“Qorxudan cənazəsinə yaxın düşə bilmədim...” – <span style="color:red;">YENİ LAYİHƏ
06 mart 2019 15:03 (UTC +04:00)

“Qorxudan cənazəsinə yaxın düşə bilmədim...” – YENİ LAYİHƏ

Şəhid polkovnikin xanımı: “O ananı görəndə öz dərdimdən utandım”

 

Lent.az yeni silsiləyə başlayır. Saytımızın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edəcəyik.

Layihəmizin ilk yazısı şəhid polkovnik-leytenant Raquf Orucovun evindən hazırlanıb.

 

***

 

Qapıdan girib salamlaşıram. “Çərşənbəniz mübarək!”  Bayaq tonqal üçün taxta daşıyan uşaqların havasındayam, həm də qonaq olduğum evə xoş əhvalla qədəm qoymaq istəyirəm. Ev sahibəsi “yalançı çərşənbədir” deyir. Bu ilk çərşənbəyə yalançı çərşənbə dediklərini sonradan öyrənirəm. İndən belə bu evdə bir xeyli belə olacaq: yalançı çərşənbələr, yalançı bayramlar...

Sevinc xanımın məni içəri ötürdüyü, divardan Raqufun portretinin asıldığı qonaq otağında səssizliklə qarşılaşanda Sevinc xanım izah edir:

Hamı evdədir indi. Anam da buradadır, iki oğlum da. Elə bilməyin ki, sizə görə belə sakitlikdir. Yox. O gündən bəri hər gün belə sakitlikdir. Hər kəs bir yerə çəkilib. Bir bağ, bir həlqə qopub. Düşmənimə də arzulamıram bu sakitliyi...”

Aprel döyüşlərində şəhid olmuş əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun evindəyəm. Həyat yoldaşı Sevinc xanımla Raqufdan danışacağıq. O Raqufdan ki, əsir düşmüş əsgərləri  qaytarmaq üçün böyük qəhrəmanlıq göstərmiş, bir neçə düşməni əsir götürmüş və bizim əsgərlərlə dəyişməyə nail olmuşdu. Və bu, onun qəhrəmanlıqlarından yalnız biri idi. O Raquf Orucovdan ki, briqada komandiri ola-ola ermənilərin içərisinə dəfələrlə tək, bəli, tək, kəşfiyyata gedib-qayıtmışdı. O Raqufdan ki, adı “Murov qartalı” kimi əbədiləşmişdi.

Divardakı portretə baxıram. Niyəsə ilk olaraq Raquf Orucovun atası İbrahim kişini soruşuram.

“Raqufgil dörd  qardaş, bir bacı olublar. Raqufun anası şəhid olanda Raqufun bacısının 7 yaşı olub. Yetim qalıblar. El-oba dağılıb, qaçqınlıq... Onlar gəlib Sumqayıtda bir yataqxanaya yığışıblar. Hətta yaşayış yeri belə olmayıb, qaldıqları yer klub olub. Arada düşünürəm ki, insan bu qədər əzabı bir ömrə necə sığdıra bilib? Raqufun atası indi də yataqxanada  kiçik oğlu ilə qalır. Heç hara da getmək istəmir, deyir mənə məzar da çoxdur, oğlumdan sonra nə mənası var ki?...”

 

Bu cümlədən sonra ağır bir sükuta yol verməmək üçün tələsik nəsə soruşuram. Sevinc xanım cavab verir. Deyəsən, necə tanış olduqlarından danışır.

 

Eşq

 

Təsadüfi tanışlıq olub. Ailələri belə bir-birini tanımırmış. Amma bu bağ o qədər güclü olur ki, Sevinc xanım ona sözün əsl mənasında həyat yoldaşı olur, Raqufun hərbçi həyatına yoldaşlıq edib, onun xidmət etdiyi yerlərdə yaşayır. Və bu 17 illik evlilik müxtəlif evlər, ayrılıqlar, görüşlər, yollarla dolu bir sevgililik olur. Bu yerdə Sevinc xanımla xatirələrlə başlayıb, sükutla qırılan söhbətimizin ən qısa dialoqu keçir:

- Sevinc xanım, bu 17 ilin neçə ilini birgə keçirə bildiz?

