hətta SSRİ-nin birliyi üçün potensial təhlükədir”. Bu fikirlər də Bzejinskinin kitabından götürülüb...

O, 1988-ci ildə Sovet İttifaqının gələcəyini belə görürdü: “Uzunmüddətli, amma heç bir müəyyən nəticəyə gətirib çıxarmayan qarışıqlıq..., sonrakı güzəştlər və düşünülməmiş dəyişikliklər... – hər şeydən əvvəl, gözlənilən siyasi böhranı gücləndirəcək”; “iqtisadiyyatı sağlamlaşdırmaq üçün zəruri olan islahatlar, yəqin ki, sovet fəhlələrini onların mövcud sistemdə istifadə etdikləri əsas mənbədən – məhsuldarlıqdan asılı olmayaraq qarantiyalı məşğulluqdan və stabil əmək haqqından məhrum edəcək və onlara bununla müqayisədə heç bir əlavə üstünlük verməyəcək.

...Moskvanın fasiləsiz ağalığından bezən SSRİ xalqları arasında milli və dini münaqişələr və ya separatçı cəhdlər artacaq, qayda-qanunun getdikcə daha çox pozulması DTK-nın dəstəyi ilə Moskvada hərbiçilərin çevrilişinə gətirib çıxara bilər”...

Bu mülahizələr də Bzejinskinin kitabından götürülüb. O dövrün siyasi proseslərini xatırlayanlar böyük politoloqun proqnozunun nə qədər dəqiq olduğunu təsdiqləyərlər. Bzejinski hətta kitab çıxandan üç il sonra – 1991-ci ilin avqustunda DTK-nın dəstəyi ilə hərbçilərin uğursuz çevriliş cəhdini - “QKÇP” olayını da proqnozlaşdıra bilmişdi...

1991-ci ildə polyak mühacirinin oğlunun uzun illər apardığı mübarizə nəticə verir – Sovet İttifaqı süqut edir. Lakin Bzejinski bununla kifayətlənmir. O, ABŞ rəhbərliyini tənqid edir ki, Sovet İttifaqının varisi olan Rusiyanın ayağa durub yenidən “imperiya iddialarını” ortaya qoymasına imkan verirsiniz. 1996-cı ildə müsahibələrindən birində deyir: “Biz SSRİ-ni məhv etdik, Rusiyanı da məhv edəcəyik”. “Məğlub olan Rusiya yox, Sovet İttifaqı idi demək, reallıqdan qaçmaq deməkdir. Bu, Sovet İttifaqı adlanan Rusiya idi və məğlub oldu”.

Dağlıq Qarabağ probleminin həllində böyük gözləntiyə ümid yoxmu?

Təəssüf ki, Bzejinskinin hələ 1988-ci ildə çıxan kitabında proqnozlaşdırdığı separatist cəhdlərdən biri və ən təhlükəlisi bizim payımıza – Azərbaycanın payına düşdü. Dağlıq Qarabağda o vaxt alovlanan münaqişə ocağını 20 ildən çoxdur ki, heç kim söndürə bilmir. Məşhur politoloq da, deyəsən, bu məsələ barədə nikbin deyil. O, Karneqi mərkəzində elə belə də dedi: “Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionun heç bir ölkəsinin maraqlarına uyğun deyil”. Və sonra əlavə etdi ki, bu sahədə yaxın gələcəkdə böyük gözləntilərə ümid bəsləməyə dəyməz.

Bir də onu dedi ki, ABŞ-ın, yaxud Rusiyanın bu problemi həll edə biləcəyi barədə söylənənlərin əsası yoxdur. Problemi tərəflər özləri həll etməlidir.
“ABŞ Avropa cəmiyyətinin üzvləri kimi inkişaf yolu tutan Azərbaycanı və Gürcüstanı dəstəkləyir, Ermənistana gəlincə, bu məsələ hələ açıq qalır”. O, Ermənistanla bağlı məsələnin açıq qalmasını bu ölkənin Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmaması ilə izah etdi.

