Rauf Arifoğlu: “Elçibəy niyə elə demişdi, bilmirəm...” – SÖHBƏT -
01 sentyabr 2012 15:13 (UTC +04:00)

Rauf Arifoğlu: “Elçibəy niyə elə demişdi, bilmirəm...” – SÖHBƏT -


Klubumuzun üzvləri:

Aygün Aslanlı – kinoşünas
Xalisə Şahverdi – hüquqşünas
İradə Tuncay – publisist
Günel Mövlud – yazar

Obrazlarımız:

İradə Tuncay – təmkinli, ziyalı xanım
Xalisə Şahverdi – realist iş adamı
Aygün Aslanlı – melanxolik gənc ziyalı
Günel Mövlud – romantik solçu

Qonağımız: «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu

Rauf bəy klubumuza gələndə müxalifətdəki fəal gənclərin istefa, narazılıq dövrləri idi. Elə söhbətə də bu mövzudan başladıq. Rauf bəy bizim təəccübümüzə rəğmən sosial şəbəkələri daim izləyən biri çıxdı. Hətta rəhbərlik etdiyi qəzetdə çalışan əməkdaşların da sosial şəbəkələrdəki səhifələrini, yazdıqları statusları diqqətlə izlədiyini bildirdi.

- Əməkdaşlarımızın demək olar ki, hamısının səhifələrini izləyirəm. Bəzən görəndə ki, kimsə ifrat diqqət ayırır, çağırıb soruşuram ki, bu gün nə yazmısan? Deyəndə ki, heç nə, ya da az yazmışam – qınayıram ki, sən bayaqdan «facebook»da yazdıqların qədər qəzetə yazsaydın, nə qədər qonorar almış olardın.

Günel:

- Rauf bəy, sizin dövrün də etirazçı gənclərin arasında bu günki narazılıqlar, davalar olurdu?

Rauf Arifoğlu:

- Yox, bizim hədəflərimiz, məqsədlərimiz çox böyük idi. Hansısa cəbhədaxili davalar yox idi. Biz daha ciddi və məqsədyönlü idik.

Xalisə:

- Bəy, sizinlə görüşə gələcəyimizi biləndə bir qədər maraqlandım sizin barənizdə. Və indiyə qədər eşitmədiyim bəzi şeylər eşitdim. Deyilənə görə, sizin bir vaxtlar Əbülfəz Elçibəylə yaxşı münasibətləriniz olub. Amma bir müddətdən sonra münasibətləriniz soyuyub. Hətta siz onun mühafizəçilərini işə də götürmüsünüz. Bu barədə Bəyə sual veriləndə onun cavabı «mən o adamlara Rauf qədər maaş verə bilmədim, buna görə onun yanına işləməyə getdilər» olub. Bunlar doğrudurmu?

Rauf Arifoğlu:

- Əbülfəz bəylə münasibətlərimiz yaxşı olub. «Yeni Müsavat» Partiyasını yaratmağı mən ona təklif eləmişəm. Onun verdiyi dəstək sayəsində bu partiya yaranıb. O hakimiyyətdə olduğu müddətdə, Kələkiyə getdiyi müddətdə də, oradan Bakıya qayıdandan sonra da həmişə yaxşı münasibətlərimiz olub, rəhbərlik elədiyim qəzet daim onun xidmətində olub. O ki qaldı mühafizəçi məsələsinə, onun mühafizəçilərindən cəmi bircə nəfəri mən işə götürmüşəm – Səfər bəyi. Səfər bəy mənim dostum, səngər yoldaşım idi və Bəyə də onu mən məsləhət görmüşdüm. Uzun illər nə mənim, nə də qəzetin mühafizəçilərə ehtiyacı yox idi. Amma bir dəfə şair Nüsrət Kəsəmənli oğlu barədə gedən bir xəbərdən qəzəblənərək, redaksiyamıza hücum eləmişdi və xanım əməkdaşlarımızı bərk qorxutmuşdu. Bu hadisədən sonra biz məcbur olduq redaksiyada mühafizəçi saxlayaq. O ərəfədə Bəyin qoruması çox idi, mənimsə yanımda heç kim yox idi. Buna görə də mən Səfər bəyə müraciət elədim. O da razılaşdı. Amma maraqlıdır ki, bu barədə Əbülfəz bəyə sual verəndə, cavabı bu olmuşdu ki, mən ona Rauf qədər maaş verə bilmədim. Niyə elə demişdi, bilmirəm...

