Müxalifətin kütləvi aksiyalar üçün ayrılan yeni yerlərə münasibəti – SORĞU
24 sentyabr 2010 13:54 (UTC +04:00)

Müxalifətin kütləvi aksiyalar üçün ayrılan yeni yerlərə münasibəti – SORĞU

APA həmin yerlərin kütləvi aksiyaların keçirilməsi üçün məqbul sayılıb-sayılmaması, həmin yerlərdə aksiya keçirib-keçirməyəcəklərinə münasibətini öyrənmək məqsədilə müxalifət partiyaları arasında sorğu keçirib.



Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya açıqlamasında təklif olunan iki ünvanın yeni olmadığını deyib: “2008-ci il prezident seçkiləri ərəfəsində təklif olunan ünvanlar arasında bu yerlərin də adı var idi. Lakin bu yerlər yalnız hansısa rayon miqyaslı aksiyanın keçirilməsi üçün məqbul sayıla bilər. Məsələn, “Təbriz” kinoteatrının qarşısında Nizami rayonu və yaxın rayonların ərazilərinə aid olan aksiyaların keçirilməsi mümkündür. Ümumrespublika aksiyalarının keçirilməsi üçün yerlər isə şəhərin mərkəzində ayrılmalıdır. Bunun üçün həm Bakı Şəhər İcra Hakimiyyətinə, həm də ATƏT-in Bakı Ofisinə konkret yerlər təklif etmişik. Bunlar Hüseyn Cavid bağı, Səməd Vurğun bağı, “Füzuli” meydanı, “Nərimanov” kinoteatrının qarşısındakı meydan və digər ərazilərdir. Həmin ərazilərdə vaxtilə kütləvi aksiyalar keçirilib”.

Bununla yanaşı, A. Hacılı bildirib ki, əlavə yerlər ayrılmasa, yeni təklif olunan yerlərdən “Təbriz” kinoteatrının qarşısındakı ərazidə kütləvi aksiyalar keçirilə bilər.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı APA-ya bildirib ki, hələ bu məsələ partiyanın rəhbər orqanlarında müzakirə olunmayıb: “Ona görə də indidən partiyanın yekun qərarını demək mümkün deyil. Ancaq əvvəl təklif olunan yerlərlə müqayisədə, indi təklif olunan yerlər müəyyən mənada irəliyə doğru atılmış addımdır. Bununla yanaşı, qeyd etməliyəm ki, yeni təkliflər də “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinin yerinə yetirilməsi anlamına gəlmir. İndiki halda da aksiya keçirilməsi üçün yerlərin konkret ünvanlarla məhdudlaşdırılması qanununun tələblərinin növbəti dəfə pozulduğunu təsdiq edir. Bununla belə, AXCP-nin qurultayından sonra həm partiyada, həm də “AXCP-Müsavat” seçki blokunda yeni təklif olunan yerlərlə bağlı müzakirələr aparılacaq, məqsədəuyğun sayılarsa, həmin yerlərdə aksiyalar keçiriləcək”.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə APA-ya bildirib ki, yeni təklif olunan yerlər əvvəlki yerlərdən heç nə ilə fərqlənmir: “Buna görə də hesab edirəm ki, bunlar optimal yerlər deyil. Ona görə də yeni təklif olunan yerlərdə aksiya keçirmək fikrimiz yoxdur. Bundansa qapalı yerlərdə görüşlər keçirmək daha uğurlu variantdır”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir, əslində aksiyanın keçirilməsi üçün nəinki yeni, hətta əvvəlki yerlər də məqbul sayıla bilər: “Ancaq həmin yerlərin qanuna əsasən müəyyən olunmaması artıq başqa məqsədlərdən xəbər verir. Qanuna görə, aksiyanın keçirildiyi yer aksiya təşkilatçılar ilə razılaşdırılmış şəkildə müəyyən olunmalıdır. Birtərəfli qaydada icra hakimiyyətinin yerlər müəyyən etməsi qanunun pozulması deməkdir. Biz, əsasən konkret seçki dairələrinin ərazilərində görüş və aksiyalar keçirməyi nəzərdə tutmuşuq. Ancaq məqsədə müvafiq olsa, yeni yerlərdə də aksiyalar keçirəcəyik”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu isə APA-ya hazırda namizədliklərini irəli sürən şəxslərin imzatoplama kampaniyası ilə məşğul olduğunu, aksiyalarla bağlı məsələnin bundan sonrakı mərhələdə müzakirə oluna biləcəyini deyib: “Ona görə də indidən münasibət açıqlamaq istəmirəm, bu məsələ ilə bağlı vaxtında danışaram”.

Qeyd edək ki, yeni təklif edilən yerlər “Qara Qarayev” metrosunun yaxınlığında yerləşən “Təbriz” kinoteatrının qarşısı və keçmiş “Qələbə” kinoteatrı ilə “İnşaatçılar” metrostansiyasının arasında yerləşən “Məhsul” stadionudur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 732

Oxşar yazılar