XVI əsrin əvvəllərində Strasburq şəhərinin sakinləri çox qəribə və izahı mümkün olmayan bir xəstəliyə tutulmuşlar. (Strasburq hazırda Fransa şəhəri sayılsa da həmin hadisə dövründə şəhər Müqəddəs Roma imperiyasına daxil idi.) Sonralar bu xəstəlik "Rəqs edən taun" adı ilə tarixə düşüb. Bu rəqs epidemiyası 1518-ci ilin iyul ayında madam Frau Troffea adlı qadının Strasburq küçələrinə çıxaraq heç bir səbəb olmadan musiqisiz rəqs etməyi ilə başlayıb. Bayram günü deyildi, musiqi səslənmirdi və onun rəqsə başlamaq istəyinə səbəb olacaq sevincli bir hadisə yox idi.
Küçədə səbəbsiz rəqs edən qadının bədəni sadəcə olaraq, qıcolmaya bənzər müxtəlif impulsiv hərəkətlər edir. Hərəkətlərinə nəzarət etmək, özünü dayandırmaq gücündə olmayan xanıma elə həmin gün otuza yaxın adam qoşulur. Təxminən 3 gün dayanmadan rəqs edən xanım Troffea tamamilə taqətdən düşür və küçədə yıxılır.
Dayanmayan küçə rəqsinə bir ay müddətində 400-ə yaxın adam qoşulur. Tarixi faktlarda deyilir ki, günlərlə rəqs edən adamlar heç nə yemirdilər. Onların bir çoxu yalnız enerjiləri tamamilə tükəndikdə, insult keçirdikdə, yaxud infarkt olduqda dayanırdılar.
Beləliklə, “Rəqs edən taun” bütün şəhəri bürüyür. Şəhər rəhbərliyi bu dəhşətli hadisənin səbəbini çözməyə, qarşısını almağa çalışır. Bu arada şəhərin allah lənətinə gəlməsi, yaxud şeytanın sakinləri ələ alması kimi insanları qorxudan şaiyələr gəzir. Dövrün həkimləri və ziyalıları bu rəqs xəstəliyini insanların qanının zəhərlənməsi ilə izah edir və çıxış yolunu onların damarını çərtərək "isti qan"ı çölə axıtmaqda görürlər.
Lakin şəhər rəhbərliyi və zadəganlar xəstəliyi başqa yolla qarşılamağı qərara alırlar. Onlar rəqs yerlərinin sayını artırmaq, qadağan olunmuş musiqi alətlərini hər yanda səsləndirmək və daha çox insanı rəqslərə cəlb etməklə bütün şəhər sakinlərini yorub birdəfəlik sakitləşdirməyə çalışırlar. Lakin vəziyyət daha da pisləşir, insanlar dayanmadan gecə-gündüz rəqs edir, bəziləri bu intensivliyə tab gətirmir, yıxılıb ölürlər.
Bu əcaib rəqslər xanım Troffinin ölümündən bir ay sonra, heç nə olmamış kimi, öz-özünə dayanır. Sonradan məlum olur ki, rəqs vəbası dörd yüzə yaxın insanın həyatına son qoyub.
Tarixən bu heyrətamiz xəstəliyin səbəblərini uzun müddət çözməyə çalışmışlar. Hurafatçılar bunu şəhər sakinlərinin lənətlənməsi ilə izah etmişlər. Bəzi versiyalarda isə insanların uzun sürən aclığa və təbii fəlakətlərə görə kütləvi psixoz yaşadığı qeyd olunur. Lakin araşdırmaçılar üçüncü versiyanı daha real hesab edirlər. Belə ki, kiflənmiş çovdar unundan hazırlanmış çörəklə birlikdə bədənə daxil olan ergot (göbələk) ilə zəhərlənmə nəticəsində yaranan hallüsinasiya və qıcolmalar insanları bu cür qeyri-adi hərəkətlərə gətirib çıxarıbmış.
Beləcə, "Rəqs edən taun" mövzusu uzun müddət Avropada rəssamları özünə cəlb etmişdi. Hazırda bu mövzuya həsr olunmuş onlarla rəsm əsəri mövcuddur.