Prezident: “Onlar çox böyük kobudluq və qəddarlıqla döyülür, əzilir”
16 noyabr 2012 23:18 (UTC +04:00)

Prezident: “Onlar çox böyük kobudluq və qəddarlıqla döyülür, əzilir”

Bakıda hər həftə keçirilən beynəlxalq tədbirlər, forumlar, Azərbaycanı və onun paytaxtını təkcə regional mərkəzə çevirməyib, ölkəmiz qlobal dünya xəritəsində ciddi mərkəzə çevirilib”. APA-nın xəbərinə görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident müqayisə tərəfdarı olduğunu bildirib: “Biz görürük ki, inkişaf etmiş ölkələrin bəziləri hansı ağır vəziyyətdədir. O ölkələrdə gedən prosesləri, kütləvi iğtişaşları gündə televiziya vasitəsilə izləyirik. On minlərlə nümayişçi küçələrə axışır, öz etirazını bildirir. Düzdür, onlar çox böyük kobudluq və qəddarlıqla döyülür, əzilir. Bunu da biz televiziya kanalları ilə görürük. Əlbəttə ki, buna dözmək olmaz. Biz inkişaf etmiş ölkələri çağırırıq ki, onlar bu məsələdə daha da təmkinli olsunlar. İnsanlara bu qədər əzab, işgəncə vermək olmaz. İnsanlar küçələrə öz etirazını bildirmək üçün çıxırlar. Ancaq bunun qarşısında onları dəyənəklə vurmaq, qazla zəhərləmək, necə deyərlər, əzmək yolverilməzdir. Bu, demokratik normalara zidd olan hərəkətlərdir. Özünü demokratik və demokratiyanın beşiyi adlandıran ölkələri belə görəndə, doğrudan da biz təəccüb edirik”.

Ölkə başçısı bildirib ki, Azərbaycan bu baxımdan nümunə ola bilər: “Hər bir başqa sahədə olduğu kimi, bu sahədə də nümunə ola bilər. Azərbaycanda bütün bu məsələlər sivil, mədəni qaydalarla həllini tapır. Bu məsələlər öz həllini ancaq bu yolla tapmalıdır. Yəni, bu kütləvi narazılığın səbəbləri var. Səbəb olmasa, bu qədər insan küçələrə axışmaz. Səbəb də aydındır və bəllidir. Uzun illər iqtisadi əsaslar olmadan böyük xərclər etmiş, borclanmış və ondan sonra borcları qaytara bilməyən, bir-birini əvəzləyən iqtidarlar populist vədlər verməklə faktiki olaraq gələcək nəsillərin ciblərinə girmiş və böyük dərəcədə borclanmışlar. İnkişaf etmiş bəzi ölkələrin xarici dövlət borcu ümumi daxili məhsulun 100 faizinin üstündədir. Bu, əslində o deməkdir ki, bu ölkələr artıq iflasa uğrayırlar. Azərbaycanda isə bu rəqəm 7-8 faizdir”.

Prezident qeyd edib ki, bəzi inkişaf etmiş ölkələrdə işsizliyin səviyyəsi 25 faizdir, bu rəqəm gənclər arasında 50 faizə çatır: “Azərbaycanda isə işsizlik 5,3 faiz, yoxsulluq isə 7,6 faizdir. Beynəlxalq nüfuza malik olan əsas reytinq agentlikləri inkişaf etmiş ölkələrin kredit reytinqlərini aşağı salır, Azərbaycanın kredit reytinqlərini qaldırırlar. Yəni, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətli iqtisadiyyatdır. Makroiqtisadi sabitliyə görə Azərbaycan dünya miqyasında birinci onluqdadır. Bütün bunlar statistik göstəricilərdir. Bunu inkar etmək olmaz. Bunu nəzərə almamaq olmaz. Bu, reallıqdır. Bu reallıq bir daha onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4054

Oxşar yazılar