“Azərros”un vitse-prezidenti istefa verdi
28 noyabr 2012 15:58 (UTC +04:00)

“Azərros”un vitse-prezidenti istefa verdi

“Azərros” Rusiyadakı Azərbaycan Federal Milli-Mədəni Muxtariyyətinin vitse-prezidenti Mirəşrəf Fətiyev qurumdakı vəzifəsindən istefa verib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, M. Fətiyevin istefa verməsinə səbəb “Azərros” prezidenti Söyün Sadıqovun ermənilərlə separat sövdələşməyə getməsi olub.

M. Fətiyev APA-nın Moskva müxbirinə açıqlamasında bildirib ki, S. Saqıqovun ermənilərlə bir masa arxasında oturaraq istər Qarabağ, istərsə də münaqişədən kənar mövzuları müzakirə etməsi və iki diaspor arasında dostluq yaratma cəhdləri ilk növbədə xalqımızın milli maraqlarına zərbə vurmaqdır: “Mən Söyünü vətənpərvər azərbaycanlı kimi tanıyıram, ermənilərlə bir masa arxasında əyləşməsi də bəlkə yaxşı niyyətdən irəli gəlir, ancaq bir halda ki, torpaqlarımız işğal altındadır və bu cinayətə görə erməni diasporu nəyinki məsuliyyət daşıyır, hətta xalqımıza olan təcavüzə bəraət qazandıran fəaliyyəti ilə seçilir. Belə olduğu halda Söyün Sadıqovun son zamanlar atdığı addımları böyük səhv hesab edir və düşünürəm ki, onun bundan sonra özünü Azərbaycan diasporunun milli maraqlarının müdafiəçisi kimi təqdim etməyə haqqı yoxdur. Dünyanın harasında yaşamasından asılı olmayaraq, ermənilərlə dialoq qurmaq dünyada yaşayan azərbaycanlıların, ilk növbədə gənc nəslin düşmənə qarşı loyallaşmasına, unutqanlığına və nəticə etibarilə ruh düşkünlüyünə səbəb ola bilər. Bir halda ki, Rusiya Erməniləri İttifaqı başda Ara Abramyan olmaqla hər il Moskvada Şuşanın işğal gününü öz xalqının qələbəsi kimi qeyd edir, qondarma rejimin tanınması yolunda missiya həyata keçirir, ən başlıcası cinayətkar Serj Sarkisyanı leqal və alternativsiz prezident sayır, belə qurumla hansı birgə fəaliyyətdən danışmaq olar?!”

M. Fətiyev digər azərbaycanlıları da bu kimi görüşlərdə iştirak etməklə diasporumuzu gülünc vəziyyətdə qoymamağa çağırıb: “Ara Abramyana və onun təmsil etdiyi təşkilata qardaş, dost, lap həmkar kimi münasibət göstərənlər bircə anlığa xatırlasınlar ki, Qarabağ faciəsi erməni diasporunun böyük dəstəyi ilə həyata keçirilib və bu gün də işğalçı ordu məhz Ara Abramyan kimilərin dəstəyi ilə Azərbaycan xalqının qəsdinə durub”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3182

Oxşar yazılar