Günel:

- Bəy, indi də mühafizəçlərlə gəzirsiniz?

Rauf Arifoğlu:

- Bəli. Çalışıram ki, ölkənin ən tirajlı qəzetlərindən biri olan «Yeni Müsavat» qəzetinin baş redaktorunu asanca öldürə bilməsinlər. Bunu da indi deməklə, mətbuat vasitəsilə çatdırmaq istəyirəm – hamı bilsin ki, məni öldürmək elə də asan deyil. Buna görə də, istisna halları çıxmaq şərtilə, adətən mühafizəçi ilə gəzirəm.

Günel:

- «İstisna hallar» nədər ibarətdir?

Rauf Arifoğlu:

- Bazar günləri, yaxın dostlarla görüşəndə mühafizəçiləri istirahətə buraxıram.

Aygün:

- Bəs, bunu deyirsiz, ehtiyat eləmirsiz ki, bazar günləri sizi öldürməyin daha asan
olduğunu bilərlər?


Rauf Arifoğlu:

- İndi mən «bazar günü» deyirəm, amma ola bilər ki, bu heç bazar günü olmasın, başqa gün olsun.

Günel:

- Tirajlı qəzetin baş redaktorunu asanca öldürə bilməsinlər deyirsiniz, amma o qəzetin aparıcı yazarlarını asanca öldürə bilərlər? Niyə məsələn, Zamin Hacıya da mühafizəçi ayırmırsınız?

Rauf Arifoğlu:

- Ətrafımızın qayır-qayır qaynayan vaxtında, yazarlarımızın hədəfdə olduğundan şübhələndiyimiz zamanlarda biz nəinki Zamin Hacıya, demək olar ki, bütün əməkdaşlara qoruma ayırmışdıq. Amma indi həndəvərimizdə elə qələbəlik deyil. Odur ki, mən yazarlara deyirəm ki, mənim sizi qorumaq gücüm yoxdu. Elə eləyin ki, sizi öldürməsinlər. Bu yaxınlarda Zamin bəy mənə bir yazı gətirmişdi. O yazını üç dəfə geri qaytarandan sonra, dördüncü variantı çap etməyə razılaşdım. Zamin dedi ki, Rauf bəy, Rafiq Tağının sizin kimi redaktoru olsaydı, onu öldürməzdilər.

Günel:

- Rauf bəy, sizin barənizdə klassik anlamda «yaxşı oğlan» demək olar? Yəni dostcanlı, dostlara görə özünü təhlükəyə atan, dostun darda olduğunu biləndə tez ona kömək etməyə qaçan adam obrazı sizə yaxındı?

Rauf Arifoğlu:

- Məncə, demək olar. Dostcanlıyam, onlara kömək eləməyə hazıram, onların yolunda özümü təhlükəyə ataram. Təcrübəmdə də belə şeylər olub.

Xalisə:

- Dostlarınızdan sui-istifadə eləyirsiniz? Yəni yaxşı mənada sui-istifadə.

Rauf Arifoğlu:

- Sui-istifadə yox, amma onların köməyindən istifadə eləyirəm.

Xalisə:

- Eşitdiyimə görə bir dəfə həbs olunacağınızı biləndə redaktor yoldaşlarınızı çağırmısınız ki, sizi həbs olunmağa qoymasınlar...