- 4 il olmaz.

 

Nikah andlarında belə bir cümlə var: “Ölüm bizi ayıranadək”. Deyəsən, ölüm də ayıra bilməyib:

 

Bu halımla heç vaxt həyatıma görə peşman olmadım. Bir də həyat verilsə, sonunu bilə-bilə yenə bu həyatı, onunla bu 17-cə il  birgə yaşadığımız bu həyatı seçərəm”.

Ardınca “Raqufda nə sizi heyran etdi?” soruşuram. Göz-gözə danışdığımız Sevinc xanım bir anlıq mənə baxa-baxa qarşısında Raquf Orucovu görür: “Mavi gözləri vardı....”

 

Komandir

 

Handan-hana bir əlavə daha: “Hərbi libas ona çox yaraşırdı. Dürüst idi, saf idi. Kişi kimi kişi idi... O qədər ayrı qaldıq. Bir zəngi toy-bayram idi. Evə gələndə harasa getmək, əylənmək ağlımıza da gəlməzdi. Eləcə onun bizim yanımızda olması xoşbəxtlik idi. Başqa heç nə arzulamırdıq. Mülki həyatı sevmirdi. Baxırdı televizora, buradakı insanlara deyirdi elə bil bir ölkənin insanları deyilik. Deyirdim, bura paytaxtdı, mərkəzdi, fərqlidir. Deyirdi yox, buralar mənlik deyil... Çox dedim, axır vaxtlar lap çox deyirdim. Heç vaxt da qəbul etmədi. O heç bizimlə burada qala bilmirdi, darıxırdı”.

Bir insanı sərt hərbçi həyatına, təhlükə ilə üz-üzə olan bir yerdə, soyuq Murovda  usanmadan xidmət etməyə nə bağlayırdı? Müharibə ilə öz haqq-hesabı var, itirdiyi vətən torpağı, şəhid anasının xatirəsi... deyə düşündüyüm yerdə Sevinc xanımdan bir başqa cavab da alıram: “Deyirdi ki, mən sizlə burda necə bayram edə bilərəm? Orda əsgərlərim var, xalqın balası mənə əmanət olunub...” Raquf Orucovun bir ailəsi də orda imiş. Daim təhlükədə olan bir ailəsi: əsgərləri. Danışırdımı onlardan? Suallarımı sanki gözlərimdən oxuyur Sevinc xanım:

Çox da danışmazdı əsgərlərindən. Deyirdi, onlar əmanətdilər. Bir dəfə gülümsəyə-gülümsəyə özü danışmağa başladı. Əsgərlərindən birindən xəbər gələr ki, intihar etmək istəyir. İpdən özü açır. Özünə gələndən sonra söhbət edir, danışdırır. Öyrənir ki, gənc əsgərin sevgilisi var, həm də öz əmisi qızıdır. Amma qızı başqasına verirlər. Xəbəri alan əsgər çıxış yolunu intiharda görüb. Raquf uşağı dinləyəndən sonra zəng edib oğlanın əmisini də, atasını da çağırtdırır. Nigaranlıqla özünü yetirən iki qardaş salamatlıqdan arxayın olan kimi Raquf söhbəti açır və rəsmən elçilik edir. Qızn “hə”sini alır”.

Sevinc xanımın çöhrəsi payız səması kimidir. Arada xatirələrdən işıqlanır, amma tez də buludlar işığın qarşısını kəsir, göz yaşı... sonra yenə bir xatirə işığı buludlar arasından boylanır. Belə olur deməli bir adamın yoxluğu...

Deyirdi ki, qədrimi bilirlər mənim, narahat olma. Haqlı imiş. Təsəvvür edin, ən sevdiyim insanı itirmişəm, onu aparırlar, mən xalqın qorxusundan ona yaxın düşə bilmirəm. O qədər insan var, hamı onu ağlayır. Həm iynələrin təsirindən keyləşmişdim, həm də bu qədər insan məni elə təəccübləndirdi ki. Öz-özümə dedim ki, mənim deyilmiş Raquf. Heç vaxt da mənə məxsus olmadı. Elə aparanda da gördüm. Kimin üçün yaşayırdısa, kimlər üçün döyüşübsə, onlar da alıb aparırdılar. Əllərində götürüb bir-birinə ötürürdülər. O anda mən ağlamağıma görə utandım. Deməli, bu insanları o özü qazanıb, bu sevgini damla-damla yığıb.”

