Pişiklərin eşitmə qabiliyyəti yaxşıdır, amma onların musiqi zövqü olub-olmaması asan sual deyil. Alimlər pişik sahiblərinə sevimli “heavy-metal” qruplarının albomlarını heyvanlara dinlətməməyi tövsiyə edirlər. Çünki hər nə qədər pişiklər insanlarla yanaşı yaşasalar da, bizim həyat tərzimizdəki hər şey onlara xoş deyil. Məsələn, onların su ilə yuyunmağa nifrəti çox yaxşı məlumdur. Amma insan mədəniyyətində elə bir şey var ki, pişiklərin xoşuna gəlir bu da musiqidir.
Lent.az pişiklərlə bağlı məlumatı təqdim edir:
Pişiklər musiqidən həqiqətən həzz ala bilirlər amma bizim dinlədiyimiz musiqidən yox. Onların öz musiqi üstünlükləri var və bunlar təbiət səsləri, həmçinin pişiklərin dünyanı qavrama xüsusiyyətləri ilə bağlıdır.
Journal of Applied Animal Behaviour Science jurnalında dərc olunan elmi araşdırmanın müəllifləri bir vaxtlar pişiklərin “işdən qayıdarkən” hansı musiqini dinləmək istədiklərini anlamağa çalışıblar. ABŞ-ın Viskonsin Universitetindən psixoloqlar Megan Sevidj və Çarlz Snoudoun belə fərz ediblər ki, pişiklərin xoşuna onların eşitmə diapazonuna uyğunlaşdırılmış və gündəlik həyatda rast gəldikləri səslərə bənzəyən musiqi gedə bilər. Məsələn, insanlar üçün musiqi çox vaxt ürək döyüntüsü və ya addım tempi ilə assosiasiya olunursa, pişiklər üçün bu, mırıldanma, balaların ciyiltisi və ya təbiətdə eşitdikləri səslərdir. Hipotezi yoxlamaq üçün tədqiqatçılar musiqiçi David Teyə müraciət ediblər. O, pişiklərin eşitmə xüsusiyyətlərinə uyğun xüsusi musiqi kompozisiyaları yaradıb.
Sonra 47 ev pişiyi iki cür musiqi dinləyib adi insan mahnıları və Teyin yaratdığı “pişik melodiyaları”. Nəticə birmənalı olub: pişiklər “pişik musiqisinə” daha çox maraq göstəriblər. Onlar səs mənbəyinə yaxınlaşıb sürtünüblər, rahat görünüblər. İnsanların dinlədiyi adi mahnılara isə demək olar ki, reaksiya verməyiblər. Maraqlıdır ki, həm cavan, həm də yaşlı pişiklər bu musiqilərə orta yaşlı pişiklərdən daha fəal reaksiya veriblər. Mütəxəssislər qeyd edirlər ki, bütün səslər pişiklər üçün eyni dərəcədə xoş deyil. Məsələn, gurultulu və aqressiv ritmlər “heavy rock” kimi pişiyi qorxuda və ya stressə sala bilər. Əksinə, sakit melodiyalar və yumşaq səslər heyvanı arxayınlaşdırır, ona təhlükəsizlik hissi verir. Çünki pişiklərin eşitmə qabiliyyəti çox həssasdır onlar insanların belə eşitmədiyi vibrasiya və yüksək tezlikləri qavraya bilirlər. Buna görə də bizə “sadəcə xoş” gələn musiqi pişik üçün bəzən çox sərt və ya qıcıqlandırıcı ola bilər.