Şəhid Sənan Axundov və xanımı
26 aprel 2022 20:15 (UTC +04:00)

Şəhid Sənan Axundov və xanımı

"O, şəhid olan anda qızım ona “Əlvida, ata” yazmışdı" - ŞƏHİD ƏMANƏTİ

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı 2016-cı il aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin zabiti, polkovnik-leytnant Axundov Sənan Tahir oğlu haqqındadır. 

Sənan Tahir oğlu Axundov 1979-cu il sentyabrın 29-da Füzuli şəhərində anadan olub. Sənan Axundov 1985-ci ildə Füzuli şəhərinin qərb hissəsində yerləşən Fioletovka qəsəbəsindəki 3 saylı səkkizillik məktəbə gedir. 1992-ci ildə, məktəbin 7-ci sinifində təhsil alarkən erməni hücumları ilə bağlı rayon ərazisində yaranmış mövcud tarixi şəraitdən asılı olaraq təhsilini Bakı şəhərinin Binəqədi rayonundakı 144 saylı tam orta ümumtəhsil məktəbində davam etdirir. 1996-cı ildə həmin orta məktəbi bitirdikdən sonra Bakı Ali Hərbi Dənizçilik Məktəbinə qəbul olunur. 2001-ci ildə Ağstafa rayonunun ərazisində yerləşən “N” saylı hərbi hissədə baş leytenant kimi qulluğa başlayan Sənan Axundov 2004-cü ildə Bakıya gələrək Müdafiə Nazirliyində informasiya şöbəsində çalışır. 2004 – 2009-cu illərdə Bakı Dövlət Universitetinin hüquq fakultəsində qiyabi təhsil alır. 2005 – 2007-ci illərdə Almaniyada Hərbi Akademiyada da oxuyur.

Sənan Tahir oğlu Axundov yaxşı xidmətinə görə dəfələrlə Azərbaycan Respublikasının Prezidenti adından Respublika Müdafiə Nazirliyi tərəfindən “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal və “Yubiley medalı” ilə təltif edilmişdir. S.Axundov 2007 – 2016-cı illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində informasiya şöbəsinin sektor müdiri vəzifəsində işləmişdir.

2016-cı il aprelin 18-də ön cəbhədəki şəraiti, təmas xəttindəki mövcud vəziyyəti özü görüb-yoxlamaq və əmin olmaq istəyi ilə bir neçə zabit əməkdaş və eləcə də mina axtaranlarla birlikdə reyd keçirir. Cəbhənin Yastıtəpə sahəsində yoxlama zamanı güclü partlayış baş verir və minanın bu partlayış dalğası nəticəsində ağır yaralanan Sənan, Füzuli rayonunun ərazisində yerləşən hərbi hospitala çatdırılır. Həkimlərin 5 saatlıq bütün cidd-cəhədlərinə baxmayaraq, Sənan gündüz saat iki radələrində hospitalda dünyasını dəyişir.

Aprelin 19-u Sənan Axundov Beyləqan şəhərində yerləşən "İbadətgahımız-Həzrəti Cərciz Peyğəmbər" məzarlığında son mənzilə yola salınır. 

Xatırlama...

Sənan Axundovun şəklini sosial şəbəkələrdə görmüşdüm. Mavi gözlü, sarışın və yaraşıqlı insanın şəhid olması növbəti təəssüfümə səbəb olmuşdu. Müharibə necə ömürləri yarıda saxladı, həyatları məhv etdi deyə düşünüb məyus olmuşdum. Şəhidin ailəsi ilə görüşmək istəyim elə bu kədərlə birgə yaranmışdı. Rayonlardakı şəhid ailələri ilə görüşmək imkanlarımız məhdud olduğundan Sənan haqqında axtarış edərkən ailəsinin rayonda yox, Bakıda, Sumqayıtda yaşamasını arzuladığımı da xatırlayıram...

Sənanın həyat yoldaşı Nəcibə xanımla telefonla əlaqə yaradandan sonra xeyli toxtamışdım. Onunla elə Şəhidlər Xiyabanından bir az aralıda olan evində görüşəcəkdik. 

İsti bir yay günü, Nəcibə xanım və hazırda Müdafiə Nazirliyinin xətti ilə Sankt-Peterburq Ali Hərbi Tibb Akademiyasında təhsil alan, kiçik çavuş oğlu Tahir və mən masa arxasında əyləşib qeyrətli, əzmkar, vətən uğrunda canından keçməyi bacaran vətən oğlu haqqında söhbətə başladıq. 

