Prezident:“Biz iyirmi il ərzində təkbaşına mübarizə aparırıq”
22 sentyabr 2012 00:04 (UTC +04:00)

Prezident:“Biz iyirmi il ərzində təkbaşına mübarizə aparırıq”

“Xarici siyasətlə bağlı ölkə qarşısında duran əsas vəzifə, əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir”.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsində nitqində belə deyib.

“Ermənistanın mövqeləri çox zəif, bizim mövqelərimiz isə çox güclüdür”

Prezident problemin uzun illərdir ki, öz həllini tapmamasından, ədalətin, beynəlxalq hüquq normalarının pozulmasından danışıb: “Azərbaycan bu məsələnin həlli üçün bütün imkanlardan istifadə edir və etməlidir. Diplomatik səylər gücləndirilməlidir və gücləndirilir. Digər amillər də bu məsələnin həlli üçün öz rolunu oynamalıdır və bu istiqamətdə önəmli addımlar atılır”.

Prezident son 20 ildə Azərbaycanla Ermənistan arasındakı inkişaf fərqinin böyüdüyünü də diqqətə çatdırıb. O qeyd edib ki, qarşıdakı illərdə də fərq Azərbaycanın üstünlükləri ilə daha da qabarıq görünəcək.

Ölkə başçı diplomatik səylərin davam etdirildiyini, dost ölkələrin sayının artmaqda olduğunu da açıqlayıb. Prezident beynəlxalq təşkilatlarda kifayət qədər Dağlıq Qarabağ məsələsi ilə bağlı ədalətli qətnamələrin qəbul edildiyini də xatırladıb: “BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT-in qərarları, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, Avropa Şurasının, Qoşulmama Hərəkatının qətnamələri, NATO-nun qərarları, yəni, hüquqi baza kifayət qədər genişdir, möhkəmdir və sarsılmazdır. Münaqişənin həlli üçün ilk növbədə hüquqi baza möhkəm olmalıdır. Bu məsələ ilə bağlı Ermənistanın mövqeləri çox zəif, bizim mövqelərimiz isə çox güclüdür”.

Prezident qeyd edib ki, alimlər məsələnin tarixi aspekti ilə bağlı tutarlı arqumentlərlə zəngin yeni kitablar hazırlayırlar, araşdırmalar, əsərlər tarixi həqiqəti əks etdirir: “Bu, çox önəmlidir. Çünki uzun illər ermənilər öz lobbi qurumları vasitəsilə dünyada belə bir rəy formalaşdırmağa çalışırlar ki, Dağlıq Qarabağ qədim erməni torpağıdır və erməni xalqı əsrlər boyu bu torpaqda yaşayıb. Bunlar tamamilə yalan, təhrif edilmiş məlumatlardır. Hazırda biz bu yalanları ifşa etməklə, həqiqətləri ortaya çıxarmaqla, eyni zamanda, münaqişənin həlli üçün tarixi bazanı da möhkəmləndiririk. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Dağlıq Qarabağın ərazisində yerləşən bütün yaşayış məntəqələrinin toponimləri Azərbaycan mənşəlidir. Nəinki Dağlıq Qarabağ, indiki Ermənistanın toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Yəni, xalqımız əsrlər boyu bu torpaqda yaşayıb, yaradıb və bundan sonra da bu torpaqda yaşamalıdır. Biz bunu təmin edəcəyik”.

Ermənistan ianələr hesabına yaşayır

Dövlət başçısı Ermənistanla Azərbaycan arasındakı iqtisadi inkişaf fərqinə də toxunaraq, ölkəmizin iqtisadiyyatının müqayisəedilməz dərəcədə irəliyə getdiyini deyib: “Təkcə hərbi xərclərimiz Ermənistanın bütün büdcəsindən iki dəfə çoxdur. Bizim iqtisadi imkanlarımız genişlənir. İqtisadi tərəfdaşlarımızın sayı artmaqdadır, ixrac potensialımız artır. İqtisadiyyat artıq çoxşaxəli iqtisadiyyatdır və bu ilin altı ayının yekunları, - doqquz ayın yekunları bu yaxınlarda bəlli olacaq, - göstərir ki, qeyri-neft sektorunda artım on faizdən çoxdur”.