Rauf Arifoğlu:

- Hadisə bir qədər başqa cür olub. 2003-cü ilin avqust ayında, etibarlı mənbələrdən xəbər gəldi ki, yol polisi mənə tələ qurub. Mənim maşınımı saxlayacaqlar, özləri poqonlarını söküb, mənim və mühafizəçilərimin üstünə atacaqlar. Televiziya da bunları çəkəcək. Mən də kontrtədbir hazırladım. Əflatun Amaşovu, Mehman Əliyevi, Asif Mərzili, Arif Əliyev və başqa redaktorları çağırdım. Maşında məndən və redaktorlardan başqa heç kim olmadı. Bizə çatan xəbər düz çıxdı. Amma nə televiziyadan gələnlər, nə də polislər redaktorları sifətdən tanımadılar və nəticədə rüsvay oldular.

Aygün:

- Rauf bəy, maraqlıdır ki, son zamanlar həbsxanadan çıxanlar qəfil mövqe dəyişikliyi nümayiş etdirirlər. Doğrudanmı həbsxanada belə işgəncə verirlər ki, o adamlar çıxandan sonra belə eləyir?

Rauf Arifoğlu:

- Məncə, bu mövqe dəyişikliyi, gözlənilməz qərarlar həbsxanada verilən işgəncələrin nəticəsi deyil. O adamlar həbsxanadan çıxandan sonra götür-qoy eləyir və özlərinə gələcəkdə sərf eləyən yolu tuturlar. Həbsxanada elə lüks otaqlarda yaşayıb, elə rahat qalan adamla vardı ki, onlar heç narahatlıq çəkmədən mövqe də dəyişirlər, televiziyaya da çıxırlar. Mövqe dəyişməyin həbsxanadakı işgəncə ilə bir əlaqəsi yoxdu. Həbsxana özü isə, məsələn, mətbuat adamı üçün istirahət yeridir. Bol vaxtın olur, kitab oxumaq üçün, dincəlmək üçün, əgər yanındakılar əqidə yoldaşlarındısa, ünsiyyətdə olmaq üçün yaxşı yerdi. Sadəcə, ilk aylar və təklikdə saxlananda pis olur – zaman keçmir, adam dəli olur. Amma sonra, öyrəşəndən, yanında əqidə yoldaşların olandan və nəhayət, həbsxanaya bir az əl gəzdirəndən sonra yaxşı olur.

Aygün:

- Elə təsvir elədiniz ki, mənə elə gəldi, siz və digər müxalifətçilər orada «Qurdlar Vadisi»nin qəhrəmanları kimi üçotaqlı, lüks həbsxana otaqlarında qalmısınız.

Rauf Arifoğlu:

- Yox, o qədər də lüks deyildi. Bir az da özümüz xərc çəkdik, otaqlarımızı təmir elətdirdik, şərait yaratdıq.

Günel:

- Deyəsən, ora təzədən qayıdacağınızı düşünürdünüz...

Rauf Arifoğlu:

- Yox, ən azından bizdən sonra orda qalanlar maraqla deyirdilər ki, hə, bura Rauf Arifoğlunun, İqbal Ağazadənin yatdığı kameralardı.

Günel:

- Rauf bəy, rus dissidentləri həbsxana həyatlarından maraqlı şeylər yazırlar. Yazırlar ki, onların yanına romantik, xalqının qəhrəmanını tanıyan xanımlar baş çəkirmiş. Sizə elə romantik xanımlar baş çəkirdi?

Rauf Arifoğlu:

- Romantik xanımlar baş çəkmirdi, amma romantik olmayan Andreas Qross baş çəkirdi, hüquq müdafiəçiləri, cəbhə yoldaşlarım baş çəkirdi.

Günel:

- Yəni bu ölkədə sizə bir dəst yun corab toxuyub gətirən bir qadın tapılmadı?

Rauf Arifoğlu:

- Axı toxusa da, onu mənə çatdırmaq imkanı yox idi! Bizi çox sərt nəzarət altında saxlayırdılar. Bir də ki, geyim mənim nəyimə lazım idi? Geyinib, hara gedəcəkdim, məhkəmədən başqa çıxdığım yer yox idi. Amma çoxlu dəstək məktubları və mesajlar gəlirdi. Düzdü, telefona icazə vermirdilər. Mənim üçün gizlicə keçirmişdilər. Bapbalaca telefon idi, üç yerə bölüb hər hissəsini bir yerdə saxlayırdım.