- Tahir, Sənan Axundov necə ata idi?

- Sakit, təmkinli, konflikti sevməyən adam idi. Biz nə qədər sərt səhvlər etsək də, o, bizə heç zaman əsəbləşmir, hirslənmirdi. Ancaq biz bilirdik ki, atanın sözü qanundur. Nəyisə eləmə desəydi, biz heç zaman onu etməzdik. Bunu qanun kimi deməzdi, xoşlamadığını bildirərdi, biz də qanun kimi qəbul edərdik. Onun qəribə tərbiyə üsulu vardı. Hər şeyi məsləhətlə deyərdi. Nə qədər balaca olsaq da, bizi sakitcə yanında oturdurdu, böyük kimi bizimlə danışır, izah edirdi.  

- Atanızla bağlı ən çox nəyi xatırlayırsınız?

- Atamla bağlı xatirələrimiz o qədər çoxdur ki... O, şəhid olanda mən səkkizinci sinifdə oxuyurdum. Amma hər şey bugünkü kimi yadımdadır. Onun ad gününü keçirdiyimiz gün yaxşı yadımdadır. Bir də həmişə evdən bir yerə gedəndə deyirdi ki, mən gedirəm, evin kişisi sənsən. Bu sözlərini heç vaxt unutmuram. 

Oğlunun sözlərini sakitcə dinləyən Nəcibə xanım sakitliyi, baxışları ilə sanki onun sözlərini təsdiq edir, hərdən həyat yoldaşının divara vurulan portretinə nəzər salır, fikrə gedir:

- Sənan ailəsinə, övladlarına, mənə qarşı çox diqqətli və bağlı insan idi. O, mənə müraciət edəndə, canım, uşaqlarına isə canlarım deyirdi. O, qızını çox sevirdi. Nəzrin hərdən kuklalarını düzür, oyuncaq fincanlara da çay süzürdü. Atasına deyirdi kİ, kuklalarıma açmışam, sən də mənim qonağım ol. Sənan da gedib onunla, kuklaları ilə oturub evcik-evcik oynayırdı. Bəzən bağda qonaqlarımız olurdu. Nəzrin gəlib atasına deyirdi ki, ata, mənim saçlarımı hör. Sənan da onun dediyini edirdi. Hara gedirdisə, qızına çoxlu şlyapalar, eynəklər, çantalar alıb gətirirdi. Deyirdi Nəzrin mənim prensesamdı. O, ümumiyyətlə uşaqları ilə əylənməkdən, bir yerdə olanda, zövq alırdı. O, işə, uzun müddətli təlimə həmişə səhərlər, qaranlıqda gedirdi. Uşaqlar onda yatılı olurdu. O, heç zaman uşaqlarını öpmürdü, onları həmişə qoxlayırdı. 

Nisgil...

Sənan bilirsiniz ki, əslən Füzulidəndir. Muğamı çox sevirdi. Alim Qasımova, Canəli Əkbərova, Mələkxanım Əyyubovaya qulaq asırdı. O, həmişə torpağının xiffətini çəkirdi. Mən onun yaşadıqlarını yaşamamışam deyə, hərdən fikirləşirəm ki, bəlkə də biz onu axıra qədər başa düşmürdük. Biz rayonlara gəzməyə gedəndə, oralarda çoxlu bulaqlarla rastlaşardıq. Sənan bulaq suyunu içəndə, mütləq müqayisə aparırdı, deyirdi, elə bil, Füzulinin suyudur. Torpaq, təbiət, iqlim onda mütləq Füzuli ilə, Qarabağla bağlı assosiasiya yaradırdı. O, hər yay bizi Horadiz kəndinə aparırdı. Ora ilə o, Füzulinin təskinliyini tapırdı. Horadizdə bir yüksəklik var. Sənan həmişə bizi ora çıxarırdı, yeməyimizi orda yeyirdik. Ordan Füzuli şəhəri daha yaxşı görünürdü. Uşaqlarına deyirdi ki, ora diqqətlə baxın, sizin torpağınızdır. Uşaqlar onda çox balaca idilər, bəlkə də atalarının nə demək istədiyini başa düşmürdülər. Amma izah edirdi, başa salırdı. Oğluna həmişə deyirdi ki, biz torpaqlarımızı alacağıq, sənin toyun Füzulidə olacaq.