Prezident Ermənistanın iqtisadi cəhətdən çıxılmaz vəziyyətdə olduğunu da qeyd edib: “Xarici yardımlar, kreditlər, diasporun ianələri olmasa, Ermənistan iqtisadiyyatı tamamilə çökəcək. Bu yaxınlarda onların hətta rəsmi statistik məlumatlarına görə, Ermənistanın ixrac nomenklaturası bəlli oldu və orada çox gülməli ixrac məhsulları üzə çıxdı. Yəni, qurbağalar, - bəlkə bu auditoriyada bu barədə danışmaq yersiz olar, - amma bu, reallıqdır. Yəni, bu ölkənin daxili resursları tükənir. İqtisadiyyat çökür. Sənaye iflic vəziyyətindədir. Demoqrafik vəziyyət acınacaqlıdır. Ölkədən hər il yüz minə qədər əhali köç edir və bu proses davam edir. Bu prosesin qarşısını almaq artıq mümkün deyil, o vaxta qədər ki, Ermənistan öz qonşularına qarşı torpaq iddiasında olmağa davam edəcək”.


Prezident Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsinin tarixi qələbə olduğunu vurğulayıb: “Müstəqilliyin iyirmi illiyinə təsadüf edən bu qələbə ölkəmizin uğurlu inkişafını göstərir. Eyni zamanda, onu göstərir ki, biz erməni lobbisi tərəfindən Azərbaycan haqqında yanlış rəy formalaşmasında ermənilərə böyük zərbə vura bilmişik. Yəni, biz o rəyi dəyişdirə bilmişik və bu gün 155 ölkə Azərbaycanı dəstəkləyir. Biz Təhlükəsizlik Şurasına üzv seçilən zaman mən demişəm ki, ədaləti, beynəlxalq hüququ müdafiə edəcəyik və ilk günlərdən bu prinsiplərə sadiqik. Bu gün mənim həmkarlarımla keçirilən görüşlərdə daim bu mövzu haqqında fikir mübadiləsi aparılır. Azərbaycanın ədalətli, cəsarətli mövqeyi daim vurğulanır”.

“Ermənistan bu qələbələr qarşısında acizdir”

Ölkə başçısı deyib ki, BMT Təhlükəsizlik Şurasında təmsil olunmaq Azərbaycanın dünyada özü haqqında daha da dolğun məlumat vermək imkanlarını artırıb: “Əlbəttə, Ermənistan bu qələbələr qarşısında acizdir, əslində öz məğlubiyyətini etiraf edir. Çünki diplomatlar yaxşı bilirlər ki, Ermənistan da Təhlükəsizlik Şurasına üzv olmaq üçün müraciət etmişdi. Ancaq ondan sonra götür-qoy etdi və anladı ki, onları çox acı və biabırçı məğlubiyyət gözləyir. Çünki Azərbaycan, əlbəttə ki, daha böyük mövqelərə malikdir. Ermənistan sakitcə bu yarışdan çəkildi. Bütün başqa yarışlardan da çəkilmək zorundadır, bizimlə rəqabət aparmaq iqtidarında deyil. Biz gücümüzü artıracağıq”.

Prezident qeyd edib ki, bu işdə səfriliklərin rolu çox əhəmiyyətlidir, çünki son bir neçə ildə Azərbaycan ikitərəfli formatda böyük irəliləyişə nail ola bilib.

“Biz iyirmi il ərzində təkbaşına mübarizə aparırıq”

Prezident qeyd edib ki, Ermənistan rəhbərliyində reallığı dərk edən adamlar hələ ki, qalıbsa, onlar anlamalıdırlar ki, Azərbaycanla qısamüddətli və uzunmüddətli rəqabətdə onları yalnız məğlubiyyət gözləyir: “Əgər onlar hazırda danışıqlar masasında olan varianta razılıq verərib, işğal edilmiş torpaqlardan qoşunlarını çıxararlarsa, o zaman öz xalqının gələcəyini təmin etmiş olarlar. Çünki onları gələcəkdə böyük təhlükələr gözləyir. Dünya dəyişir, bölgədə gedən proseslər sizə bəllidir. İstisna edilmir ki, vaxt gələcək və hər bir ölkə təkbaşına öz maraqlarını müdafiə etmək zorunda qalacaq. Azərbaycan buna hazırdır. Çünki onsuz da biz iyirmi il ərzində təkbaşına mübarizə aparırıq. Bəzi hallarda bizdən qat-qat böyük qüvvələr qarşısında öz maraqlarımızı təmin edirik, heç kimin qarşısından geri çəkilmirik”.

