Turqut Ər: “Bu, Türk dünyasına qarşı edilən bir cinayət olar” – MÜSAHİBƏ – EKSKLÜZİV
09 aprel 2009 17:45 (UTC +04:00)

Turqut Ər: “Bu, Türk dünyasına qarşı edilən bir cinayət olar” – MÜSAHİBƏ – EKSKLÜZİV

Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq mətbuat katibi Turqut Ər ölkəsinin son vaxtlar Ermənistanla sərhədlərin açacağına dair müzakirə edilən xəbərlərlə bağlı Lent.az-a eksklüziv müsahibə verib.

- Türkiyə-Ermənistan sərhədlərinin açılacağına dair söhbətlərin olduğu hər kəsə məlumdur. Bu məsələdə Sizin mövqeyiniz necədir?

- Azərbaycan və Azərbaycan ictimaiyyəti təbii ki, Türkiyə üçün fövqəladə dərəcədə önəmlidir. Ancaq Türkiyə və Türk dünyası üçün daha da önəmli olan Türk dünyasının birlik və bərabərliyidir. Bu birlik və bərabərlik isə Türk dünyasını meydana gətirən dövlətlərin milli mənfəətlərin daima öndə tutulmasıdır. Bu milli mənfəətlər bütün Türk dövlətlərinin və Türk toplumlarının milli siyasətləri olmalıdır. Azərbaycanın illərdir haqsız yerə torpaqları işğal olunaraq evindən, yurdundan, obasından edilmiş 1 milyon insanı var. Onlar hələ də öz yerlərinə dönməyiblər. Hansı ki, bu iş belə qalacaq da deyil. Türkiyə bir milli siyasət olaraq onların öz torpaqlarına dönmələrini ermənilərə bir şərt olaraq qoyub. Nə üçün? Ona görə ki, bu, haqsızlıqdır, dünyada ən böyük cinayətdir. Türkiyənin Ermənistanla əlaqələr qurması üçün bu və başqa şərtlərin yerinə yetirilməsi lazımdır. Türkiyənin başqa şərtləri isə Ermənistan Konstitusiyasında Türkiyəyə qarşı torpaq, “soyqırım” iddialarından vaz keçməsi və Türk dünyası ilə normal davranmalarıdır. Türkiyə bunları şərt olaraq qoyub və bu şərtlər hələ də qüvvədədir – mənim gördüyüm, bildiyim qədər bu, belədir. Türkiyənin bundan vaz keçməsi mümkün deyil, imkan daxilində deyil. Çünki Türkiyə Cümhuriyyətini meydana gətirən toplum buna hər zaman qarşı olub, bundan sonra da qarşı olacaq. Türkiyə iqtidarının belə riskə gedəcəyi qənaətində deyiləm. İstər ABŞ desin, istər İngiltərə desin, istər Avropa Birliyi desin – ümumiyyətlə kim deyir-desin – bu, Türk dünyasına qarşı edilən bir cinayət olar. Azərbaycan dövləti, Azərbaycan xalqı açıq şəkildə buna qarşı çıxmalıdır ki, Türkiyədəki buna qarşı olanlar, vətənsevərlər də qalxaraq bu işə, bu siyasətə qarşı olsunlar. Uzun zamandır Türkiyədəki qəzet qurumları, iqtidar partiyası da daxil olmaqla siyasi qurumlar, millət vəkilləri buna qarşı çıxıblar. Həmçinin, mən də şiddətli şəkildə buna qarşıyam. Hər zaman, Azərbaycanın hər halında Türkiyə bu ölkənin yanında olmalıdır, bu milli siyasəti davam etdirməlidir.

- Azərbaycanda ictimai təşkilatlar, ictimaiyyət nümayəndələri sərhədlərin açılmasına etiraz olaraq bəyanatlar, açıqlamalar yayıblar. Həmçinin Türkiyədəki CHP və MHP də daxil olmaqla bir sıra təşkilatların, şəxslərin sərhədlərin açılmasına qarşı olduğu Azərbaycan ictimaiyyətinə məlumdur. Bu, Türkiyənin ümumi real mənzərəsini nə dərəcədə əks etdirir?

- Hazırda Türkiyədə iqtidarın sərhədlərin açılması ilə bağlı addım atması bir rəvayətdir. Ancaq digər tərəfdən, belə bir addımın atılacağı görünür kimidir. Sizin dediyiniz, yəni səsini duymadığınız, mövqeyini eşitmədiyiniz əhali buna qarşıdır. Küçələrdə, şəhərlərdə, kəndlərdə hansı insandan soruşsanız, hansı yaşda, hansı təhsildə olmasından asılı olmayaraq, sərhədin açılmasına qarşı çıxarlar. Türkiyədəki əhalinin durumu, mövqeyi budur. Yəni, mövqe belədir ki, hər zaman, Azərbaycanın hər halında Türkiyə xalqı, Türkiyə ictimaiyyəti yanında olacaq.
Misal kimi deyirəm: Mən Türkiyə Qəzetçilər Federasiyasının üzvüyəm, bu təşkilatın bəzi orqanlarında da işləyirəm. Bu təşkilatın ümumilikdə təxminən 20 min üzvü var. Təxminən bir ay öncə bizim sədrimiz “Yeni Müsavat” qəzetinə müsahibə verdi. O dedi ki, biz həmişə Azərbaycanın yanındayıq, sərhəd məsələsinə heç kim cürət edə bilməz, heç kim yol verə bilməz. Mən yazıçıyam, kitablarım var. Oturub araşdırmalar aparıram, yazıram, illərdir bu illərdir bu məsələ ilə işləyən bir insanam. Yəni, Türkiyədəki real vəziyyəti, durumu bilirəm. Mən özüm də bu məsələyə dediyim kimi qarşıyam.

Əgər kimsə belə bir addım atarsa, Türk dünyası üçün də, Türkiyə üçün də, Azərbaycan üçün də böyük bir yanlışlıq edər, böyük bir xəta edər.

- Hazırda nigarançılıq dolu narahatlıq yaşayan Azərbaycan xalqına nə demək istərdiniz?

- Azərbaycanlı qardaşlarımız, o böyük, gözəl insanlar narahat olmasınlar. Türkiyə Cümhuriyyətini yaradan insanlar, Türk insanları Azərbaycanın bu milli məsələsində onların yanındadır. Bundan narahat olmasınlar. Sərhədin açılması kimi addımı heç kim ata bilməz, əgər edərsə, bundan geri döndərərlər. Türk insanı döndərər.

Bir məqamı da deyim. Türkiyə həssas bir ölkədir. Azərbaycanda bəzi qurumlar və bəzi mətbuat belə yazılar yazır ki, əgər Türkiyə sərhəd məsələsində belə bir addım atarsa, bu ölkəyə qaz, neft və neft məhsulları verilməsi dayandırılacaq. Belə təhdid kimi şeylər əks reaksiya verə bilər. Mən bunu Azərbaycanın bir dostu kimi söyləyirəm. Azərbaycandakı mətbuat və xəbər orqanları, həmçinin ictimaiyyət buna çox diqqət etməlidir.


Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1467

Oxşar yazılar