Günel:

- Bayaq dostlarınızın köməyindən istifadə etməyinizdən danışdınız. Bəs xanımların köməyindən nə vaxt istifadə eləyirsiz?

Rauf Arifoğlu:

- Bəzən elə vaxtlar olur ki, biz köməyi ancaq qadınlardan görürük, bəzən elə hadisələr olur ki, siyasi-ictimai sektor təkcə xanımların ümidinə qalır. Aclıq aksiyasına başlayırıq, birinci xanımlar dəstək verir, məhkəmələrimiz olur, qadınlar hamıdan çox fəallıq göstərir. Bu, onların köməyindən istifadə eləmək, yararlanmaq deyil. Mən, sadəcə, onların fədakarlığına heyranam. Biz onların haqqını heç vaxt verə bilməyəcəyik.

Aygün:

- Sizcə, ölkəni qadın idarə edə bilər?

Rauf Arifoğlu:

- Əlbəttə, qadın qurucudu, sülhpərvərdi, humanistdi. Buna görə də, ölkəni qadının idarə etməsinə çox yaxşı baxıram.

Xalisə:

- Siz belə düşünürsünüz ki, bizim müharibəyə ehtiyacımız yoxdur?

Rauf Arifoğlu:

- Niyə ki? Torpaqlarımızın geri qaytarılmasının bir yolu sülhdüsə, bir yolu da müharibədi. Və mən düşünürəm ki, müharibə qaçılmazdı. Buna görə də, mən qadının prezident olmasına yaxşı baxsam da, yaxın müddətdə bu, real görünmür.

Günel:

- Rauf bəy, eşitmişəm, sizin xüsusi və maraqlı xəbər alma yöntəmləriniz var. Hətta bu üsluba zarafatla «Rauf Arifoğlu məktəbi» də deyirlər. Məsələn, müxbiriniz hansısa informasiyanı almaq üçün bir məmura zəng eləyir. Məmur telefonu götürmür. Siz müxbirə məsləhət görürsünüz ki, ona mesaj yaz ki, sənin barəndə əlimizdə kompromat var. Müxbir bunu eləyəndən sonra məmur tezcə özü qəzetə zəng eləyir. Olurmu belə şeylər?

Rauf Arifoğlu:

- Lap belə də deyil. Sadəcə, çox vacib bir məsələ varsa və məmur telefon zənglərinə cavab vermirsə, müxbirlərə deyirəm ki, ona yazın: «sizin qəzaya düşdüyünüz barədə bizə informasiya gəlib. Narahatıq, bu məsələni dəqiqləşdirmək istəyirik». Uzaqbaşı belə olur. Amma bu üslubdan da ancaq Azərbaycanda istifadə etmək olar, başqa ölkələrdə keçməz.

Aygün:

- Rauf bəy, hansı məmurun şəklin manşetə çıxaranda qəzet çox satılır?

Rauf Arifoğlu:

- Bir nazir var, onun şəklini manşetə çıxaran kimi qəzet çox satılır. Hərdən zarafatla deyirəm ki, biz onun çörəyini yeyirik. Elə nazirlər var, xəbərlərə çox həssasdırlar, bizi dəfələrlə məhkəməyə verirlər. Elə də nazirlər var ki, uzun müddət susurlar, reaksiya vermirlər.

İradə Tuncay:

- Maraqlıdı, ölkənin məşhur kişilərindən birini çağırmısınız bura, amma darıxdırıcı söhbətlər eləyirsiniz. Rauf bəyin cəmiyyətə açıq olmayan tərəflərini açıb göstərmək lazımdır.

Günel:

- İradə xanım, söhbəti siz yoluna qoyun da. Sahmana salın bu kainatı!

İradə Tuncay:

- Rauf bəy, cəmiyyətdəki obrazınızdan xəbəriniz varmı?

Rauf Arifoğlu:

- Deyilər ki, obrazım elə də yaxşı deyil. Amma mən cəmiyyətə çıxanda, nədənsə, bunu əksini görürəm. Hamı hörmət, ehtiram, qayğı ilə yanaşır.

