10 il Hindiquşda ölümlə üz-üzə
14 fevral 2009 10:38 (UTC +04:00)

10 il Hindiquşda ölümlə üz-üzə

Fevralın 15-də Sovet ordusunun Əfqanıstandan çıxarılmasından 20 il ötür. 1979-cu ilin dekabrında başlamış və düz 10 il davam edən uğursuz əməliyyatlardan sonra Sovet ordusu 1989-cu il fevralın 15-də tam heyətdə Əfqanıstanı tərk etdi. Keçmiş SSRİ-nin onsuz da asayişi pozduğu Əfqanıstanın bundan sonra daha da «qara günləri» başlandı. Vətəndaş müharibəsi, dövlət çevrilişləri və s. Hələ də Əfqanıstan dünyanın ən təhlükəli ölkələrindən biri, həm də «heç bir dövlət tərəfindən tam işğal oluna bilməyən» ölkəsi sayılır.

Müharibənin qısa tarixi

1978-ci ildə Əfqanıstan Xalq Partiyasının (ƏXP) rəhbəri, SSRİ-yə meylliliyi ilə tanınan Nur Məhəmməd Təraki rəqibi Hafizulla Amin tərəfindən qətlə yetirildi. Hakimiyyət H. Aminin rəhbərliyi altında olan ƏXP-nin «Hezb» (Bayraq) qanadının əlinə keçdi. Aminin ölkədə həyata keçirdiyi iqtisadi-siyasi islahatlar iri mülkədarlar tərəfindən müsbət qarşılanmadığından Əfqanıstanın müxtəlif əyalətlərində mərkəzi hakimiyyətə qarşı çıxışlar baş verməkdə idi. Bu çıxışlar Pakistan, həmçinin ABŞ-da daxil olmaqla bir sıra qərb ölkələri tərəfindən dəstəklənirdi. Belə bir məqamda Əfqanıstandakı dayaqlarını itirməmək üçün SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi bu ölkəyə qoşun yeritmək qərarı verdi.

Sovet qoşunlarının Əfqanıstana faktiki dislokasiyası 1979-cu ilin iyul ayından Bəhram hərbi aerodromunda 105-ci hava-desant diviziyasının 111-ci paraşüt-desant alayının cəmləşdirilməsi ilə başlanılmışdı. Həmin ilin dekabr ayının əvvəllərində SSRİ Əfqanıstanda 154-cü alayın birinci «müsəlman batalyonu» formalaşdırılmasını başa çatdırdı. Dekabrın 14-də Bəhram aerodromuna 345 saylı alayın xüsusi təyinatlı batalyonu, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) 3 xüsusi təyinatlı batalyonu dislokasiya edildi. Hansı ki, bu batalyonlar bir həftə sonra «Ştorm» əməliyyatında iştirak etdilər.

Sovet qoşunlarının Əfqanıstana hərbi müdaxiləsi 40-cı ordunun dekabrın 25-də Sovet-Əfqanıstan sərhədini keçərək Əfqanıstana daxil olması ilə başladı. H. Aminin göstərişinə əsasən Əfqanıstan qoşunları Sovet ordusuna heç bir müqavimət göstərmədi.
Sovet xüsusi təyinatlı qüvvələrinin dekabrın 27-də reallaşdırdığı «Ştorm» əməliyyatı nəticəsində H. Aminin sarayı tutuldu. Amin döyüşdə həlak oldu.

Sovet qoşunlarına ilk silahlı müqavimət Əfqanıstan ordusunun 20-ci artilleriya alayı tərəfindən göstərildi. 1980-ci il yanvarın 10-11-də Kabildə gedən döyüşlərdə sovet ordusunun hərbi hissələri xeyli sayda canlı qüvvə itirdi, onlarla hərbçi yaralandı.

SSRİ ilə hesablaşmayan və Əfqanıstanın işğalı ilə razılaşmayan ABŞ Konqresi 1980-ci ilin aprel ayında Əfqanıstan müxalifətinə birbaşa yardım məqsədi ilə 15 mln. dollar yardımın ayrılmasına razılıq verdi.

1980-ci il iyun ayının 19-da Kommunist Partiyası Mərkəzi Komitəsi Əfqanıstana tank, raket və zenit-raket briqadalarının göndərilməsi barədə qərar qəbul etdi. Avqust ayında sovet DTK-sının məşhur «Karpat» xüsusi təyinatlı batalyonu da Əfqanıstana göndərildi.