- İnanırdı buna?

- Hə, sidq ürəklə inanırdı. O, tam iradəli formada deyirdi ki, biz torpaqlarımızı geri alacağıq, evlərimizi bərpa edəcəyik. Bu xəritədən Sənanın da bu xəritədən varıydı. göstərdi ki, onun hərbçi uzaqgörənliyi, intuitivliyi özünü doğrultdu. Hərbçilərin özlərinin xüsusi xəritəsi olur. Tez-tez bizə həmin xəritəni göstərib deyirdi ki, bax, burdan bizim evimizə gedən cığırdı, ora bizim evimizdir. Biz gec-tez ora qayıdacağıq. Doğurdan da zaman göstərdi ki, onun hərbçi uzaqgörənliyi, intuitsiyası doğruymuş.

Nəcibə xanım deyir ki, Sənan yalanı, ikiüzlülüyü sevməyən, sözünün üstündə durmağı bacaran insan idi. Bu xüsusiyyətlərinə görə də o, həm qohumları, həm iş yoldaşları tərəfindən qiymətləndirilib. Düzgünlük onun həyat prinsipi olub:

- O, həmişə deyirdi ki, Azərbaycan kişilərinin üstünlüyü ondadır ki, doğruçu olmalarıdır. Belə adamları o, çox bəyənirdi. Ümumiyyətlə vətəni, Azərbaycanı, mətbəximizi çox sevirdi. Evdə olanda, hər işdə mənə də, uşaqlara da kömək edirdi. Uşaqlar balaca olanda, mən yorulanda, Sənan mənə deyirdi ki, sən yat, bir az dincəl, mən baxaram uşaqlara. Növbələşə-növbələşə uşaqlara baxaq. Mən təbii ki, ona qıymırdım. Çünki səhər altıda işə gedirdi. Amma Sənan o təklifi mənə edirdi. Mən həm də işləyirdim. O, hər cür şərait yaradırdı ki, işimdən uzaq düşməyim. Mən şəhərdə doğulmuşam. Amma ailə qurandan bir ay sonra heç bir təsəvvürüm olmadığı halda onunla rayonlara, kəndlər gedib birgə yaşamışam. 

Yuxular...

Atası ilə nə qədər az vaxt keçirsə də, Tahir indi atasını tez-tez xatırlayır, yadına salır, çalışır ki, keçmiş günlərin xatirəsi yaddaşından silinməsin:

- Atam hərbçi olduğundan onunla birlikdə olduğumuz zamanlar bayaq dediyim kimi az olub. Tez-tez onu yuxuda da görürəm. Həmişə də görürəm ki, oturub söhbət edirik, o, gülümsəyir. Maraqlı əhvalatlar danışır. Bəzən də çətinliyim olanda, həmin gecə mütləq o, mənim, ya anamın yuxusuna girir. Yol göstərir, həllini deyir. Yuxunun özü belə sakitlik gətirir. O, sağlığında Qubernator bağına bizi aparardı. Bura getmək bizim üçün sakitlik, dincəlmək demək idi. Hərdən yuxuda da gəlir, deyir, gedək Qubernator bağına. 

- Nəcibə xanım, Sənan şəhid olacağını, ölümü ağlına gətirirdi?

- Bəli. Sənanın şəhidliyinin çox qeyri-adi tarixi var. Sənan burada, baş kəşfiyyat idarəsinə bölmə rəisi idi. Aprel döyüşlərində o, könüllü kimi gedib. Yəni onun vəzifəsi, hər şeyi vardı. Amma özü təklif edib ki, onu döyüşə yazsınlar. Üç dəfə rapor yazsa da, rəhbərlik imtina edib. Ona deyiblər ki, sən güclü kadrsan. Ancaq o, razılaşmayıb. Çünki onun vətənə, torpağa aşiqliyi bağlılığı vardı. Sənan ki, qaçqınlıq, itki yaşamışdı, mənə elə gəlir ki, onu elə döyüşə həmin hisslər apardı. Döyüşə getmək razılığını alanda, onun sevincinin həddi yox idi. Qəribədir ki, o, hər dəfə medal, orden alanda, onları açmırdı, elə qutuda saxlayırdı. Amma döyüşə gedəndə, onların hamısını açıb, yastıqlarına bənd elədi, sonra da servantın içərisinə düzdü. 