“Ən böyük sınaqlardan üzüağ çıxımışıq”

Prezident vurğulayıb ki, regionda Azərbaycanın maraqlarını nəzərə almadan siyasi təşəbbüslər icra edilə bilməz: “Biz ən böyük sınaqlardan üzüağ çıxmışıq. Hətta bizim mövqeyimizi, necə deyərlər, bölüşməyən və əks mövqedə olan böyük qüvvələr vahid bir mövqe nümayiş etdirərkən, Azərbaycanın mövqeyi imkan vermədi ki, bölgədə bizim maraqlarımıza zidd olan hər hansı bir hadisə baş versin. Yəni, biz təkbaşına mübarizəyə nəinki hazırıq, bu mübarizəni aparırıq, özümüzü dünyada təsdiq edirik, gələcəyimizi özümüz müəyyən edirik. Ermənistan isə aydın məsələdir ki, xarici yardım olmadan ümumiyyətlə, heç bir gələcəyi olmayan ölkədir. Regionda gedən proseslər, bir daha demək istəyirəm, o vəziyyətə gətirib çıxara bilər ki, Ermənistan seçim qarşısında o qədər də böyük seçimə malik olmayacaq. Ona görə onların xeyrinədir ki, əsassız iddialardan əl çəksinlər, özlərinə məxsus olmayan torpaqlardan çıxsınlar. O zaman bölgədə sülh, əməkdaşlıq yaranar. O zaman Ermənistan da regional məsələlərə qoşula bilər”.

“Ermənistanı təcrid etdiyimizi gizlətmirik”

Dövlət başçısı Azərbaycanın bölgədə söz sahibi olduğunu və bundan sonra mövqeyinin daha da möhkəmlənəcəyini bildirib: “Biz heç vaxt imkan verə bilmərik ki, Ermənistan hər hansı bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsinə qoşulsun. Biz onları təcrid etmişik, bunu gizlətmirik. Gələcəkdə təcridetmə siyasətimiz davam etdirilməlidir. Bu, öz bəhrəsini verir. Əgər məsələni sülh yolu ilə həll etmək üçün bizə daim mesajlar göndərən tərəfdaşlar doğrudan da istəyirlər ki, bölgədə sülh olsun, Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır. Əks təqdirdə məsələnin başqa yolla həll edilməsi istisna deyil. Biz bunu heç vaxt istisna etməmişik. Beynəlxalq hüquq bu haqqı bizə verir. Sadəcə olaraq, Azərbaycanın sülhsevər siyasəti, bölgədə gedən proseslərə artan məsuliyyəti, bölgədə artıq sabitləşdirici amil kimi çıxış etməsi bizi bu radikal addımlardan hələ ki, çəkindirir. Ona görə məsələnin tezliklə həlli hər tərəfin marağında olmalıdır. Biz məsələnin həllini, bölgədə sülh olmaslnı istəyirik. Bunu vasitəçilər də istəyir. Ancaq bununla bərabər, biz torpaqlarımızı geri istəyirik. Fərq bundan ibarətdir. Nəyin bahasına olursa-olsun, sülh olsun yanaşmasını biz qəbul etmirik. Yəni, məsələnin dondurulması mümkün deyil. Ermənistan təbii, istəyir ki, məsələ dondurulsun, status-kvo pozulmasın, danışıqlar aparılsın, amma, necə deyərlər, heç bir nəticə əldə edilməsin”.