1981-ci ildən başlayaraq əfqan mücahidləri əks-həmlələrlə sovet ordusuna ciddi zərbələr vurmağa başladılar. Pakistanda təlimlər keçən mücahidlərə ərəb ölkələri və ABŞ yardım göstərirdi. 1981-ci ilin sentyabr ayında Lurkox dağ massivində gedən döyüşlərdə mücahidlər sovet ordusunun general-mayoru Xoxlovu öldürməyə nail olurlar.

1982-ci ilin aprel ayında Nicrab bölgəsində əfqan mücahidlər sovet ordusunun qrupunu mühasirəyə salır. 14 sovet hərbçisi həlak olun, 63 nəfər isə yaralanır.

1984-cü ilin yanvar ayından mücahidlər onlara «göz açmağa» macal verməyən sovet aviasiyasına qarşı «Strela-2M» portativ zenit raket sistemlərini tətbiq etməyə başlayırlar. Yanvarın 16-da Əfqanıstan səmasında sovet ordusuna məxsus Su-25 markalı ilk döyüş təyyarəsi vurulur. Həmin ilin oktyabrında əfqanlar Sovet ordusunun İl-76 markalı bir nəqliyyat təyyarəsini də vurmağa nail olurlar.

Sovet ordusu Əfqanıstanda işğal edə bilmədiyi yeganə ərazi Kabilin yaxınlığındakı Pəncşir vilayəti olub. Tanınmış əfqan səhra komandiri, sonralar Əfqanıstanın müdafiə naziri, həmçinin Talibana qarşı yaradılmış Şimal Alyansının rəhbəri olmuş Əhməd Şah Məsudun komandanlığı altındakı mücahidlər 1984-cü il aprelin 30-da Pəncşir vadisində sovet ordusunun 682-ci motoatıcı alayının 1 batalyonunu mühasirəyə salaraq tam şəkildə məhv edir. Bu əfqanların 4 illik müharibədə sovet ordusu üzərində ən böyük qələbəsi idi. Əfqanlar 1985-ci ilin aprel ayında Sovet ordusunun Maravardakı bölüyünü də tam şəkildə məhv etməyə nail olurlar.

1985-ci ilin iyun ayında Sovet qoşunlarının Əfqanıstan hökumətinin komandanlığı altında olan hərbi birliklərlə birgə Pəncşirdə keçirdiyi əməliyyat da uğursuzluqla nəticələnir. Əfqan səhra komandiri İsmayıl Xanın 1986-cı ilin aprel ayının 4-də başladığı əməliyyat nəticəsində Cavara hərbi bazası ələ keçirilir. Mücahidlər Herat yaxınlığında özlərinin təhlükəsizlik zonalarını yarada bilirlər. 1986-ci ilin avqust ayında Əhməd Şah Məsud Əfqanıstan hökumət qoşunlarının Fərəhdəki bazasını ələ keçirir.

Sovet kəşfiyyatının məlumatlarına görə, 1986-cı ilin mart ayından ABŞ əfqan mücahidlərini «Stinger» portativ zenit raket kompleksləri ilə təchiz etməyə başlayıb.

1987-ci il martın 8-də əfqan mücahidləri sərhədə yaxınlaşaraq Tacikstanın Pənc şəhərini atəşə tuturlar.

1988-ci il aprelin 14-dən İsveçrədə görüşən Əfqanıstan və Pakistanın xarici işlər nazirləri Əfqanıstanda problemlərin siyasi yolla nizamlanmasına dair protokol imzalayıb. Bu prosesdə SSRİ və ABŞ zəmanətçi kimi çıxış ediblər. May ayının 15-də Pakistan əməliyyatları dayandırmaq üçün mücahidlərə təzyiqlərə başlayır.

Sovet ordusunun Əfqanıstanda keçirdiyi sonuncu əməliyyat 1989-cu il yanvarın 23-26-da reallaşdırılan «Tayfun» əməliyyatı oldu. Fevralın 4-də Sovet ordusunun sonuncu əsgərləri paytaxt Kabili tərk etdi. Fevralın 15-də Amu-Dərya çayını keçib SSRİ-yə dönən Sovet ordusunun birləşmə komandanı general-leytenant B. Qromov qarşıladı.