Ürəyədanma...

Sənan aprel ayının 18-də gətirildiyi hospitalda saat 16:00-da dünyasını dəyişir. Nəcibə xanım və oğlu Tahir bundan xəbərsiz 
olurlar. Ancaq qəribədir ki, Sənanın qızı Nəzrin məhz atası dünyasını dəyişən saatda 16:00-da atasına belə bir mesaj yazır: Əlvida, ata. Nəcibə xanım deyir ki, qızının bu mesajı yazması onun üçün hələ də sirdir:

- Biz bunu sonralar, o mesajı görəndə bildik. Ancaq izahını tapa bilmədik. Nəzrin özü də bunu nə üçün etdiyini dəqiq deyə bilmir. Yəqin ki, hissetmədir. 

- Onunla sonuncu görüşünüz necə yadınızda qalıb?

- Sənan təlimə gedəndə, çantasını özü yığırdı. Sonuncu dəfə də elə oldu. Sonra birdən mənə dedi ki, gəl, oturaq, mənim sənə sözüm var. Mən bilirəm sən narahatsan, üzə vurmursan. Amma mən evimi, sizi qoyub getsəm də, narahat deyiləm. Bilirəm ki, sən varsan. Sən güclü qadınsan. Belə deyəndə, mən başladım ağlamağa. Bax, inanırsınız, bu günə qədər onun bu sözləri başımda fırlanır. İndi hərdən yoruluram. Baxmayın həm ata, həm ana olmaq çətindir. Üstəlik də şəhid ailəsi, xanımı olmaq məsuliyyəti çoxdur. Yəni çətindir. Amma Sənanın mənə dediyi son sözlər mənə təsəlli verir ki, Sənan mənə arxayın idi. Mənə güvənirdi. 

Sənanın şəhid olmasında qəhrəmanlıq elementləri çoxdur. Ona görə ki, o, minalanmış əraziyə tapşırıq əsasında girib və geri qayıdıb. Ancaq yanındakı hərbçi çıxmayıb, minaya düşüb. Sənan minalanmış ərazidən çıxsa, belə oğlana görə həyatını təhlükəyə ataraq ora ikinci dəfə qayıdıb, onu xilas edir. Amma özü minaya düşərək yaralanır və həmin yaradan da şəhid olur. Bu artıq qəhrəmanlıqdır. Hərbçi yoldaşının silahdaşının ardınca qayıtmaq igidlikdir. Mən əvvəl onu qınayırdım ki, axı sən o ərazidən sağ çıxmışdın sən nə məcbur edirdi, geri qayıtmağa? Evdə səni iki uşağın, mən gözləyirdim.  Amma sonra özümü Sənanın yerinə qoydum. İnsani xüsusiyyətləri olan, əsl kişi və peşəkar hərbçi başqa cür edə bilməzdi. O, həmin an qərar verib ki, o, adamı həmin ərazidə qoymaq olmaz. O, ölə bilər, düşmən onun dirisini və ya ölüsünü götürə bilər. Sənan o, adama ilk tibbi yardım da göstərib, onun yarasını kəmərlə bağlayıb və onunla birgə sürünüb. Ancaq bizimkilərin səsini eşidəndə, yaralını təhlükəyə atmamaq üçün onu geridə qoyub aralananda özü ikili minaya düşüb. Sapyor onun ardınca minalanmış ərazini təmizləyib gələnə qədər Sənan çox qan itirib. Həmin məqamda saniyələrin belə böyük rolu olub. Sənan qanaxmadan şoka düşüb. 

İnsan...

- Sənanın xilas etdiyi adam sizinlə əlaqə saxladı?

Sənanın sərlöhvəsinin açılışına gəldi bir dəfə. Sonra dedi, mən gələ bilmirəm, vicdan əzabı çəkirəm. Sənan onu xilas edib ilk tibbi yardım göstərəndən sonra o, huşunu itirib. Hospitalda özünə gələndə, deyib Sənan hanı? Onu aldadıblar. Deyiblər Sənan da yaralıdı. Bir həftə onu aldadıblar. Ondan sonra həkim açıb hər şeyi deyib. Həmin hərbçi həmişə deyir ki, mən həyatımı Sənana borcluyam. O, iki uşaq atasıdır. Bu a bir təsəllidir ki, bu gün Sənan yoxdursa, iki övladı atasız qalıbsa, amma digər xilas etdiyi adamın iki uşağı atasız böyümür. 

