Əli Həsənov: “Azərbaycanın narahatlığı haqlıdır”
19 fevral 2009 14:00 (UTC +04:00)

Əli Həsənov: “Azərbaycanın narahatlığı haqlıdır”

“Türkiyə Ermənistanla Dağlıq Qarabağ şərtindən imtina etməsi barədə məlumatı nə təsdiq edir, nə də təkzib”

“Türkiyənin Ermənistanla münasibətlər qurması üçün Dağlıq Qarabağ şərtindən imtina etməsi barədə mövzu təəssüf ki, Azərbaycan mətbuatında cavabsız şəkildə birtərəfli qaydada işıqlandırılır. Amma bizim bu barədə məlumatlarımız elə mətbuatda olduğu kimidir. Bu məsələdə biz də təxminən Azərbaycan mətbuatı qədər informasiyalıyıq”.

Lent.az-ın məlumatına görə, Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərlə söhbətində belə deyib. Xatırladaq ki, Ermənistanda fəaliyyət göstərən “Azadlıq” radiosu Türkiyənin Ermənistanla sərhədləri açmaq, diplomatik münasibətlər yaratmağa qərar verdiyini və əvvəlki mövqeyindən imtina edib. Prezident Aparatının rəsmisi bildirib ki, Türkiyənin bu məlumata dəqiq və konkret şəkildə cavablandırmaması təəssüf doğurur: “Təəssüf ki, Türkiyənin rəsmi dairələri bu məlumatları nə təsdiq, nə də təkzib edir. Ona görə də Azərbaycan ictimaiyyətinin və mətbuatının haqlı narahatlığı, narazılığı mətbuat səhifələrində görünməkdədir”.

Əli Həsənov onu da qeyd edib ki, həm mərhum Turqut Özalın, həm ondan sonrakı hökumətlər dövründə, eləcə də Süleyman Dəmirəlin və indiki Türkiyə hökuməti Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu dəfələrlə bəyan edib: “Cənab Ərdoğan dəfələrlə bəyan edib ki, nə qədər Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməyib, qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtmayıb, Cənubi Qafqazda sülh yaranmayıb, Ermənistanla Azərbaycan arasında sülh baş verməyib, Ermənistanla hər hansı əməkdaşlığa getməyəcəklər. Türkiyə hökumətinin nümayəndələri bəyanatlarında dəfələrlə bildirilib ki, belə bir vəziyyətdə işğalçı dövlətlə heç bir siyasi, iqtisadi, mədəni və diplomatik əlaqələr qurmayacaq. Biz bu sözə inanırıq və bu gün də o fikirdəyik ki, belə də olaraq qalıb. Amma nəyə görə bu məsələyə bir aydınlıq gətirilmir, media nümayəndələri bunu Türkiyənin Azərbaycandakı səfirindən və digər türkiyəli dostlarımızdan soruşmalıdır”.

Şöbə müdiri Türkiyənin hakimiyyət dairələri üçün Azərbaycanın ictimai rəyinin əhəmiyyətsiz olmadığına da əminliyini ifadə edib. Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında münasibətlər iki dövlət arasındakı münasibətlərdən çox-çox yüksəkdədir.

“Biz əbədi müttəfiqlik haqqında xalqlarımıza dəfələrlə siyasi və tarixi bəyanatlar vermişik. Bu müttəfiqliyi qorumaq Türkiyənin və Azərbaycanın rəsmi və qeyri-rəsmi dairələrinin borcudur” - deyə, Əli Həsənov vurğulayıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1573

Oxşar yazılar