Müxtəlif statistikalara görə 10 illik hərbi əməliyyat dövründə Əfqanıstanda 2 milyon nəfərə yaxın mülki sakin həlak olub. Amerikalılar isə əfqanların itkisinin 2,5 milyon nəfər olduğunu yazırlar.
Sovet ordusu Əfqanıstanda 1979-cu ildə 86, 1980-ci ildə 1 484, 1981-ci ildə 1 298, 1982-ci ildə 1 948, 1983-cü ildə 1 446, 1984-cü ildə 2 343, 1985-ci ildə 1 868, 1986-cı ildə 1 333, 1987-ci ildə 1 215, 1988-ci ildə 759, 1989-cu ildə 53 nəfər olmaqla ümumilikdə 14 427 hərbçisini itirib. DTK-nın itkisi 576, Daxili İşlər Nazirliyinin itkisi isə 28 nəfər olub. Hərbi əməliyyatlarda təxminən 54 min nəfər yaralanıb, 416 min nəfər isə müxtəlif dərəcəli kontuziyalar alıb.

Sovet ordusunun Əfqanıstanda texniki itkisi isə belə olub: 147 tank, 1314 zirehli transportyor, 433 artilleriya sistemi, 118 təyyarə və 333 vertolyot. Əfqanıstan müharibəsi SSRİ-nin süqutunu sürətləndirib. On illik müharibə nəticəsində SSRİ Əfqanıstana təxminən 800 mln. ABŞ dolları yardım göstərib. 40-cı ordunun saxlanılması və əməliyyat xərcləri 3 mlrd. dollardan çox olub.

Əfqanıstanda sovet ordusunun tərkibində 10 minə yaxın azərbaycanlı da döyüşüb. Azərbaycanlılar və Mərkəzi Asiyadan olan vətəndaşlar əsasən hərbi əməliyyatların ən qaynar nöqtələrində – Herat, Qəznə, Şindan, Pəncşirdə döyüşüblər. Ələ keçən rus əsgərləri amansızlıqla qətlə yetirən əfqanlar onlardan fərqli olaraq SSRİ-də yaşayan müsəlman xalqların nümayəndələrinə heç də pis münasibətdə olmayıblar.

Xidmət dövründə Pəncşir vadisində döyüşmüş sovet ordusunun zabiti Xudu Səidovun sözlərinə görə, bu ərazi sovet ordusunun ələ keçirə bilmədiyi yeganə yer olub: «Bizə qarşı Əhməd Şah Məsudun rəhbərlik etdiyi mücahidlər döyüşürdülər. Orada olduğum 3 il ərzində çox qanlı döyüşlərin şahidi olduq. Kamikadze mücahidlər əsir düşməmək üçün özlərini partladırdılar. Keçilməz dağlara, qayalara ayaqyalın dırmaşan əfqanların gözlənilməz həmlələri nəticəsində yüzlərlə əsgərimiz həlak oldu. Biz çox az halda mücaihdləri diri tuta bilirdik. Onlar geri çəkiləndə öz yaralılarını ələ keçməmələri üçün güllələyirdilər».

Sovet ordusunun keçmiş zabiti əfqan mücahidlərin ruslara qarşı psixoloji təsir metodlarından istifadə etdiklərini deyir: «Bir dəfə 10 rus əsgərini başını kəsib divarın üstünə düzmüşdülər. Ruslar bunu görüb qaçmağa başladılar. Bizə ən çox təhlükə yaradan əfqanların qumbaraatanları idi. Onlar bu silahdan çox dəqiqliklə atəş açmağı bacarırdılar».

X.Səidov Əfqanıstanda həlak olan azərbaycanlıların çoxunun meyitlərinin Azərbaycana göndərilmədiyini qeyd edib. Onun sözlərinə görə, Əfqanıstan iqlimində açıq havada qalan meyit bir neçə saat ərzində iylənir və çürüməyə başlayır: «Komandanlıq meyitləri elə həmin ərazilərdə basdırmağı əmr etmişdi. Onların ailələrinə göndərilən tabutlarda isə çox zaman ağac parçası, və s. şeylər olurdu».

Qeyd edək ki, bu gün Azərbaycanda cəmi 5 minə yaxın Əfqanıstan müharibəsi veteranı sağ qalıb. Əfqanıstandan qayıdandan sonra onların bir çoxu Qarabağda gedən döyüşlərdə iştirak olub, şəhid düşüb və ya sonradan vəfat ediblər.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3082

Oxşar yazılar