Sənan xəstəxanada dünyasını dəyişir. Ailəsi isə bundan xəbərsiz olur. Qohumlar Sənanın vəfatından xəbərdar olurlar. Ancaq ailəyə bu barədə doğru məlumatı verməyə heç kim ürək etmir. Nəcibə xanıma Sənanın ayağından yaralandığını və Bakıya gətirildiyi deyilir. Xədicə xanım övladları ilə Füzulinin Əhmədbəyli kəndinə çatanda isə həqiqəti anlayır:

- Hamıdan gec xəbəri biz bildik. Axşam 8, 9 olardı ki, dedilər yaralıdır. Biz xəstəxananın həyətinə çatanda, Sənan artıq bayrağa bükülmüşdü. Müdafiə naziri, digər rəsmi şəxslər artıq orda idi. Onda mən başa düşdüm ki, Sənan şəhid olub. Mənim ağlıma ölüm gəlməmişdi. Amma niyəsə mən gedəndə, Sənanın medallarını da özümlə götürmüşəm. Hərdən fikirləşirəm ki, tez desəydilər, görüşərdik heç olmasa... Amma sonra da düşünürəm ki, bizim onunla görüşmək imkanımız da olmayacaqdı. Ataları dəfn olunanda, mən onun uşaqlarını da çağırdım ki, bunu görsünlər. Çünki yaylım atəşi ilə bayraqla dəfn olunmaq hər adama qismət olmur. Sənan həmişə deyirdi ki, bayrağa bükülüb dəfn olunmaq hər hərbçiyə nəsib olmur. Bu hər bir vicdanlı hərbçinin şərəfli sonluğudur. O, həmişə deyirdi ki. Mən general olacam. Generallıq hərb həyatının zirvəsidir. Amma indi düşünürəm ki, generallar da şəhid olur. Deməli Sənan ən zirvəyə, şəhidlik mərtəbəsinə ucaldı.

Sənan atasının istəyi ilə Beyləqanda ailə məzarlığında babasının yanında dəfn olunur. Nəcibə xanım deyir ki, qəbir üstünə tez-tez üstünə gedə bilməsələr də, Sənan üçün darıxanda, onu ziyarət etmək istəyəndə, Bakıdakı Şəhidlər Xiyabanına gedirlər:

- Bəzən olur ki, özümə yer tapmayanda, darıxanda, evin yaxınlığına, Şəhidlər Xiyabanına gedirəm. Sıraları bir neçə dəfə gəzirəm. 

Azalmayan həsrət...

- Onda sakitləşirsiniz?

- Hə (kövrəlir). Mən o şəhidləri tanımıram. Hamısı Birinci Qarabağ müharibəsinin şəhidləridir. Amma onlar çoxdurlar. Hamısı eyni amal uğrunda şəhid olublar. Hamısının qarşısında baş əyirəm. 

Söhbətimizin sonunda öyrənirəm ki, Tahir bəy də atası kimi hərb sahəsində mütəxəssis olacaq:

- Atam mənə demişdi ki, hansı peşəni seçirsənsə, seç, amma peşəkar ol. Bir dəfə mən ona dedim ki, mən də səninlə gedim, kəşfiyyatçı olum. Mənə demişdi ki, mən o işi bacarmasam, sən gələrsən. Məni əvəz edərsən. Sonra ona həkim olmaq istədiyimi dedim, dedi, necə istəyirsən. Atam şəhid olandan sonra qərar verdim ki, ancaq hərbçi olacam. Ancaq sonradan düşündüm ki, hərbi həkim olum. Həm öz arzumu reallaşdırım, həm də atamın yolunu davam etdirim. İndi hazırda hərbi həkimlik ixtisası üzrə təhsil alıram. Bu mənə böyük təskinlik verir. Kursantlarla, hərbçilərlə görüşəndə elə bilirəm ki, atamın bir parçası ilə görüşürəm. Onların də mənə münasibəti çox yaxşıdır. Qürur hiss edirəm. Mən istəmirəm ki, şəhid övladı olduğum üçün ayrı seçicilik olsun. İstəyirəm hamımız bir yerdə olaq, bir tikə çörəyi yeməkxanada bir yerdə oturub yeyək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10215
avatar

Samirə Əşrəf

Oxşar yazılar