“Bir neçə dəfə razılaşmaya yaxın olduq”

Prezident bildirib ki, danışıqlar prosesində bir neçə dəfə Azərbaycan razılaşmaya yaxın olduğunu hiss edib: “Ermənistanın riyakar mövqeyi, yalançı vədləri imkan vermədi ki, biz razılaşmaya nail olaq. Yəni, bizim üçün sirr deyil, Ermənistan çalışır ki, məsələni dondursun, nə qədər mümkünsə məsələni uzatsın.
Həmsədr ölkələrin prezidentlərinin bəyanatları bizi, əlbəttə, ruhlandırır ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Ancaq bu bəyanatlardan sonra biz konkret addımlar gözləyirdik. Nəhayət gözləyirdik ki, işğalçıya çox ciddi siqnallar veriləcək ki, daha bəsdir, bu torpaqdan çıxmasan Azərbaycan məsələni başqa yolla həll edəcək. Ona görə daim məsələnin sülh yolu ilə həll edilməsi prioriteti səslənəndə bu, Ermənistana yanlış mesaj göndərir ki, siz narahat olmayın, sülh yolu ilə həll olunacaq. Buna görə bu məsələni uzada bilərsiniz. Bu, yanlış yanaşmadır. Mən dəfələrlə bizim tərəfdaşlara bu barədə fikirlərimizi demişəm. Biz də sülh istəyirik, amma bir daha demək istəyirəm ki, ilk növbədə, vətəndaşlarımız işğal edilmiş torpaqlara qayıtmalıdırlar.
Yəni, bu məsələ bir daha demək istəyirəm ki, bizim üçün əsas məsələdir, milli məsələdir və bundan sonra da biz səylərimizi gücləndirəcəyik. Biz düzgün yoldayıq. Biz hər gün qələbəni yaxınlaşdırırıq. Qələbənin yaxınlaşdırılması üçün hər bir Azərbaycan vətəndaşı, xüsusilə diplomatik fəaliyyətlə məşğul olanlar hər gün fəal çalışmalıdırlar”.

“...Xocalı soyqırımı digər ölkələr tərəfindən tanınacaq”

Prezident xarici siyasətlə bağlı Dağlıq Qarabağ problemi ilə bilavasitə bağlı digər mühüm vəzifə olan Xocalı soyqırımını dünyada tanıtdırmaq məsələsinə də toxunub: “Mən hesab edirəm ki, biz bu istiqamətdə çox uğurlu siyasət aparmışıq və qısa müddət ərzində üç ölkənin parlamenti Xocalı qırğınını soyqırım kimi qəbul edib. Artıq başqa ölkələrdə Xocalı abidələri ucaldılır. Ermənilər 50-ci illərdən başlayaraq və əlbəttə ki, diaspor qurumlarının gücü ilə müxtəlif ölkələrdə dırnaqarası erməni soyqırımı məsələsini qaldırıblar və bəzi ölkələr bunu qəbul edib. Ancaq biz bu məsələ ilə bir neçə ildir ki, məşğul oluruq və artıq gözəl nəticələr var. Ona görə mən hesab edirəm ki, bu siyasət davam etdirilməlidir. Bizim səfirlər, səfirliklərin nümayəndələri bu məsələni harada mümkündür qaldırmalıdırlar. Onların, səfirliklərin çalışdıqları ölkələrin qanunvericilik orqanlarında Xocalı soyqırımı məsələsi qaldırılmalıdır. Çalışmalıyıq ki, bu soyqırımı müxtəlif səviyyələrdə tanınsın. Biz istər regional, istər munisipal, - əlbəttə ki, federal səviyyədə olarsa daha yaxşı olar, - səviyyədə bu işi daim aparmalıyıq. Əldə edilmiş nəticələr əlbəttə ki, bizi ruhlandırır, göstərir ki, bu, mümkündür. Ümumiyyətlə, ölkəmizin dinamik inkişafı və artıq dünyada Azərbaycan haqqında çox müsbət rəyin formalaşması göstərir ki, mümkündür, çox şey mümkündür. Sadəcə olaraq, işləmək lazımdır, konkret proqram olmalıdır, tapşırıqlar verilməlidir və icra edilməlidir. Ona görə, əminəm ki, gələcəkdə Meksikaya, Pakistana, Kolumbiyaya digər ölkələr də qoşulacaq və Xocalı soyqırımı digər ölkələr tərəfindən tanınacaq. Vaxt gələcək bu soyqırımını törədənlər qanun qarşısında cavab verəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1330

Oxşar yazılar