“İranın Xəzərin bölünməsi ilə bağlı mövqeyi dəyişməyib”
15 aprel 2009 17:00 (UTC +04:00)

“İranın Xəzərin bölünməsi ilə bağlı mövqeyi dəyişməyib”

“Bizim bu və ya digər məsələlərlə bağlı, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı ilə bağlı mövqelərimizi necə razılaşdırılmağımızdan asılı olaraq, dövlət başçıları müvafiq qərarlar qəbul edəcəklər. Biz isə bütün məsələlərin razılaşdırılması üçün işçi qrupu və ekspertlər səviyyəsində işimizi davam etdiririk”.

Bu fikirləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Moskvada keçirdiyi mətbuat konfransında APA-nın müxbirinin “Azərbaycanın nəzərdə tutulan Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması ilə bağlı mövqeyi nədən ibarətdir?” sualını cavablandırarkən deyib. XİN başçısının müavini bildirib ki, sahilyanı dövlətlər Xəzərə aid olan və nizamlanması tələb olunan bütün məsələlər üzrə aktiv dialoq aparırlar: “Biz Xəzəryanı ölkələr üçün maraq kəsb edən iqtisadi, təhlükəsizlik və digər məsələləri aktiv şəkildə müzakirə edirik”.


“Xəzərin bərabər şəkildə bölünməsinə dair İran İslam Respublikasının mövqeyi dəyişməz qalıb”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu fikirləri isə Moskvada Xəzərin hüququ statusuna dair işçi qrupun xüsusi toplantısından sonra keçirilən mətbuat konfransında İran nümayəndəsi Mehdi Səfəri söyləyib.

Onun sözlərinə görə, buna rəğmən İran Azərbaycan və Türkmənistanla bu məsələyə dair çox aktiv və müsbət məsləhətləşmələr aparır: “Təbii ki, hər bir dövlət öz milli maraqlarını qorumalıdır. Buna görə də biz müxtəlif məsələləri müzakirə etməyə və mövqelərimizi yaxınlaşdırmağa hazırıq”.

Dövlət başçılarının Tehran sammitini, həmçinin Həştərxanda keçirilən hökumətlərarası iqtisadi konfransı müsbət qiymətləndirən Mehdi Səfəri bildirib ki, Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılmasına dair təklifin dəqiq konturlarının Bakıda keçiriləcək görüşlərdə müəyyənləşəcəyinə ümidvardır. Azərbaycan tərəfin Xəzərdə stabilli və təhlükəsizliyin təmin olunmasına dair təqdim etdiyi layihəni müsbət qiymətləndirən iranlı diplomat bu sənədin yaxın günlərdə Bakıda imzalana biləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 975

Oxşar yazılar