Bu gün Milli Dirçəliş günüdür
17 noyabr 2010 10:49 (UTC +04:00)

Bu gün Milli Dirçəliş günüdür

APA-nın məlumatına görə, 1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan Moskvanın Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib və ən yeni tariximizdə “Meydan hərəkatı” adlanan prosesin əsas qoyulub. Bu gün Azərbaycanda Meydan hərəkatının 22-ci ildönümü tamam olur.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatının əsasını qoyub. Moskvanın və yerli hakimiyyət orqanlarının yarıtmaz siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq kütləvi etiraz aksiyasına başlayıb. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan “Meydan hərəkatı”nın mühüm rol oynadığını qeyd edirlər. Bu hadisələr milli azadlıq hərəkatının başlanğıcı kimi Azərbaycanın müstəqillik qazanmasının ilkin mərhələsi hesab olunur.

Milli Dirçəliş günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən iş günü sayılır.
# 1504

Oxşar yazılar