"Yeganə xilas yolu vaksinasiyadır" -  Ekspertlər danışır
11 avqust 2021 18:30 (UTC +04:00)

"Yeganə xilas yolu vaksinasiyadır" - Ekspertlər danışır

Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Azərbaycan dünyanın ən qabaqcıl ölkələrinin gördüyü bütün tədbirləri vaxtında və lazımınca yerinə yetirdi. Keçən il Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yayılmasını 2020-ci il martın 11-də pandemiya elan edib. Həmin vaxt planetdə 114 ölkədə ümumilikdə 118 min yoluxma halı qeydə alınmışdı, gündə isə təxminən 5 min yeni hal aşkar edilirdi. Elə həmin ərəfədə Prezident İlham Əliyev məsələni dərhal öz nəzarətinə götürdü, lazımi tibbi, texniki, sosial-iqtisadi tədbirlərin həyata keçirilməsi üçün Sərəncam imzaladı. Bu tapşırıq nəticəsində ölkədə qısa müddət ərzində (COVID-19) infeksiyası ilə mübarizədə çox ciddi və mükəmməl səhiyyə infrastrukturu yaradıldı. Eyni zamanda, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə də sıx əlaqədə işləyərək bu mübarizəyə dəstək üçün həmin təşkilata 10 milyon dollar məbləğində ianə etdi, həmçinin 30-dan çox ölkəyə birbaşa humanitar yardım göndərdi. 

Nəhayət, yanvarın 19-dan etibarən Azərbaycanda vaksinasiya prosesi həyata keçirilməyə başlanıldı. Və bu proses qısa zamanda öz effektini verdi. Görülən tədbirlər, aparılan əks-epidemik addımlar, o cümlədən karantin tədbirləri zaman-zaman öz müsbət nəticəsini versə də, son zamanlar yenə də koronavirusun yeni dalğasının, xüsusilə “delta” ştamının qonşu ölkələrdə yayılmasından sonra Azərbaycanda da son vaxtlar müşahidə edilməsi daha ciddi tədbirlərin görülməsini tələb edir.

İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim mütəxəssisi Könül İsmayılova deyir ki, yeni ştammın yoluxuculuğu yüksəkdir. Bu baxımdan insanlar arasında asanlıqla yayılır. Laqeydlik olarsa, təbii ki qapanma qaçılmazdır:  “Dünyada, xüsusilə region ölkələrində, Rusiya, İran, Gürcüstanda COVİD-19-a yoluxma hallarında kəskin sıçrayış müşahidə olunur. Bütün bunlara nəzər saldıqda görərik ki, hazırkı vəziyyət COVID-19 təhlükəsi mövzusunun fəal şəkildə, əvvəlki dövrdə olduğu kimi gündəmdə saxlanmasını və intensiv materiallar verilməsini zəruri edir. Xüsusilə qonşu ölkələrdə yoluxmanın artması və tətil mövsümündə bu artımın ölkəmizə də mənfi təsir göstərməsi ehtimalı yüksəlib. Rəqəmlərə diqqət etdikdə virusun yeni ştammlarının region ölkələrində yayılması Azərbaycan əhalisi üçün də siqnal olduğunu görərik. Belə ki, qonşu Türkiyədə gündəlik yoluxma son 3 ayda maksimum həddə çatıb. Qonşu Rusiyada yalnız paytaxt Moskvada son sutkada yoluxanların sayında 20 faizlik artım qeydə alınıb". 

Ekspertin fikrincə, buna görə də, qorunma tədbirlərinə davam etməliyik: “İnsanların kütləvi toplaşdığı məkanlarda vacib olmadıqca az iştirak etmək, qapalı mühitlərdə havalandırma, maskalardan istifadə, əl gigiyenasına riayət olunması, dezinfeksiya edici məhlullardan istifadə və vaksinasiya qüvvədə qalır". 

“Müşahidələr göstərir ki, delta ştammı klassik ştammdan iki dəfə çox yoluxucu olmaqla yanaşı daha qısa müddətli gizli dövrdən sonra özünü biruzə verir”.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov ölkədə COVID-19 -un epidemioloji vəziyyəti ilə bağlı verdiyi müsahibədə bildirib.  