İradə Tuncay:

- Bəlkə sizdən qorxurlar?

Rauf Arifoğlu:

- Axı mənim əlimdə hansı səlahiyyət var ki, qorxsunlar? Məncə, bu hörmətin səbəbi cəmiyyətin biz mübarizə, savaş görmüş insanlar kimi tanımasındadı.

İradə Tuncay:

- Nəsə mənə elə gəlir ki, sizə qarşı daha çox qorxu var insanlarda.

Günel:

- Mənə isə elə gəlir ki, nifrət var.

Rauf Arifoğlu:

- Nə xoş söhbətə çağırmısınız məni... Biri deyir sizdən qorxurlar, biri deyir sizə nifrət eləyirlər...

Xalisə:

- Hələ mənə elə gəlir ki, siz dindarlığınızdan da siyasət üçün istifadə edirsiniz.

Rauf Arifoğlu:

- Sizə elə gələ bilər, amma elə deyil. Mən dünyəvi həyat tərzi keçirirəm. Evimdə üç xanım var – həyat yoldaşlarım və qızlarım. Onlara da din məsələsində təzyiq eləmirəm. Həmçinin, əməkdaşlarımızın inanc məsələsinə qarışmıram. Bizim əməkdaşların əksəriyyəti ateistdi. O ki qaldı, mənə... Siz məndə nəsə molla obrazı görürsünüz?

Günel:

- Qətiyyən!

İradə Tuncay:

- Rauf bəy, həbsxana həyatı adamın sonradan məşhur olmasına xidmət eləyirmi?

Rauf Arifoğlu:

- Hələ həbsxanada olanda adam artıq özünü qəhrəman kimi hiss eləyir. Dəstək məktubları, mesajları gəlir, dörd yandan diqqət görürsən. Həbsxanadan çıxanda da qəhrəman kimi çıxırsan. Mən və mənimlə birlikdə həbsxanada yatan adamlar doğrudan da ordan çıxandan sonra qəhrəmana çevrildilər.

İradə Tuncay:

- Eynulla Fətullayev də indi qəhrəmandır?

Rauf Arifoğlu:

- Yox, Eynulla həmin o dörd ilin qəhrəmanı idi.

İradə Tuncay:

- Rauf bəy, naturaca kövrək adamsınızmı? ?

Rauf Arifoğlu:

- Ola bilər. Kövrəkliyim də, romantikliyim də var. Mən asan ağlayan, kövrələ bilən adamam. Bir hadisədən, əsərdən, bir insanın danışdıqlarından kövrəlib ağlaya bilirəm. Necə olsa, jurnalistikaya şeirdən gəlmişəm axı...bəzən köhnə şeirlərimə baxıram və heyrətə gəlirəm.

Günel:

- Düşünürsünüz ki, çox bəsit yazmısız o vaxtlar?

Rauf Arifoğlu:

- Yox, əksinə, elə yüksək səviyyə görürəm ki, fikirləşirəm ki, mən o yaşda belə şey yazmışamsa, niyə böyük şair olmadım?

Rauf bəy hələ çox şeydən danışdı. Baxdığı seriallardan, Müsavatın «mətbəx»indən, bir sözlə çox şeydən...Amma bütün söhbətləri bir yazıya sığdırmaq lazım deyil. Çünki, bu, hər halda Rauf bəylə axırıncı söhbətimiz deyil.

P.S. Rauf bəy, müsahibəyə gəlməmişdən əvvəl, baş redaktorumuza zəng eləyib, özünü tapşırtdırmışdı. Ki, qızlar mən çox sıxma-boğmaya salmasınlar)))) Onun konkret olaraq hansı sualdan, ya da hansı mövzudan qorxub-çəkindiyini bilmirəm, amma biz onu doğrudan da çox sıxma-boğmaya salmadıq. Hətta İradə Tuncay söhbətin axırında Rauf bəyi «çox peşəkar baş redaktor» adlandırıb, onun olduqca yaxşı qəzet buraxdığını ürəklə vurğuladı.


FOTOLAR: Ramil Zeynalov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5441

Oxşar yazılar