 

Oğul

 

Yutubda Raquf Orucov haqda videolardan birində onun düşmən tərəfə keçib Ağdama, anasının qəbrini ziyarətə getdiyi haqda söhbət keçir. Dəfələrlə düşmənlərin nəzarət etdiyi tərəfə keçmiş kəşfiyyatçı üçün bu çətin olmazdı. Sevinc xanım bu barədə nə bilir?

“Ölümündən qabaq soruşdum bir dəfə. Dedim, sən olasan, getməyəsən ananın qəbrinə ziyarətə? Dedi ki nə bilirsən getməmişəm? O, çox cəsur idi. Durub heç nə düşünməzdi. Gözünü qırpmadan gedərdi təhlükəyə... Onu heç nə saxlaya bilməzdi... Danışmaqla, bəzəməklə qəhrəman olmaq olmaz. Qəhrəmanlıq genetikadır, ruhdur. Raquf da elə idi. Yəqin Raquf olmaq üçün torpağın işğalda olmalıdır, anan şəhid olmalıdır...

Bir dəfə yenə onun yanına getmişdik. O yerdə ki bizim daimi yaşamağımız mümkün deyildi, onda gedirdik yanına iki-üç gün qalırdıq qayıdırdıq. Yenə getmişdik. Bir türk filmi gedirdi televizorda. “Çinar ağacı”. Anasını bir-birinin üstünə atan övladlardan bəhs edirdi. İşığı söndürüb baxırdı. Amma hiss etdim ki ağlayır...

 

Yuxu

 

Yuxularım həmişə çin çıxır. Həmin gün narahat idim. Mayor Elnur Əliyevin şəhid olduğunu eşitdim. Təlaş yarandı ki, bu adi atışma deyil, nəsə başqa bir şeydi. Narahat idim və gec yatdım. Bir yuxu gördüm. Bir xalçamız var idi, qırmızı rəngdə. Heç vaxt da açmazdım o xalçanı. Nə bilim, evin, əşyaların rənginə düşmürdü. Yuxuda gördüm ki, o xalçanı açmışam. Ev də heç vaxt bizə gəlməyən adamlarla doludu. O heç vaxt bizim qapını açmayan adamlardan biri də dayanıb xalçanın ortasında. İnanın ki, həmin o dəhşətli gün qapını açıb o adamı görəndə ürəyim düşdü. Xəbəri bildik.... Özümdə olmamışam, iynə vurublar mənə. Bir də otağa baxanda gördüm ki, həmin xalçanı açıblar cənazəni qoymaq üçün...”

 

Xəbər

 

“Elə arxayın idim ki, Raqufa heç nə olmaz. İllərini verib hərbiyə, peşəkardı. Şəhid olmasını ilk Murovda biliblər. Axı orada çox xidmət edib. Oğlu MAXE işləyən bir tanış həkim var idi. O xanım, sən demə, bilirmiş. Mənə də zəng edib ki, görsün bilirəmmi? Mən də ona deyirəm ki, Raquf yaxşıdı, sən oğlundan xəbər bil. Ondan muğayat ol. Görüb ki, mən bilmirəm. Qayınlarıma zəng edib deyib.

...Heç hazır deyildim. Düşünməzdim ki tək qalacam. İndi hər şey xatirədir. Hara dönürəmsə, nəyə toxunuramsa...”

 

Ata

 

Bir atanın övladı qarşısında missiyası nədir? Kimdən soruşsaq, deyəcək ki, uşağın təhsili, ona yaxşı şərait yaratmaq. Amma 10 yaşlı Nihada, 18 yaşlı Aqşinə baxanda bir atanın övladına verə biləcəyini Raqufun öz övladlarına artıq verdiyini düşünürsən. Şərəfli ad, dürüst yol, qəhrəman ata.

Deyirdi ki, ay bala, oxuyursan, yoxsa yalandan kitaba baxırsan? Qəbul olmayan kimi əsgər göndərəcəklər, özü də hara düşsən, deyəcəklər bu komandir oğludu, daha çox incidəcəklər səni. İstəyirdi Aqşin oxusun. Bu uşaqların təhsili mənim üstümdə idi. Aqşinin universitetə qəbul olunmasını çox istəyirdim. Amma Raqufdan sonra onun qəbul olunması xəbərinə belə sevinmədim. Sadəcə, üstümdən bir yük götürüldü. Onun oxumağına mən məsul idim.

Heç yadımdan çıxmaz, Nihadı dərs oxumaq üstündə danlamışdım. Bilirsiz... Nihad bir başqa bağlıdır ona. İndi də onu sağ qəbul edir. Bir də gördüm uşaq yoxdur. Girib çarpayının altında hərbidə olan atasına məktub yazıb. Açıb oxuyanda gülməyim tutmuşdu: “Raqufun ən sevimli oğlusundan atasına...” Ardınca da yazır ki, anam məni belə danladı, amma məndən narahat olma. Oxuyuram. Amma əsgər də olacam.

 

Borc

 

Biz elə Raqufun sağlığında insanlarla görüşürdük. El-obayla. Raquf şəhid olandan sonra bu 6 ayı adlamaq asan olmadı. Adamlarla bir dərd ortağı kimi görüşürük. Bir az yüngüllük gətirir. Bir dəfə Xaçmazın Əbilyataq kəndində bir ata-ana gördüm. Tək övladını itirmişdi. Üç ay evli imiş uşaq, gəlin çıxıb gedib. İnanın o ananın halını izah edə bilmərəm. Mən öz dərdimdən utandım onu görəndə...

Sonra istədim ki, vətən üçün canlarından keçən insanlar unudulmasın, onların xatirəsini yaşadaq. Nəsillərə ötürək, adları xatırlansın. Bu məqsədlə Şəhid Ailələrinə Dəstək İctimai Birliyini yaratdıq. Əvvəlcə bir Raqufsevərlər klubu kimi yaranmışdı. Sonra şəhid ailələrinin siyahısını tutduq. Çalışdıq ki, onlara mənəvi dəstək göstərək, hüquqi cəhətdən, gücümüz çatarsa, maddi cəhətdən dəstək olaq. Dövlətdən çox, cəmiyyətin  vəzifəsini xatırlatmaq üçündür bunlar; Əgər bu dövlətdə yaşayıramsa, bir iş qurub qazanc əldə edirəmsə, bunu mən dövləti qoruyan şəhidə borcluyam. Bu borcu hiss etmək vacibdir. Türkiyədə, İranda da belə presedent var. Şəhid ailələrinin yükünü yalnız dövlət yox, ayrı-ayrı şirkətlər, vakflar, cəmiyyətin içindən olanlar çəkir. Kənardan elə görünür ki, bizdə belə şirkət və ya belə adamlar yoxdur. Amma var. “Azman Holdinq”in icraçı direktoru İlham Raquf şəhid olandan sonra bizi axtarıb tapdı: “Mən nə edə bilərəm?” Biz bu imkanları digər şəhid ailələri üçün şaxələndirdik. “Veysəloğlu” şirkəti var, onlar da qəhrəmanları unutmur, unudulmağa qoymur. Onlar haqda filmlərin çəkilməsinə dəstək olurlar.

Bilirsiz, hər kəsin öz haqq-hesabı var. Kimsə deməsin ki, bəs nə yaxşı o etmir, mən edirəm? Ya o getmir, mən gedirəm? Raquf da getməyə bilərdi. Başqaları getmirdi ki, hərbi işini bitirib, mülki həyatını yaşayır. Amma o getdi. Bu, onun şəxsi işi idi. Şəxsi seçimi. Vətənə öz borcu. Eləcə də hər kəsin öz borcu var. Mənim də, sizin də, onların da...”

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5140
avatar

Aliyə Elsevər

Oxşar yazılar