Onun sözlərinə görə, xüsusən də xəstəliyin ilkin başlanğıc əlamətlərində fərqlər hiss edilir: “Yəni, bu variantla xəstələnmə zamanı hərarətin daha çox yüksəlməsi ilə yanaşı burun axması, boğazda ağrı, baş ağrısı, ürəkbulanma, qusma, ishal kimi digər əlamətlərə rast gəlinir. Bu, insanları bir qədər çaşdırır. Onlarda adi soyuqlama və ya yüngül keçən digər respirator virusların olması təəssüratını yaradır. Nəticədə, buna əhəmiyyət verilmir, həkimə daha gec müraciət olunur. Qeyd olunur ki, xəstələrin müəyyən qismində virus yükü daha yüksək olur, vəziyyətin qəfil pisləşməsi daha tez-birinci həftədə baş verir. Ancaq sonrakı gedişat, xüsusən də fəsad və ağırlaşmalar eynilik təşkil edir. Ümumilikdə, bu variantın daha ağır keçməsi haqda mülahizələr olsa da bunlar hələlik tam sübutlu sayılmır. Ancaq qeyd olunan fərqlər əsasında pasiyentdə məhz delta ştammının olmasını təsdiqləmək olmaz. Bunun üçün xüsusi laborator müayinələr mövcuddur”. 

Təyyar Eyvazov onu da bildirib ki, peyvəndlər yeni mutant ştammlara təsir göstərəcək: “Bu barədə müxtəlif araşdırmalar aparılır. Ümumdünya Səhiyyə Təşkilatı istifadəsinə icazə verilmiş bütün vaksinlərin mövcud ştammlara qarşı təsirli olduğunu bəyan edib. Aparılan araşdırmalar da onu deməyə əsas verir ki, bu vaksinlərin effektivlik göstəricisi yeni ştammlara münasibətdə bir qədər az olsa da, hələ ki yetərli səviyyədədir. Onu da qeyd etmək lazımdır ki, yalnız kütləvi vaksinasiya yolu ilə virusun artıb-çoxalmasını əngəlləməklə, eyni zamanda, yeni mutasiyaların əmələ gəlməsinin qarşısıını almaq mümkündür”. 

Həkim-mütəxəssisi Nigar Əliyevanın sözlərinə görə isə, vaksinasiya ilə bağlı yüksək rəqəmlərə nail olunsa, yumşalma tədbirləri ləğv olunmaz: “Yəni əhalinin 50 faizi peyvənd olunsa, sərt karantin rejiminin tətbiqinə ehtiyac qalmaz. Pandemiyadan qurtulmağın yeganə yolu vaksinasiyadır. Peyvəndləmə üçün heç bir xəstəlik qəti əks-göstəriş deyil. İndiki vaksinlərin heç birinin orqanizm üçün ciddi fəsadı yoxdur. Bütün vaksinlərin yan təsiri ola bilər və bu da təbiidir. Yan təsirlərdən qorxub peyvənd vurdurmamaq doğru deyil”.

Onun sözlərinə görə, vaksinasiya yeni mutasiyaların əmələ gəlməsinin qarşısını alır: “Buradan vətəndaşlara səslənirəm ki, qoruyucu tədbirlərə ciddi riayət edilməsə, yoluxma saylarının kəskin artması davam edəcək. Çünki “Delta” ştammı sürətlə yayılır. Hər iki dozanı vurduran şəxslər belə qapalı məkanlarda mütləq şəkildə maska taxmalıdırlar”.

Həkim-mütəxəssis bildirib ki, xüsusi risk qrupuna aid olan və vaksinasiya olunan xəstələr COVID-19-u yüngül keçirir: “İndiki vaksinlərin yeni ştammlara qarşı da qoruyuculuq qabiliyyəti var. Amma vaksin vurduranların sayı az olsa, növbəti yeni mutasiyalar üçün vəziyyət elə də ürəkaçan olmaz”.

O həmçinin əlavə edib ki, üçüncü doza vaksinin vurdurulması ilə orqanizmin immun yaddaşı daha da güclü olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4779
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar