Tənəffüs pozğunluğu səbəbindən yaranan xoruldamaq insanların bir qismini narahat edən problemdir.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, pu proses ən böyük narahatlığı yaxınlıqdakı insanlara gətirir.
Məhz bu səbəbdən xoruldayan insanların qohumları xəstəliyin müalicəsini tapmağa çalışırlar.
Xarici KİV xəbər verir ki, xoruldamanın və yuxu apnesinin (tənəffüsün dayanmasının) qarşısını almaq üçün hazırlanmış bir cihaz ABŞ-da təsdiqlənib.
"EXciteOSA" adlanan yeni məhsulun üstünlüyü ondan ibarətdir ki, gecə istifadəsinə ehtiyac yoxdur.
Cihaz üçün təlimatlara əsasən, cihazın istifadəsi gündüz saatlarında planlaşdırılmalıdır.
Yenilik aşağıdakı hərəkət prinsipinə malikdir: dil əzələlərinin işini yaxşılaşdırır. Bunun üçün elektrik stimullaşdırılmasından istifadə olunur.
Nəticədə ağızdakı əzələlər yuxu zamanı zəifləməyi dayandırır. Bu səbəbdən tənəffüs yollarının tıxanması dayandırılır, insan tam nəfəs ala bilir və xoruldama səsi yox olur.
EXciteOSA cihazının digər üstünlüyü prosedurun qısa müddətidir - gündə 20 dəqiqədən çox olmamalıdır.
Kursun müddəti 6 həftədir. İxtira müəllifləri "müalicə" bitdikdən sonra adamın xoruldamağı dayandırdığını iddia edirlər.