Zbiqnev Bzejinski Azərbaycanın inkişafını yüksək qiymətləndirdi. Bu ölkənin “SSRİ-nin kiçik bir hissəsindən tərəfdaşları və strategiyası olan real bir dövlətə çevrildiyini” xüsusi vurğuladı. Dedi ki, “Azərbaycan bölgədə mühüm “oyunçu” olaraq özünü uğurla inkişaf edən ölkə kimi təsdiqləmişdir. Özü də bu əhəmiyyətli irəliləyiş Azərbaycanın “açıq yarası” olan davamlı münaqişə şəraitində baş vermişdir”.

Heydər Əliyevi müasir Azərbaycan dövlətinin banisi adlandıran Bzejinski onun haqqında xoş xatirələrini danışdı. Məlum olduğu kimi Bzejinski bir neçə dəfə Bakıda səfərdə olduğundan Azərbaycanı yaxşı tanıyır.

Lakin Bzejinski münaqişənin digər tərəfi – Ermənistan barədə çox danışmadı. Yəni Dağlıq Qarabağ münaqişəsinin uzanmasından narahatlıq ifadə etsə də, münaqişənin səbəbkarı kimi bu ölkənin adını çəkmədi.

Sonradan Metyu Brayzanın Azərbaycana səfir təyinatı ilə bağlı yaranan problem, daha doğrusu, ABŞ-dakı erməni lobbisinin Brayzanın təyinatına mane olmaq cəhdi barədə suala cavab verərkən də Ermənistan və erməni lobbisi barədə sərt danışmadı. “Xarici ölkələrə səfirlərin təyinatına mane olmaq cəhdi düzgün xarici siyasət metodu deyil” – deməklə kifayətləndi.

Bu işdə erməni lobbisinin fəallığına isə münasibəti belə oldu: “ABŞ vətəndaşlarının istənilən milli qrupunun xarici siyasətlə bağlı öz fikrini bildirmək hüququ var. Hakimiyyətin tələblər irəli sürən, xüsusilə birtərəfli tələblər irəli sürən qrupu nəzərə alıb-almaması başqa məsələdir”.

Son dərəcə məşğul politoloq

Bzejinski konfrans zalına qəfildən, proqramda göstərilən dəqiq vaxtda daxil oldu, yerini tutdu və söhbətə başladı. Axırda iştirakçıların suallarına cavab verdi. Artıq onun vaxtının bitməkdə olduğunu hiss edən aparıcı “cənab Bzejinski, yenə sual vermək olarmı” deyə soruşanda saatına göz gəzdirib “kiçik bir sual da olar” dedi. O sualı da cavablandırıb gəldiyi kimi də sakitcə çıxıb getdi.

Bu arada fantastik bir jurnalist istəyimi Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşına bildirməkdən özümü saxlaya bilmədim:

- Bzejinski ilə görüşüb müsahibə almaq maraqlı olardı...

Səfirliyin əməkdaşı istəyimin həqiqətən fantastik olduğunu təsdiqlədi:

- Bizim bir televiziya kanalına müsahibə üçün dörd aydır ki, danışıqlar gedir. Deyəsən, 15 dəqiqəlik görüşə razılıq verib...

Bax, belə... Bzejinski bu yaşında da olduqca məşğuldur.

Axırda onu da deyim ki, Bzejinski hazırda Con Hopkins Universitetinin nəzdindəki Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin məsləhətçisi, Milli Demokratiyanı Müdafiə fondunun direktorlar şurasının, Amerika Humanitar və Təbii Elmlər Akademiyasının və digər çoxsaylı komissiyaların üzvüdür.

80-ci illərdə Çin-ABŞ münasibətlərinin tənzimlənməsində xidmətlərinə görə ABŞ prezidentinin Azadlıq medalı ilə təltif olunub. 2008-ci ildə Ukraynanın Yaroslav Mudrı ordeninə layiq görülüb. Tbilisi Dövlət Universitetinin fəxri doktorudur.
Bir də...

Bir də, bp-Amoko neft şirkətinin direktorlar şurasının üzvü, “Chevron” şirkətinin baş məsləhətçisi və ABŞ-ın Xəzər-Mərkəzi Asiya regionunda neft geopolitikası konsepsiyasının müəllifidir.

Bu da qatı anti-sovet politoloqun bioqrafiyasından son ştrix. Bir az neft iyi versə belə...

Müsəllim Həsənov,
Vaşinqton.
# 1128

Oxşar yazılar