Azərbaycanın tolerantlığı Amerikada təbliğ ediləcək
14 oktyabr 2010 16:17 (UTC +04:00)

Azərbaycanın tolerantlığı Amerikada təbliğ ediləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ölkəmizdə səfərdə olan Keçmiş Sovet Yəhudiləri Milli Konfransının (NCSJ) sədri Riçard Stounu və onu müşayiət edən şəxsləri qəbul edib.

Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycanda dini etiqad azadlığı, dini azlıqların, o cümlədən yəhudi icmasının imanla bağlı adət-ənənələrinə, həyat tərzinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışılıb. Komitənin sədri Hidayət Orucov deyib ki, tarixən etnik-dini tolerantlıq məkanı Azərbaycanda heç zaman milli ayrı-seçkilik, antisemitizm olmayıb. O, bir neçə gün əvvəl Quba rayonunun Qırmızı qəsəbəsində qədim sinaqoqun əsaslı təmirdən sonra təntənəli açılış mərasiminin keçirildiyini, Bakıda yeni bir sinaqoqun tikintisinə başlamaq üçün hazırlıq işləri yekunlaşmaqda olduğunu qonaqların diqqətinə çatdırıb.

Hidayət Orucov monoetnik dövlət olan, tolerantlıq mədəniyyətinə yad Ermənistan Azərbaycanın Dağlıq Qarabağında və ətraf yeddi rayonunda təcavüzkarlıq siyasətini davam etdirdiyini, torpaqlarımızı işğal altında saxladığını deyib. Komitə sədri qonaqların diqqətinə çatdırıb ki, dünya ictimaiyyəti, xüsusilə də yəhudi icmaları bu problemin həllində Azərbaycanın haqq işini daha fəal müdafiə edə bilərlər.

ABŞ-dakı Kolumbiya Universitetinin hüquq elmləri üzrə professoru olan Riçard Stoun isə deyib ki, NCSJ-nin əsas məqsədi MDB məkanındakı yəhudilərin problemlərini öyrənmək, onların həllində yardımçı olmaqdır. O qeyd edib ki, Azərbaycana səfər həm də dövlətlərarası münasibətləri möhkəmləndirmək, Amerika ictimaiyyətində ölkəmizin milli ayrı-seçkiliyə yol verməyən, tolerant olduğunu təbliğ etmək məqsədi daşıyır.
# 548

Oxşar yazılar